Döyüşən ölkədə həyat: Ukrayna necə yaşayır – Müsahibə

      Döyüşən ölkədə həyat:    Ukrayna necə yaşayır –    Müsahibə
  29 May 2023    Oxunub:3199
“Müharibə başlayandan bəri Ukrayna iqtisadiyyatı çox sayda problemlərlə üzləşib. Vətəndaşların ölümü və sənaye obyektlərinin dağıdılması ilə yanaşı, şimal və şərq istiqamətlərindən istifadə edə bilmədiyi üçün ölkənin xarici ticarət fəaliyyəti xeyli dərəcədə məhdudlaşdı. Bundan əlavə, Ukrayna limanları blokadaya alındı ki, bu da ölkəni əsas ticarət marşrutundan məhrum etdi”.
Bu sözləri AzVision.az -a müsahibəsində Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us deyib. O bildirib ki, payız-qış dövründə elektrik sənayesinə kütləvi raket hücumları da iqtisadiyyata ciddi təsir edib. Müharibənin ilk ayları Ukraynadan çox sayda insan (bəzi hesablamalara görə, təxminən 15 milyon nəfər) köçməyə məcbur oldu. Əmək ehtiyatlarının qəfil itkisi iqtisadiyyata böyük təzyiq göstərdi.

- Bununla belə, 2023-cü ilin may ayına olan məlumata görə, problemlər kifayət qədər uğurla həll olunur.- Ekspert bildirib.- Hər şeydən əvvəl, Ukraynanın tərəfdaşlarının xarici dəstəyi sayəsində. ABŞ-dan geri qaytarılması tələb olunmayan 17 milyard dollara yaxın qrantlar, Aİ-dən 15 milyard dollarlıq kreditlər daxil oldu. ABŞ-nin çox sərfəli şərtlərlə, 35 il müddətinə verdiyi kreditlər, eləcə də digər ölkələrin, o cümlədən Aİ-nin ayrı-ayrı üzvlərinin və beynəlxalq maliyyə institutlarının köməyi sayəsində Ukrayna iqtisadiyyatı mövcud şərtlər daxilində mümkün olduğu qədər normal fəaliyyət göstərir. Xxarici maliyyənin rolu əhəmiyyətli dərəcədə artıb və məhz bu amil iqtisadiyyatın ciddi problemlər olmadan keçinməsinə imkan verir.


- İşçi qüvvəsi problemi necə həll olunur?
Müharibə başlayandan sonra ölkəni tərk etməyə məcbur olan insanların 2022-ci ilin ikinci yarısından başlayaraq geri qayıtması Ukraynada işçi qüvvəsini artırıb. Ölkənin intensiv raket hücumlarına məruz qalan qərb bölgələrində iqtisadiyyatın müəyyən sektorlarının müharibədən əvvəlki göstəricilərə qayıtdığını söyləmək olar. Ukraynanın qərb hissəsinin ən böyük şəhəri olan Lvovdakı kafelər artıq bir neçə aydır ki, müharibədən əvvəlki kimi işləyir.

- “Taxıl dəhlizi”nin Ukraynaya faydası nə oldu?
- Türkiyə Respublikası və BMT-nin təşəbbüsü ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü 2022-ci il iyulun sonundan taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın üç limanının fəaliyyətinin qismən bərpasına imkan verdi. Bunun sayəsində Ukraynadan aylıq taxıl ixracı 2022-ci ilin iyulunda 400 milyon dollar artıb və 2023-cü ilin martında 1,2 milyard dollara çatıb. Bu, Ukrayna iqtisadiyyatının lazımi resursları almasına imkan verir.
Ukrayna eyni zamanda Aİ ölkələrinə elektrik enerjisi ixracı etməyə qayıdır. 2022-ci ilin sentyabrına qədər (Ukrayna elektrik stansiyalarının atəşə tutulmasından əvvəl) elektrik enerjisinin ixracı Ukraynaya 150 milyon dollar gəlir gətirirdi.

