Borca görə evi satılan vətəndaşla bağlı Prokurorluqdan açıqlama

   Borca görə evi satılan vətəndaşla bağlı Prokurorluqdan açıqlama
  18 May 2023    Oxunub:1762
Baş Prokurorluq vətəndaş Ramil Hüseynovun şikayəti ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, açıqlamada deyilir: “Mayın 17-də Baş Prokurorluğun inzibati binasının qarşısında narazılığını ifadə edən vətəndaş Ramil Hüseynov dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub.

Həmin şikayətlə bağlı bildiririk ki, yaşadığı və dəyəri 170 min manat olan mənzilinin girov qoyulması müqabilində Ramil Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına “Aqrarkredit” QSC tərəfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilib.

Borclu tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı QSC-nin mülki iddiası üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında 14 iyun 2018-ci il tarixdə mənzil hərrac yolu ilə (ilkin satış qiyməti 186 min manat müəyyən edilməklə) satılaraq borc ödənilib, artıq qalan məbləğ isə vətəndaşa qaytarılıb. Mənzilin satışı ilə bağlı ilk iki hərracda alıcı olmadığından növbəti hərracda qanunvericiliyin tələbinə əsasən mənzil 118 min manata dəyərləndirilməklə satılıb, lakin Ramil Hüseynov mənzili tərk etməyərək vəsaitin ona verilməsini tələb edib.

Qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, Ali Məhkəmənin 8 may 2019-cu il tarixli qərarı ilə təmin edilməyib. Bundan sonra, mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə Ramil Hüseynovun irəli sürdüyü xüsusatlar üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı toplanmış material üzrə şikayətçinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlarda cinayət hadisəsi müəyyən edilmədiyindən 10 mart 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub, həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində öyrənilərək 19 aprel 2023-cü il tarixli qərarla qanuni hesab edilib, Bakı Apellyasiya Məhkəməsinin 1 may 2023-cü il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb”.

AzVision.az



Teqlər:





Xəbər lenti