“Azərbaycan ən qısa zamanda Naxçıvanla birbaşa nəqliyyat əlaqəsi yaratmağa çalışır”

   “Azərbaycan ən qısa zamanda Naxçıvanla birbaşa nəqliyyat əlaqəsi yaratmağa çalışır”
  19 İyun 2023    Oxunub:1081
“Hamı başa düşür ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativ yoxdur və sülhə nail olmağın ən yaxşı yolu insanların qarşılıqlı əlaqəsi üçün imkanlar açmaq, ümumi yol çəkməkdir”.
Bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk yerli mətbuata verdiyi müsahibədə deyib. Aleksey Overçuk söyləyib ki, baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupu özünəməxsus münasibətlər formatı işləyib-hazırlayıb: “Bizim səviyyəmizdə sənəd layihəsi formalaşdırılıb və demək olar ki, tam razılaşdırılıb”.

Rusiya baş nazirinin müavini fikrinin davamında qeyd edib ki, regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirir:
“Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq”.

A.Overçuk sonda vurğulayıb ki, Azərbaycan öz qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır.

“Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə doğru uzanacağı göz qabağındadır ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək”, - Rusiya baş nazirinin müavini əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti