Serbiya “and”ını niyə pozdu? – Ekspert rəyi

   Serbiya “and”ını niyə pozdu? –    Ekspert rəyi
  16 İyun 2023    Oxunub:3972
Serbiyanın cənubundakı Buyanovats şəhəri yaxınlığında ABŞ və bir sıra digər NATO ölkələri hərbçilərinin iştirakı ilə “Platin Qurd” (Platinum Wolf) təlimləri başlayıb. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra Serbiya prezidenti Aleksandar Vuçiç respublikanın bütün xarici tərəfdaşlarla ordu və polis təlimlərini müvəqqəti dayandırdığını bəyan etmişdi.
Qarşıdakı iki həftə ərzində Bosniya və Herseqovina, Böyük Britaniya, Yunanıstan, İtaliya, Macarıstan, Rumıniya, ABŞ, Şimali Makedoniya, Sloveniya və Serbiyadan olan 600-ə yaxın zabit və əsgər sülhməramlı əməliyyatların aparılması üçün yerüstü silahlardan istifadəyə əsaslanan taktika və üsulları məşq edəcək. Təlim ssenarisinə şəhər ərazilərində döyüş əməliyyatları, baza müdafiəsi, insanların kütləvi toplaşmasına nəzarət daxildir.

- Serbiya əvvəllər də Rusiya, Çin, ABŞ və digər ölkələrlə birgə hərbi təlimlər keçirib. Serbiya neytrallığa sadiqdir. Belqradın son hərəkətləri isə ABŞ-ın Kosovo xüsusi təyinatlılarının addımlarını pisləməsi ilə bağlıdır. Biz bunu xoşniyyətli jest hesab edirik,- deyə Belqrad Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stefan Qayiç AzVision.Az-a bildirib.


Onun sözlərinə görə, Serbiya həqiqətən də 2022-ci ildən xarici ölkələrin iştirakı ilə keçirilən hərbi təlimlərə moratorium qoymuşdu. Artıq bir sıra müxalifət partiyalarından NATO qüvvələrinin iştirakı ilə təlimlərin keçirilməməsini tələb edən petisiya var.
- Görək, bundan sonra nə olacaq. Kosovodakı siyasi vəziyyətdən və təhlükəsizlik məsələsindən çox şey asılıdır. Serbiya NATO-dan Kosovoda vəziyyəti sabitləşdirmək və xüsusi təyinatlıları serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdən çıxarmaq üçün konkret addımlar gözləyir. Bir çox təhlükəsizlik məsələləri bundan asılıdır, - ekspert deyib.

Xatırladaq ki, sonuncu Serbiya-Kosova gərginliyi zamanı ABŞ ilk dəfə olaraq gözlənilmədən Kosovanın hərəkətlərini pisləmişdi. Bir çox ekspertlər bunu Vaşinqtonun Belqradla münasibətləri yaxşılaşdırmaq məqsədilə atdığı addım kimi dəyərləndirmişdilər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Serbiya   Hərbi-təlim  





Xəbər lenti