- Ölkənin sadə vətəndaşları müharibənin nəticələrini nə dərəcədə hiss edirlər?
- Təbii ki, müharibənin hiss olunması bölgədən asılı olaraq dəyişir. Rusiya artilleriyasının vurduğu cəbhə bölgələrində iqtisadiyyatın normal işləməsi son dərəcə çətindir. Amma bu bölgələr də iki qrupa bölünür: hərbi əməliyyatların getdiyi və getmədiyi yerlər. Hərbi əməliyyatların olmadığı yerlərdə təchizat nisbətən normaldır. Aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə gəlincə, orada iqtisadi həyat olduqca çətindir. Cəbhə xəttindən uzaq rayonlarda iş həyatı normaldır. Paytaxt Kiyevdə həyat təminatı artıq 2022-ci ilin mart ayının ortalarında normallaşdırılıb. Kiyev vilayəti azad edildikdən sonra, yəni 2022-ci ilin mart ayının sonunda şəhər lazım olan hər şeylə təmin edilib.

Bunları da oxuyun:
"Kölgə"dən zərbə: Müharibədə yeni mərhələ başlayır – Ukraynalı ekspert
Döyüşə qocalar gedir... Lap qocalar! – FOTO

2022-ci ilin payızında Kiyevdə və Ukraynanın digər şəhərlərində elektrik enerjisi istehsal edən obyektlərə intensiv hücumlar başlayanda enerji kəsintisinin başlaması əhalinin güzəranında ciddi çətinliklər yaratdı. Enerji qrafiklə verilməyə başladı. Problemlər ilk növbədə ərzaq mağazaları və apteklərin fəaliyyətini dayandırması ilə özünü büruzə verdi. Eləcə də kiçik və orta biznesdə. Lakin ölkədəki generator bolluğu bu problemləri aradan qaldırdı. 2023-cü il fevralın ortalarından Kiyevdə, 2023-cü ilin mart ayının ortalarından isə Ukraynanın əsas şəhərlərində elektrik enerjisi kəsilmir.
2023-cü ilin may ayının ikinci yarısına olan məlumata görə, Kiyevdə məhsul qıtlığı müşahidə olunmur, şəhərin ətrafında yeni binalar tikilir, mənzillərdə təmir işləri aparılır - bunlar normal həyatın mühüm göstəricisidir.
Rusiya iqtisadiyyatı sanksiyalara necə uyğunlaşdı – Müsahibə

- Ukrayna hökuməti iqtisadiyyatın sabitliyini artırmaq və müharibədə vətəndaşlara dəstək olmaq üçün hansı tədbirləri həyata keçirir?
- Ukraynada inflyasiyanın qarşısını almaq üçün uçot dərəcəsinin artırılması (10%-dən 25%-ə qədər) qərara alınıb. Bu addım tərəfdaşların əhəmiyyətli maliyyə dəstəyi ilə yanaşı, Ukrayna iqtisadiyyatının çökməsinin qarşısını almağa kömək etdi. Maaşlar, pensiyalar demək olar ki, vaxtında verilir.
Ukraynanın rəqəmsallaşmasına cavabdeh olan dövlət orqanları da kifayət qədər səmərəli işləyirlər. Onların müharibə dövründəki yenilikləri vətəndaşların həyatını asanlaşdırır. Həmçinin Ukrayna üçün əlavə imkanların yaradılması ilə bağlı tərəfdaşlarla fəal danışıqlar aparılır. Bu, Aİ və Böyük Britaniya tərəfindən Ukraynadan ixraca qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına, eləcə də ABŞ tərəfindən müəyyən liberallaşmaya aiddir. Generatorlara tələbatın olduğu bir dövrdə onlara tətbiq edilən gömrük rüsumları götürülüb.
Rusiyanın hücumları nəticəsində ziyan görən vətəndaşlar üçün də dəstək sistemi qurulub. Nisbətən qısa müddətdə bu ziyanların yeri doldurulmağa çalışılır.

Murad Nəcəfov
AzVision.az



Teqlər:   Ukrayna   Müharibə  





Xəbər lenti