Bap-balaca boyu var... | "Nano SPEAR" PUA-sı Azərbaycan üçün maraq doğura bilər
"Nano SPEAR" çox kiçik qurğular üçün nəzərdə tutulan "Mühafizə, Elektron Hücum və Kəşfiyyat" (SPEAR) məhsul ailəsinin bir üzvüdür. Şirkət orta ölçülü helikopterlərdə və PUA-larda quraşdırmaq üçün "Light SPEAR" vasitəsini də hazırlayıb. Hazırda isə “C-390” nəqliyyat təyyarəsi üçün aktiv özünümüdafiəni təmin edəcək "Advanced SPEAR ECM Pod" tipli qurğunun üzərində çalışır. "SPEAR" ailəsinə daxil olan qurğular modul tipli rəqəmsal həyəcanlandırıcılar da daxil olmaqla bir neçə qabaqcıl avadanlıqlara əsaslanaraq istehsal edilirlər.
İmkanları
"Nano SPEAR" PUA-sı təyyarənin mövcud radioelektron mübarizə (REM) sistemini tamamlayır, onunla koordinasiyada işləyir. REM sistemi aktiv olmadıqda müstəqil fəaliyyət göstərə bilir. 800 qramdan az çəkisi olan bu ultraağıllı və radiodalğalı hiylə vasitəsi vəzifələri uğurla yerinə yetirmək üçün platformanın özünümüdafiə imkanlarını və ekipajın mürəkkəb mühitdə sağ qalma qabiliyyətini artırır.
Konstruksiyası
"Nano SPEAR" PUA-sı qabaqcıl rəqəmsal qəbulediciyə, DRFM (rəqəmsal radiodalğa modulu) və mürəkkəb texnologiyalı REM generatoruna malikdir. Bu qabaqcıl texnologiyalar PUA-ya radar təhlükələrini idarə etməyə imkan verir. "Nano SPEAR" standart CMDS (Şüa Əks Olunmasının Ölçmə Sistemi) vasitəsilə işə salınır, köhnə və yeni platformalar üçün effektiv qorunmanı təmin edir.
Perspektivləri
"Elbit Systems ISTAR & EW" şirkətinin məhsulu olan "Nano SPEAR" PUA-sı perspektiv platforma sayılır. PUA-nın müştərilərə istifadə etdikləri hava platformasının və təyyarə heyətinin təhlükəsizliyini artırmaq üçün gələcəkdə daha yüksək səviyyəli müdafiə imkanlarını təqdim edəcəyi gözlənilir.
İstehsalçı
"Elbit Systems Ltd." bütün dünyada geniş spektrli müdafiə, daxili təhlükəsizlik və kommersiya proqramları ilə məşğul olan beynəlxalq yüksək texnologiya şirkətidir. Şirkət hərtərəfli qorunma və missiyanın uğurunu təmin edən ən qabaqcıl, təkmil və sərfəli həlləri təmin etmək üçün araşdırma layihələrinə böyük sərmayə qoymaqda davam edir.
"Elbit Systems" və onun törəmə şirkətləri aerokosmik, quru və dəniz sistemləri, komanda, idarəetmə, rabitə, kəşfiyyat və müşahidə (“C4ISR”), pilotsuz sistemlər, qabaqcıl elektro-optika, elektron-optik kosmik sistemlər, REM paketləri, siqnal kəşfiyyat sistemləri, məlumat bağlantıları və rabitə sistemləri, radiostansiyalar, kiber əsaslı sistemlər və döyüş sursatları istehsal edir.
Şirkət həmçinin mövcud platformaların təkmilləşdirilməsinə, müdafiə, daxili təhlükəsizlik və kommersiya tətbiqləri üçün yeni texnologiyaların işlənib hazırlanmasına, təlim və simulyasiya sistemləri daxil olmaqla bir sıra dəstək xidmətlərinin göstərilməsinə böyük diqqət yetirir.
Nəticə
Azərbaycanın uzun illər ərzində İsrail ilə müdafiə sənayesi sahəsində inkişaf edən münasibətlərini, xüsusilə də "Elbit Systems" şirkəti ilə yaxından əməkdaşlığını, bu şirkətin istehsal etdiyi "HERMES 450", "HERMES 900" və "SkyStriker" pilotsuz uçuş aparatlarından,155 mm-lik ATMOS 2000 özüyeriyən artilleriya qurğusundan, 120 mm-lik “Spear Mk2” minaatanlarından, "Tadiran" ailəsinin müxtəlif hərbi təyinatlı radiostansiyalarından, lazer tuşlama vasitələrindən və çoxinterfeysli İP/TDM radiorele stansiyalarından silahlanmasında istifadə etdiyini və döyüş əməliyyatlarında uğurla tətbiq etdiyini nəzərə alsaq, "Nano SPEAR" PUA-sının da Azərbaycan HHQ üçün maraq doğura biləcəyini ehtimal edə bilərik.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün