Sudan qanunsuz istifadə halları aşkarlanıb

Sudan qanunsuz istifadə halları aşkarlanıb
  10 İyun 2023    Oxunub:1038
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Sabunçu rayonunda həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində və fərdi yaşayış evlərində sudan qanunsuz istifadə halları aşkarlayaraq qarşısını alıb.
Bu barədə AzVision.az -a Agentlikdən məlumat verilib.

Məlumata görə, rayonun Maştağa qəsəbəsi, Bağlar massivində fərdi evlərin tikintisi ilə məşğul olan şəxslərin tikdiyi 40-a yaxın həyət evində içməli sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Belə ki, bu evləri tikən şəxs magistral su kəmərinə özbaşına qoşulub, 50 mm diametrli paylayıcı su xətti çəkib. Sudan qanunsuz istifadəyə görə evlərin su təchizatı dayandırılsa da ev sahibləri kəsilən su xəttini birləşdirərək sudan qanunsuz istifadəni davam etdiriblər.

Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən istixanada da suyun talanması faktı aşkarlanıb. Məlum olub ki, istixananın sahibi 50 mm diametrli boru vasitəsilə yaxınlıqdan keçən magistral xəttə birləşmə edərək suyu talayıb.

Aparılan nəzarət tədbirləri nəticəsində məlum olub ki, Bilgəh qəsəbəsi, Salamzadə küçəsində yerləşən avtoyuma məntəqəsi və servis mərkəzi texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edib. Obyektlərə özbaşına çəkilmiş su xətləri və ehtiyat su çəninin doldurulması faktı aşkar edilib.

Aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bu ilin yanvar-may aylarında 7 316, Sabunçu rayonunda isə 2 053 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
AzVision.az


Teqlər:





Xəbər lenti