Ana və iki azyaşlı övladını öldürən ömürlük məhbusun şikayəti rədd edildi

Ana və iki azyaşlı övladını öldürən ömürlük məhbusun şikayəti rədd edildi
  16 May 2023    Oxunub:1297
Ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevlə bağlı hökmdən verilmiş şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.

Qərara əsasən, Əhəd Əliyevin şikayəti əsassız sayılaraq rədd olunub, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, hadisə ötən ilin fevral ayında paytaxtın Nizami rayonunda qeydə alınıb.

Fevralın 20-də 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kirayə yaşadıqları evdə kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu - 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.2.4(Quldurluq, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 181.3.3 (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub. Hadisə baş verən vaxt ev sahibi Fəsahət Qaraxanov Rusiyada olub.

Əhəd Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti