“Azərbaycanla danışıqlara başlamalıyıq” – Separatçı partiya sədri

   “Azərbaycanla danışıqlara başlamalıyıq” –    Separatçı partiya sədri
  15 İyun 2023    Oxunub:963
"Mən artıq heç bir vəzifə tutmaq təklifini qəbul etməyəcəyəm. Heç bir müzakirəyə hazır deyiləm. Lap xahiş etsələr də, əvvəllər haqqında danışdığım "dövlət naziri" vəzifəsini üzərimə götürməyə hazır deyiləm”.
Bu sözlər Qarabağdakı qondarma “respublika”nın "Vahid Vətən" partiyasının "sədri" Samvel Babayana aiddir. Onun fikrincə, baş verənlərə görə günah təkcə separatçı hakimiyyətin deyil, həm də Ermənistanın üzərinə düşür: “Deyirlər ki, biz maliyyə ayırırıq, qalanını siz türklərlə həll edin. Amma bu, xaos yaradır. Sən hər şeyi məhvə aparırsansa, o zaman siyasi lider kimi məsuliyyət daşımalısan. Siyasi qüvvələrin bir hissəsi boykotdan danışır, digəri isə gözləmə mövqeyi tutub. Heç bir qüvvə məsuliyyəti üzərinə götürmür. Qarabağın rəhbərliyi və siyasi qüvvələr vahid sənəd ətrafında razılığa gəlməli, Azərbaycanla danışıqlara başlamalıdır”.

Samvel Babayan deyib ki, indi hamı öz oyununu oynayır. Qarabağ "hakimiyyəti" problemin həllini görmür. Heç bir proqram yoxdur. “Hakimiyyət” geri addım atmaq əvəzinə hərbi vəziyyəti gücləndirib.

“Mən Qarabağa gələndə dedim ki, Azərbaycanla qarşılıqlı etimada dair vahid təkliflər paketi hazırlamaq və Bakı ilə danışıqlara başlamaq lazımdır. Əks halda, danışıqlar dondurula bilər. Amma biz bunu etmədik, fərqli üsullara əl atdıq, bundan sonra isə Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, xaosa gətirib çıxardı. Siyasi qüvvələr bir araya gəlib, gələcəklə bağlı qərar qəbul etməyə iradə tapmadılar. Guya "dövlət başçısı" məsuliyyəti öz üzərinə götürüb. Əslində isə hər şey şansa buraxılıb”, - Babayan qeyd edib.

Ə.V.
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti