Dünya ticarətinin boğazı quruyur. Panama boğazı
Fevral-aprel aylarında kanalın və onu qidalandıran göllərin ərazisində yağıntının miqdarı normanın 50 faizindən az olub. Həm də adətən yaydan əvvəl başlayan yağışlı mövsümdən əsər-əlamət olmayıb. Kanalı qidalandıran iki göldən ən böyüyü olan Qatun gölündəki suyun səviyyəsinin iyul ayına qədər tarixi minimuma çatacağı proqnozlaşdırılır.
Qeyd olunub ki, iyul ayına qədər su çatışmazlığı 2019-cu ilin rekordunu təzələyə bilər. Məhdudiyyətin tətbiqi kanaldan keçən gəmilərin 40 faizinə aid ediləcək. Kanaldan hündürlüyü 50 futa qədər gəmilərin keçməsinə icazə verilirdisə, bu rəqəm 44-ə çatdırılıb. Vəziyyət belǝ davam edǝcǝyik tǝqdirdǝ, kanal rəhbərliyinin daha ciddi məhdudiyyət tətbiq edəcəyi gözlənilir.
Artıq okeanla mal daşıyan azı dörd daşıyıcı, kanalın tədbirlərinə cavab olaraq, iyunun 1-dən konteynerin daşıma haqqını 300 ilə 500 ABŞ dolları arasında artırıb. Kanaldan çox asılı olan maye təbii qaz (LNG) daşıyıcıları, daha ağır sənaye yükləri və ya əmtəələri daşıyan gəmilərə nisbətən az su axını məhdudiyyətlərinə malik olduğundan, su axını dəyişikliklərindən təsirlənmir. Lakin ABŞ-ın növbəti beş ildə LNG ixracının genişləndirilməsi planlarını nəzərə alsaq hər hansı dar boğaz narahatlıq doğurur.
Dəniz logistikası xidmətləri, nəqliyyat prosesinin bütün mərhələlərini izləmək və idarə etmək üzrə ixtisaslaşmış “Flexport Inc” şirkətinin direktoru Natan Strenqin sözlərinə görə, mövcud vəziyyət fonunda mal daşıyan gəmilər limitləri nəzərə alaraq su nəqliyyatına yüklənəcək malların miqdarını 40% azaltmalıdırlar. “Adətən konteyner başına 25 ton yük daşıyan yükgöndərənlərə indi üç və ya dörd qutu lazımdır. Bu, daha böyük zərbədir və bu yükgöndərənlər kanaldan istifadə etməyəcəklər”.
Asiyadan ABŞ-a yüklər Süveyş kanalı vasitəsilə alternativ yollarla daşına bilər. Ya da Cənubi Kaliforniyadakı limanlardan istifadə edə bilinər. Nətcədə mallar ölkənin müxtəlif istiqamətlərinə nəqliyyat vasitələri və qatarlarla daşınacaq. “Everstream Analytics”in baş meteoroloqu Con Davis isə bildirib ki, gələcəkdə yağışla bağlı problem davam edəcək: “Panamaya yaxın gələcəkdə normadan aşağı yağıntılar yağacaq. Nəticədə gölün səviyyəsinin aşağı düşəcəyi və kanalla naviqasiya probleminin davam edəcəyini gözləyirik”.
Panama kanalı administrasiyasının rəhbəri Rikaurt Vaskes də etiraf edib ki, 2023-cü maliyyə ilində Panama kanalı vasitəsilə tranzit azalacaq. Onun sözlərinə görə, 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək bu su yolu ilə Panama kanalından 500 milyon ton həcmində tranzit gözlənilir. Bu, əvvəllər proqnozlaşdırılandan 10 milyon ton azdır.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Panama