“İranın lideri qatillərin təhlükəsizliyinə təminat istəyir” - Mübariz Əhmədoğlu

   “İranın lideri qatillərin təhlükəsizliyinə təminat istəyir” -    Mübariz Əhmədoğlu
  25 İyun 2023    Oxunub:3713
2020-ci il noyabrın 4-də, Ermənistanın kapitulyasiya sənədinin imzalamasına 4 gün qalmış İranın ali dini lideri, Silahlı Qüvvələrinin ali baş komandanı Ermənistan-Azərbaycan müharibəsinə münasibət bildirmişdi. Həmin müraciətdə müsbət məqamlarla yanaşı, qonşuluğa və xoş niyyətə yaraşmayan fikirlər var idi.
Xamneyi demişdi ki:
a) Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması vacibdir
b) Azərbaycan-İran sərhədlərində yerləşdirilmiş Suriya terrorçularu geri qayıtmalıdır.
İranın lideri ikinci bəndin üzərində xüsusilə dayanmışdı.

Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı ali dini liderin mövqeyi beynəlxalq hüquq və qonşuluq prinsiplərinə tam uyğun idi. Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı mövqeyi isə qonşu dövlətin daxili işlərinə qarışmaqdır. Çünki İran özü də Azərbaycan kimi çoxmillətli ölkədir. İranda da ermənilər yaşayır. SSRİ dağılan ərəfədə beynəlxalq aləmdə ermənilərin aktivliyini gördükdən sonra İran erməniləri zorla ərazisindən çıxarmışdı. Nəticədə bu gün İranda 400 min ermənidən 60 mini qalıb. Azərbaycandakı ermənilərə isə ali dini lider fərqli yanaşır.

Azərbaycanda hansısa etnik azlığın hüquqlarının pozulması ilə bağlı heç bir əsaslı dəlil yoxdur, olmayıb, olmayacaq da. Suriyadan guya terrorçuların gəlməsi yalanı isə İran üçün erməni işğalına son qoyan Azərbaycan Respublikasına qarşı istənilən anda müharibə elan etmək fürsəti anlamını daşıyırdı. Azərbaycanın Türkiyə və Pakistan parametrləri üzərində qurduğu siyasət İranın əl-qolunu bağladı. 44 günlük müharibə dövründə İran Ermənistana dəstək məqsədilə hərbi əməliyyatlara qoşula bilmədi.

Qarabağ ermənilərinin təhlükəsizliyinin təmini mövzusu II Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində önə çıxaraq, çox yaxın olan iki xalqın münasibətlərinə ciddi təsir etdi. İranda bunu başa düşənlər var. Hətta ali dini liderin regional nümayəndələri, İran prezidentinin aparatı, XİN Xamneyinin ofisi qarşısında məsələni qaldırdılar. İranın ali dini lideri Qarabağ ermənilərinin təhlükəsizliyinin təmini mövzusunda mövqeyini dəyişmədı. O, Ermənistanın və Qarabağ ermənilərinin Azərbaycan Respublikasına qarşı yeni müharibəsinə çox ümidlidir və səyi bu istiqamətdədir.

İran elitası müstəqil və davamlı inkişaf edən Azərbaycan Respublikasını böyük təhlükə kimi görür. Bu dövlətə İlham Əliyevin rəhbərlik etməsi İran üçün daha təhlükəli və dözülməzdir.

Qarabağ erməniləri son aylarda Azərbaycan torpaqlarının işğalında iştirak etmələri ilə öyünürlər, getdikcə də hərbi gücə meylləri artır. Qarabağın daxilində keçmiş döyüşçülər tez-tez toplanır. Qondarma qurumun de-fakto rəhbərləri onlarla görüş keçirir. “Artsaxın Müdafiə Nazirliyi” termini dövriyyəyə buraxılıb. Rusiya və digər yerlərdən yarımhərbi qüvvələr gətirilir.

Belə vaxtda Qarabağ ermənilərinə yanaşmanın fərdiləşməsi zərurətə çevrilir. Azərbaycan torpağının işğalında iştirak etməyən, yaxud rolu az olan Qarabağ erməniləri ilə Xocalı soyqırımını törədənlərin arasında mütləq fərq qoyulmalıdır. İran isə indi də fərq qoymadan Qarabağ ermənilərini, o cümlədən, Xocalı soyqırımını törədən və kütləvi məzarlıqlar yaradan erməniləri müdafiə etməklə bağlı qərarını qüvvədə saxlayır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri
AzVision.az üçün


Teqlər: İran   Ermənistan   Qarabağ  





Xəbər lenti