“Qərbin iştirakı ilə Qarabağda yeni müharibəyə hazırlıq gedir” - Mübariz Əhmədoğlu

   “Qərbin iştirakı ilə Qarabağda yeni müharibəyə hazırlıq gedir” -    Mübariz Əhmədoğlu
  23 İyun 2023    Oxunub:2396
Qarabağda ermənilərin keçmiş və indiki davranışının nəzərə almadan təkidlə Qarabağ ermənilərinin Azərbaycan ərazisində qalmasını, beynəlxalq təminatla müəyyən müstəsna səlahiyyətlərə malik olmasını istəmək yeni və daha dağıdıcı müharibəyə hazırlıqdır.
Heç kəs Qarabağ tənzimlənməsinin real mahiyyətini qəbul etmək istəmir. Qarabağ ermənilərinin bir neçə mini aktiv şəkildə müharibədə, Xocalı soyqırımında iştirak ediblər. İndi bir sıra kütləvi məzarlıqlar tapılır. Azərbaycanlıların kütləvi məzarlıqlarının yaranmasında Qarabağda yaşayan ermənilərin çoxunun iştirakı var. Bu məzarlıqlar gələcəkdə də tapıla bilər. Qarabağ ermənilərinin 30 il Azərbaycan torpaqlarının işğalı dövründəki davranışı öyrənilmədən, Azərbaycan qanunvericiliyinə münasibəti müzakirə edilmədən Qarabağda tənzimlənmə aparmaq mümkün deyil.

Qarabağ ermənilərinin etirafına görə 44 günlük müharibədən sonra Rusiya onları zorla geri qaytarıb. Əslində Qarabağ ermənilərinin əksəriyyəti Qarabağı tərk edib, Ermənistana köçmüşdü, oradan da dünyanın digər yerlərinə gedəcəkdilər. Qarabağda indi ermənilərlə birlikdə Rusiya vətəndaşları, Rusiya hüquq-mühafizə orqanlarının təmsilçiləri də yaşayır. Rusiya sülhməramlıları onların fəaliyyətini koordinasiya edir. Rusiyadan son vaxtlar gətirilən RF vətəndaşlarının əksəriyyəti hərbi bacarığa malik şəxslərdir. 300 RF vətəndaşının Qarabağı hissə-hissə tərk etməsi barədə məlumatlar yayıldı. Qalanın sayı bəlli deyil.

Rusiya Qarabağ ermənilərinin Azərbaycana nifrətindən, döyüş təcrübəsindən yararlanmaq istəyir. Rusiyadan Qarabağa gətirilən vətəndaşlar da bu məqsəd üçündür. Belə olan təqdirdə Avropa siyasətçilərinin, ABŞ konqresmenlərinin vəziyyəti bilmədən, kor-koranə erməni uydurmasına inanaraq bu plana dəstək verməsi anlaşılmır.

Bundan da böyük anlaşılmazlıq yaradan vəziyyət var. Ermənilər Gürcüstanda azərbaycanlılarla birlikdə çox rahat yaşayırlar. Ermənilər Təbrizdə (İran) azərbaycanlılarla qonşu kimi birgə yaşayırlar. Rusiyanın ərazisində ermənilər azərbaycanlılarla birlikdə müəssisələr yaradırlar. RF-də son dövrlərdə üç dəfə “samoqon” arağından kütləvi zəhərlənmə olub. Hər üçündə “samoqon” araq şirkətinə sahibliyi erməni və azərbaycanlı birlikdə ediblər.

Türkiyədə də ermənilər çox rahat yaşayır. Erməni düşüncəsinə görə Türkiyə “erməni soyqırımı”nı törədib, amma Türkiyədə yaşayan erməni iddia edir ki, erməni Azərbaycanın tərkibində yaşaya bilməz. Avropalı siyasətçi, deputat, amerikalı konqresmen də bunu təsdiq edir.

Doğrudanmı dünyanın hər yerində erməni və azərbaycanlı birlikdə yaşaya bilirlər, bircə Azərbaycanın özündə yox?!
Bunu iddia edənlərin məqsədi indidən iri müharibəyə hazırlıq və bu hazırlıq üçün müəyyən işlərin görülməsidir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün




Teqlər: Qarabağ  





Xəbər lenti