“Qara su”da boğulanlar: Özəl hərbi şirkətlər dünyada nələr edir – ARAŞDIRMA

      “Qara su”da boğulanlar:    Özəl hərbi şirkətlər dünyada nələr edir –    ARAŞDIRMA
  24 İyun 2023    Oxunub:4449
Dünyanın ilk özəl hərbi şirkətinin 1967-ci ildə Böyük Britaniyada yarandığı güman edilir. Onun yaradıcısı Britaniya ordusunun polkovniki Devid Stirlinq idi. İkinci Dünya Müharibəsindən keçmiş zabiti Stirlinq müharibədən sonrakı illərdə İngiltərənin üçüncü dünya ölkələrində nüfuzunu sürətlə itirməsindən çox narahat idi. Odur ki, Britaniya ordusuna və kəşfiyyat orqanlarına kömək etmək qərarına gəldi. Özəl hərbi şirkət ideyası da belə yarandı.
Şirkət tezliklə “Watchguard International Ltd” adı ilə qeydiyyata alındı və o vaxt dünyanın aparıcı ölkələrinin neft quyularının bölünməsi ilə fəal məşğul olduğu Yaxın Şərqdəki proseslərdə iştirak etdi.


Sonralar bütün dünyada özəl hərbi şirkətlər çoxalmağa başladı. Amerika bu işdə xüsusilə böyük uğur qazandı: bütün ÖHŞ-lərin əsası ABŞ-da qoyulur və ya onları Amerika hakimiyyəti idarə edirdi.

Özəl hərbi şirkətlərin əməkdaşları hər an dünyanın istənilən nöqtəsinə getməyə hazırdırlar ki, hakim rejimlərin dəyişdirilməsi, “əl-ayağa dolaşan” siyasətçilərin sıradan çıxarılması və ya “rəngli inqilablar”ın təşkili kimi çirkin işlərlə məşğul olsunlar. Özəl hərbi şirkətlərin əməkdaşları heç bir beynəlxalq konvensiyaya tabe deyillər və ümumi qəbul edilmiş davranış normalarına əməl etmirlər. Onları hətta rəsmi hərbi itki statistikasına belə daxil etmirlər.

Özəl hərbi şirkətlərin döyüşçüləri əksər hallarda pul müqabilində istənilən sifarişləri yerinə yetirməyə hazır olan muzdlulardan ibarətdir. Məsələn, İraqda ABŞ-ın hərbi mövcudluğu zamanı yüz mindən çox insan həlak olub, bu, “qanlı diktator” Səddam Hüseynin dövründəkindən çoxdur. Bu qurbanların əhəmiyyətli hissəsi özəl hərbi şirkətlərin hesabınadır.


Amerikada ilk ÖHŞ “DynCorp” hesab olunur. Onun rəhbərləri şirkətin 1946-cı ildə yaradıldığını qürurla vurğulayırlar. Amma firma çox sonralar klassik hərbi şirkətə çevrilib. Bu gün onun əməkdaşlarının sayı təxminən 15 min nəfərdir ki, bu da təxminən üç standart NATO briqadasına bərabərdir.

“DynCorp” döyüşçüləri dünyanın müxtəlif ölkələrində - Boliviyadan tutmuş Əfqanıstana qədər hər yerdə, eləcə də mülki əhalinin öldürülməsi ilə bağlı müxtəlif qalmaqallarda iştirak ediblər.

“ArmorGroup International”da 9000-dən çox döyüşçü var. Onun əməkdaşları 25 ildir ki, “Amerikaya sadiq olan milli hökumətlərin, qeyri-dost mühitdə fəaliyyət göstərən transmilli korporasiyaların və firmaların ofislərinin müdafiəsini” təmin edirlər. Şirkətin rəsmi saytında vəzifələr bu cür göstərilib.

ÖHŞ-lərlə bağlı ən böyük qalmaqallardan biri məhz “ArmourGroup” ilə bağlı olub. Məlum olub ki, Amerikanın Kabildəki səfirliyini qoruyan şirkətin döyüşçüləri mütəmadi olaraq sərxoş orgiyalar təşkil edib, bu zaman əfqanları spirtli içkilər içməyə zorlayaraq, homoseksuallığa cəlb ediblər.


