Alman səmasını yəhudi silahı qoruyacaq

// Berlin İsrail ilə 950 milyard dollara yaxın sövdələşməyə girib

   Alman səmasını yəhudi silahı qoruyacaq
  22 İyun 2023    Oxunub:2834
İsrail qlobal silah bazarında mövqelərini qorumaq üçün fəal siyasət həyata keçirir. Avropa silah bazarı da istisna deyil. 2022-ci ildə ölkə 12 milyard dollardan çox hərbi məhsul ixrac edib. Bu da 3 il ərzində həmin göstəricinin 50% artması deməkdir.
2022-ci ildə İsrailin silah ixracının təxminən 25%-ni pilotsuz uçuş aparatları (PUA) təşkil edib. Bir qədər az, təxminən 19% raketdən müdafiə sistemlərinin payına düşür. Regional aspektdə İsrailin silah ixracatının 30%-i Asiya-Sakit okean ölkələrinə olub. 29 faizi Avropa, 11 faizi isə Şimali Amerika ölkələrinə satılıb. İsrailin silah ixracının 24 faizinin ərəb ölkələrinə olması diqqət çəkir. Bu, 2020-ci ildəki “Abraham Razılaşması”nın nəticəsidir. Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraildən HHM sistemləri alıblar.

İyunun 14-də keçirilən yığıncaqda Almaniya Bundestaqının büdcə komitəsi üç əsas silah alışı layihəsinin maliyyələşdirilməsini təsdiqləyib. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, İsraildən IRIS-T SLM yerüstü orta mənzilli zenit-raket kompleksləri (SAM), “Arrow” raketdən müdafiə sisteminin ilk komponentləri və yüklərin daşınması üçün avadanlıq alınacaq. Bu silahların dəyəri 25 milyon avronu keçdiyi üçün onların alınmasını parlament müzakirə edib.


Bundestaqın Büdcə Komitəsi 6 ədəd IRIS-T SLM (İnfra-Qırmızı Görüntü Sistemi/Trust Vector Controlled, Surface Launched Medium Range) zenit-raket komplekslərinin, həmçinin idarə olunan zenit raketləri və ümumi məbləği 950 milyon avroya qədər olan avadanlıq və xidmətlərin alınmasını təsdiqləyib. Maliyyələşdirmə Bundesverin xüsusi fondundan təmin ediləcək. Sistemlərin tədarükü 2024-cü ildə başlayacaq.

IRIS-T hava hücumundan müdafiə sistemi PUA-lar, təyyarələr, helikopterlər və qanadlı raketlər də daxil olmaqla hava təhlükələrindən qorunmaq üçün nəzərdə tutulub. Hazırda Almaniyanın tədarük etdiyi bu tip hava hücumundan müdafiə sistemlərindən Ukrayna Silahlı Qüvvələrində istifadə olunur. IRIS-T SLM kompleksinə komanda məntəqəsi, radiolokasiya stansiyası, raketləri olan bir neçə buraxılış qurğusu, həmçinin təchizat, texniki xidmət və yenidən yükləmə üçün maşınlar daxil olacaq.

Büdcə komitəsinin iclasında “Arrow” raketdən müdafiə sistemlərinin İsrail istehsalı komponentlərinin, o cümlədən “Arrow-3” tutucu qurğularının alınması da müzakirə olunub. Hazırkı planlara görə, Bundesverin tərkibində “Arrow” raketdən müdafiə sistemindən döyüşdə istifadə üçün ilkin hazırlıq 2025-ci ilin sonuna qədər başa çatmalıdır. Bunun üçün İsrail hökuməti ilə müqavilə öncəsi razılıq əldə olunmalıdır (hələlik öhdəlik məktubu imzalanıb).


Almaniya hakimiyyəti hesab edir ki, “Arrow” sisteminin alınması ilə raket əleyhinə müdafiədəki boşluqlar aradan qaldırılacaq. 2023-cü ilin sonuna qədər İsrail ilə hökumətlərarası sazişin imzalanması planlaşdırılır. Bundan sonra İsrail vaxtında avans almalı və ilkin istehsala başlamalıdır.

Hökumət sənədlərinə əsasən, satınalmaların birinci mərhələsində 560 milyon avronun ayrılması nəzərdə tutulub. Layihənin ümumi büdcəsi 4 milyard avro təşkil edəcək.

İsrailin "Arrow" silah sisteminə komanda və idarəetmə mərkəzi, radiolokasiya stansiyası, idarə olunan raketləri olan buraxılış qurğuları daxildir. O bütün istiqamətlərdən ballistik raketləri aşkar etməyə və ələ keçirməyə imkan verir. Bu sistemin hazırlanmasında ABŞ da İsrailin tərəfdaşı olaraq iştirak edib.

“Arrow” Almaniya əhalisini və ölkənin mühüm infrastrukturunu qoruyacaq, bütövlükdə NATO-nun hava hücumundan müdafiə imkanlarını gücləndirəcək. İsrailin müdafiə naziri Yoav Qalant artıq Bundestaq komitələrinin İsrailin “Arrow” raketdən müdafiə sistemini almaq üçün atılan addımları bəyənməsini alqışlayıb.


Bundan əlavə, iclasda 15 ton yükgötürmə qabiliyyətinə malik 164 qorunan və 203 qorunmayan növbəli kuzovların və aksesuarları ilə birlikdə 1634 sökülə bilən platformanın təqribən 317,2 milyon avroya satın alınması təsdiq edilib. Onların çatdırılması 2023-2025-ci illərdə həyata keçiriləcək.

Sonda qeyd edək ki, İsrail rəhbərliyi milli hərbi sənayeni dəstəkləyir və inkişaf etdirir, silah ixracı sisteminin təkmilləşdirilməsi, onun sektoral və coğrafi istiqamətinin şaxələndirilməsi, yeni bazar boşluqlarının axtarışı və silah bazarını öz xeyrinə yenidən bölüşdürmək məqsədilə səylərini gücləndirir.

Məsələn, İsrailin “Elbit Systems” şirkəti American General Atomics Aeronautical Systems Inc-in (GA-ASI) daha iri “MQ-9 Reaper” ilə rəqabət qabiliyyətini təmin etmək üçün “Hermes-900” PUA-nı təkmilləşdirməyə davam edir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail   Almaniya  





Xəbər lenti