"Zəngilan, Laçın, Hadrut, Cıbrayılda Tibbi xidmət yüksək səviyyədə qurulub" - TƏBİB sədri

"Zəngilan, Laçın, Hadrut, Cıbrayılda Tibbi xidmət yüksək səviyyədə qurulub" -    TƏBİB sədri
  17 İyun 2023    Oxunub:1054
"İcbari tibbi sığortanın tətbiqilə əlaqədar dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etmək məqsədilə dövlət tibb müəssisələrində bir sıra islahatlar aparılıb".
AzVision.az
xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, idarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadəsi bu islahatın prioritet istiqamətləri kimi seçilib.

Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 084 nəfər əməkdaşın çalışdığını deyən V.Qurbanov bildirib ki, onlardan 53 389 nəfəri tibb heyətidir: "Keçən il TƏBİB-in tabeli tibb müəssisələrinə 12 379 nəfər, bu il isə 3 500 nəfərdən çox işçi qəbul edilib".

V.Qurbanov qeyd edib ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu aparılır: "Bu proqram çərçivəsində həm regionlarda, həm də mərkəzdə yerləşən tibb müəssisələrimizdə 60 nəfərdən çox xaricdə təhsil alan azərbaycanlı həkimlərimiz işlə təmin olunub. Bu tendensiyanı gələcəkdə də davam etdirməyi düşünürük. Biz peşəkar həkimlərimizi Vətəndə, tibb mərkəzlərimizdə görməyə hər zaman şad olarıq. TƏBİB işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağımızda digər həyati vacib sahələr kimi tibb xidmətlərin təşkilini təmin edir", - TƏBİB-in icraçı direktoru əlavə edib.

O xatırladıb ki, Şuşa modul tipli xəstəxana, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində tibbi xidmət yüksək səviyyədə qurulub və hər birində vətəndaşlara icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir: "Bu gün tibb sahəsində dünyada gedən sürətli inkişafla ayaqlaşmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılması prioritet olmalıdır".

Aytən Zəhra
AzVision.az



Teqlər: TƏBİB  





Xəbər lenti