Daha bir Amerika ÖHŞ – “Military Professional Resources Inc”də (MPRI) üç min nəfər işləyir. Onun döyüşçüləri 1990-cı illərdə Balkanlarda baş verən bədnam hadisələrdə iştirak etməklə məşhurlaşıblar. Bölgədə nisbi sülh yarandıqda ÖHŞ quldurları əvvəlcə Serbiyadan, sonra isə Albaniyadan qoparılan Kosovo ərazisinin hakimiyyətlərinə peşəkar ordu yaratmağa kömək ediblər. Ümumilikdə isə MPRI əməkdaşları planetin bütün qitələrində onlarla silahlı münaqişədə iştirak ediblər.

Bununla belə, Britaniyanın “Group 4 Securicor” şirkəti işçilərin sayına görə ən böyük ÖHŞ hesab olunur. Bu gün orada bütün Britaniya ordusu və donanmasından daha çox adam fəaliyyət göstərir. Şirkət strateji obyektlərin və iri beynəlxalq tədbirlərin mühafizəsi, həmçinin pul və qiymətli əşyaların daşınması və xüsusilə təhlükəli məhbusların bir həbsxanadan digərinə müşayiəti üzrə ixtisaslaşıb.
“Group 4 Securicor” prinsipcə klassik ÖHŞ-dən daha çox özəl təhlükəsizlik şirkətidir. Lakin şirkət rəhbərliyi özünü geniş imkanlara malik özəl hərbi şirkət kimi qələmə verir.

“Akademiya” şirkətinin yaşı dörddə bir əsrə bərabərdir. Bu müddət ərzində o, adını iki dəfə dəyişib, lakin hələ də dünyanın aparıcı ÖHŞ-lərindən biri olaraq qalır. Onun əsasını 1997-ci ildə milyonçu Edqar Prinsin oğlu Erik qoyub. Erik əvvəlcə atasının xahişi ilə dəniz aviasiyasında xidmət etməyə başlayıb və hətta ABŞ Hərbi Dəniz Akademiyasına daxil olub. Ancaq cəmi bir il oxuduqdan sonra nizam-intizama nifrət etdiyi üçün oranı tərk etmək məcburiyyətində qalıb. Bu ona bir neçə ildən sonra Amerika ordusuna yazılmağa və hətta leytenant rütbəsi almağa mane olmayıb. Amma hərbi xidmət uzun sürmədi. Tezliklə Edqar Prins öldü və Erik atasının şirkətini yaxşı məbləğə satdı. Əldə etdiyi gəlirlə “Qara Su” mənası verən “Black Water” özəl hərbi şirkətini açdı.


Hazırda şirkətdə 20 mindən çox işçi çalışır. Qərargahı Şimali Karolinada yerləşir, təlim düşərgələri isə Amerikanın hər tərəfinə səpələnib. Şirkətin Şimali Karolina, İllinoys və Nyu-York ştatlarında bazaları və təlim meydançaları olması haqda məlumatlar var.

Yaxşı təlim keçmiş muzdlular ordusundan əlavə, şirkətin sərəncamında 20 təyyarə, müxtəlif modifikasiyalı zirehli texnika parkı və döyüş itləri var. Sifarişlərin sayı-hesabı yoxdur. İllik müqavilələrin ümumi məbləği bir milyard ABŞ dollarını ötür. Şirkət beş milyon yarım dollarlıq ilk böyük müqaviləsini 2002-ci ilin əvvəlində bağlayıb. Onun əməkdaşları Amerika qoşunlarının işğal etdiyi Əfqanıstanda CIA agentlərini qorumağa başladılar. Həmin vaxt Amerika kəşfiyyatı Əfqanıstan ərazisində Usamə bin Laden və tərəfdaşlarını ovlayan agentlər və informatorlar şəbəkəsi yerləşdirmişdi. MKİ əməkdaşlarının və onların xüsusi agentlərinin şəxsi mühafizəsini ÖHŞ əməkdaşları həyata keçirirdi.

