“Ermənistan dövlətçiliyini itirə bilər” - Sergey Markov (Eksklüziv)

   “Ermənistan dövlətçiliyini itirə bilər” -    Sergey Markov (Eksklüziv)
  11 May 2023    Oxunub:2202
“Ermənistan Rusiyadan uzaqlaşaraq, ilk növbədə özünün əsas müttəfiqi hesab etdiyi Fransaya, eləcə də Fransanın böyük rol oynadığı Avropa Birliyinə doğru irəlilədiyini dəfələrlə müxtəlif məsələlərdə təsdiqləyib. Ermənistanın davamlı anti-Rusiya trendi Rusiyada son dərəcə mənfi qarşılanır”.
Bunu AzVision.az -a rusiyalı ekspert Sergey Markov deyib. Onun sözlərinə görə, Rusiya buna cavab olaraq Ermənistandan uzaqlaşaraq, Azərbaycana doğru irəliləyir: “Rusiya faktik olaraq Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırmasına dəstək verdi. Moskva sözdə belə bəyanatlar səsləndirməsə də, bu qərara qarşı heç bir şəkildə çıxmamaqla Bakının hərəkətlərini dəstəklədi. Bu, Ermənistan rəhbərliyinin Rusiyaya davamlı xəyanətinin nəticəsidir”.

Markovun sözlərinə görə, Nikol Paşinyan öz karyerasını əsasən qərbyönlü, amerikapərəst və anti-Rusiya siyasətçisi kimi qurub. “O, hakimiyyətə gələndə Ermənistanı dərhal Rusiyadan Qərbə doğru uzaqlaşdırmaq yolunu tutmadı. Əvvəlcə Moskvanı Azərbaycana qarşı qoymağa, İrəvanın tərəfini tutmağa məcbur etməyə çalışdı. Bunu edə bilmədikdə əvvəlcə oyun oynamağa başladı, sonra isə daha aydın şəkildə Qərbə doğru sürüşdü”, - ekspert bildirib.

O hesab edir ki, Ermənistanın belə mövqeyi onun üçün böyük xətadır. Çünki anti-Rusiya mövqeyi tutmaq cəhdi Ermənistan dövlətçiliyi üçün fəlakətə gətirib çıxara bilər.

“Ermənistan Cənubi Qafqazda Rusiyanın sayəsində dirçəlib. Əgər Ermənistan Rusiyaya qarşı düşmən mövqe tutsa, o zaman dövlətçiliyini itirə bilər. Bunun hansı formalarda baş verəcəyini bilmirik, amma yaxşı bilirik ki, hansısa ölkə və ya təşkilat yaxşılıq gördüklərinə xəyanət edəndə – Rusiya isə Ermənistana çox yaxşılıqlar edib – bu xəyanət gec-tez xəyanətkarların iflasına gətirib çıxarır”, - o vurğulayıb.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti