Aşotun "oğurlanması": 1 milyardlıq kokain necə ört-basdır edildi?

      Aşotun "oğurlanması":    1 milyardlıq kokain necə ört-basdır edildi?
  20 May 2023    Oxunub:1713
Son günlər Ermənistan mətbuatının əsas gündəmi sülh prosesləri ilə yanaşı, baş nazirin oğlu Aşot Paşinyanın oğurlanması və 1 milyard dollara yaxın narkotikin ələ keçirilməsi mövzularıdır.
"Jam" saytında isə son iki olayın bir- biri ilə əlaqəli olmasını əks etdirən maraqlı təhlil yazısı dərc edilib. Tereza Mxitaryan imzası ilə yazılmış məqalədə maraq doğuran və diqqət çəkən bir sıra məqamlar yer alıb.

Müəllif iddia edir ki, guya 800 milyon dollar dəyərində narkotikin hansısa Amerika ölkəsindən İtaliya vasitəsilə İrəvana çatdırmaq istəyənlər Ermənistanın qonşu düşmən xalqları olublar. Həmçinin, italyanların narkotik qaçaqmalçılarını yarıyolda yaxalaması isə Allahın erməni xalqına lütfü sayılmalıdır.

"Aşot olayı (Onun oğurlanması iddiası və hazırda məlum mövzuda davam edən məhkəmə prosesləri - red.) isə cəmiyyətin diqqətini bu mühüm mövzudan yayındırmalı idi" , - təhlildə qeyd edilib.

Paşinyanı oğurlamağa çalışan qadın barəsində həbs qərarı çıxarıldı
Həmçinin müəllif xalqa sual ünvanlayıb ki, "Kimlərin tədarükçü olduğunu bilirsinizmi?".

"İtalyan qəzetlərini oxuyuram və hamısı yazır ki, Ekvadordan Ermənistana göndərilən 3 ton narkotikin Avropa ölkəsində ələ keçirilməsi ciddi hadisədir. Yükün dəyəri təxminən 800 milyon dollar olub. Ermənistanda insanları kütləvi şəkildə öldürən belə malların sifarişçilərinin kimlərin olmasını anlamaq üçün ölkəmizin milyarderlərinin siyahısına nəzər salmağa dəyər", - yazıda yerli milyarderlərə də söz atılıb.

O da vurğulanır ki, bir milyard dollara yaxın narkotik məhsulların nisyə və ya havayı yola salınmaması aydın məsələdir. Yəni kimsə artıq həmin pulu ödəyibmiş. O zaman belə bir sual yaranır: "Ermənistanda kimin milyardı və ya daha çox pulu var?".

Tereza sərsəmləyərək iddi edib ki, guya hazırda onlar üçün bir nömrəli düşmən olan türklər cəmiyyəti tədricən məhv edən belə asılılıq yaradan məhsulları kütləvi şəkildə İrəvana yönəltməyə çalışıblar: "Bu, dünyada qəbul edilmiş metoddur. Ölkələrə qarşı nəinki tanklarla vuruşurlar, insanları həm də narkotiklərlə öldürür, onları ruhdan salır, əsarət altına alırlar. Bu işdə təbii ki, düşmənlərimizin sadiq agentlərinin rolu böyükdür. Yəni Qrzoların, Nikolların, Alen Simonyanların köməyi olmasaydı, bu ölümcül “əməliyyat” həyata keçirilə bilməzdi".

O da vurğulanır ki, guya narkotikin aşkarlanması məhz Allahın erməni xalqına ən böyük mərhəməti sayılmalıdır. Çünki Coya-Tauro Avropanın ən böyük limanlarından biridir və italyanlar deyir ki, bütün yük konteynerlərini yoxlamaq çox çətindir: “Dəfələrlə olub ki, insanlar uzunmüddətli yoxlamalardan sonra məhsulun korlanmasından şikayət ediblər. Həmin gün də İtaliya limanında minlərlə konteyner olub. Onlardan ikisi dərindən yoxlanılıb və Ermənistan üçün göndərilən 87 ton bananda 3 ton narkotik aşkar edilib. Nə qədər gənc, nə qədər uşaq, nə qədər insan xilas oldu".

Xatırladaq ki, bir neçə gün öncə İtaliyanın Maliyyə Qvardiyasının dəniz bölmələri Ekvadordan Ermənistana göndərilən 2734 kiloqramlıq kokainin rekord partiyasını aşkar ediblər. Qadağan olunmuş yük Kalabriyanın cənub bölgəsindəki Coya-Tauro şəhərinin limanında saxlanılıb. Narkotiklər 78 ton banan arasında 12 metrlik bağlamalarda dondurulmuş vəziyyətdə olub. Bu iki konteynerin Gürcüstanın Batumi limanı vasitəsilə Quayakildən (Ekvador) Ermənistana çatdırılması nəzərdə tutulmuşdu.

İtaliya rəsmilərinin yaydığı məlumatda qeyd edilir ki, kokain Joel adlı köpəyin köməyi ilə birlikdə mürəkkəb skanerlər vasitəsilə aşkar edilib. Son dərəcə təmiz və ideal vəziyyətdə olan ələ keçirilmiş narkotik maddə narkotik satıcılarına 800 milyon avrodan çox gəlir gətirəcəkdi.

Xatırladaq ki, aprelin ortalarında İtaliya Maliyyə Qvardiyası Siciliyanın şərqində dənizdə ümumi çəkisi təxminən iki ton ağırlığında böyük bir kokain partiyası da aşkar etmişdi. Narkotik bazarında tapılan kokainin ümumi dəyəri ən azı 400 milyon avro olacaqdı. Tapılan son yük isə ölkə miqyasında rekord göstəricilərdən biri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Narkotik   İtaliya  





Xəbər lenti