O andan etibarən “Qara Su”yun sürətli yüksəlişi başladı. Təsadüfi deyil ki, MKİ-nin keçmiş əməkdaşı Ceymi Smit şirkətin vitse-prezidenti oldu. Maraqlı bir təsadüf nəticəsində Smitin ən yaxın dostu məhz bu zaman CIA-nın icraçı direktoru vəzifəsini tutdu. Beləliklə, “Black Water” özünün təlatümlü fəaliyyətinin əvvəlindən Amerika kəşfiyyat xidmətləri ilə sıx əməkdaşlıq edib və onların ciddi nəzarəti altında işləyib.

Sifarişlər getdikcə daha da artdı. Bir neçə il ərzində, 2004-cü ildən 2008-ci ilə qədər “Black Water” digər özəl hərbi şirkətlər – “DynCorp International” və “Triple Canopy” ilə birlikdə ABŞ Dövlət Departamentinin əmri ilə İraq, Əfqanıstan, Bosniya və İsraildəki diplomatik nümayəndəlikləri qorudu. Müqavilələrin ümumi məbləği yarım milyard dollara çatdı.

“Qara Su” İraqda xüsusilə səmərəli işlədi, bir neçə il oradakı mülki administrasiyanın rəhbəri Pol Bremeri qorudu. Bremerin şəxsi təhlükəsizlik komandası 36 qırıcıdan, partlayıcı maddələrin axtarışı üçün öyrədilmiş bir neçə itdən, üç zirehli avtomobildən, üç helikopterdən və nəqliyyat təyyarəsindən ibarət idi. Bremer və aparatının mühafizəsi ilə məşğul olan özəl hərbi şirkətin döyüşçülərinin ümumi sayı min nəfərə çatırdı. Başqa sözlə, İraqdakı əsas amerikalını kiçik bir şəxsi ordu qoruyurdu. “Black Water” rəhbərliyi isə bundan on milyonlarla dollar qazandı.

2007-ci il sentyabr 16-da “Black Water” əməkdaşları Bağdadın Nisur meydanında atışma təşkil edənə qədər hər şey yaxşı idi. Sonra on yeddi mülki şəxs öldürüldü və ABŞ Konqresi bu dəhşətli hadisəni araşdırmağa başladı. Araşdırmalar nəticəsində məlum oldu ki, bu heç də yeganə hal deyil. Əvvəlki iki il ərzində şirkətin əməkdaşları heç bir tutarlı səbəb olmadan adam öldürmək üçün 150 dəfədən çox birinci atəş açıblar.

2006-cı ilin dekabrında isə ümumiyyətlə, ağlasığmaz bir hadisə baş verdi: “Black Water” döyüşçülərindən biri lül-qənbər sərxoş olaraq İraqın vitse-prezidentinin mühafizəçisini güllələdi. Bu hadisənin heç bir ağır nəticəsi olmadı: döyüşçünü sadəcə, sakitcə ölkədən çıxardılar.

Araşdırmalar zamanı məlum oldu ki, “Qara Su” heç də xoş olmayan xeyli əhvalatlarda, o cümlədən, silah qaçaqmalçılığı ilə bağlı hadisələrdə iştirak edib. Şirkətin lisenziyasını ləğv etməli oldular. Amma cəmi bir həftəlik. Amerikanın İraqdakı diplomatik nümayəndəliklərinin mühafizəsi üçün sərfəli müqavilənin müddəti isə uzadılmadı. Bu işə Amerikanın başqa ÖHŞ-ləri cəlb edildi.

Tezliklə şirkətin özündə də dəyişikliklər oldu. Erik Prins baş direktor vəzifəsini tərk etdi. Şirkətin adı da dəyişdi: əvvəlcə “Xe Services MMC”, sonra isə “Academi” adlandırıldı. Qurum hələ də bütün dünyada silahlı münaqişələrdə iştirak edən ən böyük Amerika ÖHŞ-lərindən biri olaraq qalır.

Tariyel Həsənov



Teqlər: Hərb   Özəl-hərbi-şirkət  





Xəbər lenti