Avrasiya İttifaqı nəyə gətirib çıxaracaq? - TƏHLİL

Avrasiya İttifaqı nəyə gətirib çıxaracaq? - TƏHLİL
  02 İyun 2014    Oxunub:6829
Çoxdandır ki, reallaşması gözlənilən Avrasiya İttifaqının yaradılması ilə bağlı sazış bir neçə gün öncə imzalandı. Hələ ideya olaraq ətrafında geniş müzakirələrə və fərqli yanaşmalara səbəb olan ittifaqı hətta SSRİ-nin yeni formatda yaradılmasına cəhd kimi də qiymətləndirənlər tapıldı.

Rusiyanın yeni geosiyasi və geoiqtisadi formatlar ortaya atmasında başlıca hədəflər nədir və bu formatların hər hansı bir təsir gücü olacaqmı? İndi bu suallara məhz Avropada Ukraynanın timsalında qanlı çarpışmaların getdiyi, Yaxın Şərqdə isə Suriyanın timsalında Əsəd rejiminin bir çox proqnozları alt-üst edərək İran və Rusiyanın dəstəyi ilə hələ də ayaq üstə qalmasının fonunda cavablar axtarılır...

“Avrasiyaçılıq” nədir?

Avrasiyaçılıq nəzəriyyəsi bir geosiyasi və ideoloji konsepsiya olaraq hələ 20-ci əsrin əvvələrində formalaşıb. Əsasən rus fikir adamlarının ortaya atdığı bu ideya Türk dünyası ilə slavyan xalqlarının vahid etno-mədəni orqanizm olaraq birləşməsini və Qərbə qarşı real güc olaraq ortaya çıxmasını özündə təcəssüm etdirməkdə idi.

Sovet dönəmində isə Avrasiyaçılıq – Rusiyanın ABŞ-a qarşı Avropa və Asiyada duruş gətirə bilmək ideologiyasına çevrildi. Əslində çox cazibəli görünən və hətta məsələn, Lev Qumilyov kimi məşhur tarixçi-türkoloqların da müdafiə etdiyi bu nəzəriyyənin kökündə, ilk növbədə Rusiyanın imperialist maraqları dururdu. Hər bir idealist-siyasi nəzəriyyə zamanın acımasız təsiri ilə daha real şəkil aldğı kimi, Avrasiya nəzəriyyəsi də getdikcə öz ilk “günahsız” simasını dəyişərək, bu gün açıq şəkildə Rusiyanın siyasi iddialarını Qərbə nümayiş etdirmək formasını aldı.

MDB –Sovet İmperiyasının çöküşü ilə keçən əsrin 90-cı illərinin əvvəllərinin diqtə etdiyi və Rusiyanın da qəbul etməyə məcbur olduğu bir format idi. İstər o zaman MDB-yə qoşulan keçmiş Sovet respublikaları, istərsə də Rusiyanın özü, MDB-nin sadəcə “böyük qardaş üçün bir təsəlli” xarakteri daşıyan, mahiyyət etibarı ilə zaman keçdikcə təsir imkanları daha da zəifləyəcək dişsiz bir təşkilat olduğunu anlayırdılar. Təbii ki, Rusiya zamanla öz siyasi iddialarını reallaşdırmaq məqsədi ilə bu təşkilatdan maksimum dərəcədə istifadə etməyə cəhd göstərirdi. Lakin effekt, təbii ki, arzuolunan səviyyədə olmurdu.

Yeni modellər axtarışı

Və beləliklə Rusiya yeni format və model axtarışına başlayır, daha doğrusu buna məcbur qalır. Avropa Birliyinin timsalında Qərb Şərqə doğru genişlənərək artıq Rusiyanın sərhəddinə qədər gəlib çıxır. Geosiyasi əhəmiyyətə malik Cənubi Qafqazda Azərbaycan nəinki bölgə, hətta bütünlükdə Yazxın Şərq üçün böyük əhəmiyyət daşıyacaq layihələrin reallaşmasənda açar rolunu oynayır, Gürcüstanla yanaşı Qərbə inteqrasiya xəttini tutur. Orta Asiyada Qırğızıstanda baş verən narıncı inqilab, Qazaxıstanın əvvəlki illərlə müqayisədə xeyli dərəcədə müstəqil siyasət yürütməsi və Türk dövlətləri Birliyi ideasının reallaşması istiqamətində Azərbaycan və Türkiyə ilə birgə real addımlar atması, Rusiyanı ciddi narahat etməli idi. Bu rusları razı sala bilməzdi. Və razı salmır da.

Nəticədə Moskva maraqlarını güzəştə getmək niyyətində olmadığını və bir növ “hələ ayaq üstə dura bildiyini” ən radikal və açıq şəkildə 2008-ci ilin avqustunda göstərir. Gürcüstanda baş verənlərin ardınca, 1991-ci ildən sonra “birqütblü dünya” düzənini elan etmiş qərb strateqləri tələsdiklərinin fərqinə varırlar.

Lakin Qərbin Yaxın Şərqdəki düzəni “ərəb baharı” ssenariləri ilə dəyişməsi Rusiyanı yenə də prinsipial addımlar atmağa sövq edir. Moskva bir tərəfdən yeni ideyalarını ortaya atır: Gömrük Birliyi və Avrasiya İttifaqı. Amma buna paralel olaraq Qəddafinin öldürülməsi ilə Liviyada son dərəcə qiymətli olan Tarsus limanının itirməsi, İranla əlbir hərəkət edən Rusiyanı Suriyada sonadək mübarizə aparmağa məcbur edir. İran-Rus işbirliyinin nəticəsində Əsəd nəinki hakimiyyətdə qala bilir, hətta parçalanmış və yekçins olmayan müxaliflərin Qərbdən gələ biləcək hər hansı bir dəstəyi də neytrallaşdırmağa müvəffəq olur.

Moskva növbəti imtahanını Ukraynada verir. Krım ilhaq olunsa da, hədəfi bütünlükdə Ukrayna olan Moskva, şərq vilayətlərini qatışdırmaqla nəyisə dəyişməyə ümid edir. Çünki Rusiyanın “Avrasiya İttifaqı” projesinin reallaşması üçün, Ukrayna ən mühüm faktor idi. Moskva isə bunu uduzdu...

Avrasiya İttifaqı Rusiyaya nə verəcək?

Rusiya Qərbə təzyiqini gücləndirmək və post-sovet bölgəsində hələ də söz güc və nüfuz sahibi olduğunu göstərmək istəyir. Avrasiya İttifaqı məhz bunu Qərbə nümayiş etdirməyin forması olaraq Kreml tərəfindən ortaya atılıb. Lakin model, belə görünür ki, Rusiyaya dividendlər qazandırmaq yerinə əlavə “baş ağrısı” gətirəcək. Niyə?

Avrasiya İttifaqı Gömrük Birliyindən fərqli olaraq siyasi ittifaq kimi nəzərdə tutulurdu. Lakin bu ittifaqı yaradan digər iki tərəf müqabili – Belorusiya və Qazaxıstan daha çox iqtisadi işbirliyində maraqlı olduqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldular. Hətta Qazaxıstanın İttifaqın fəaliyyət istiqamətləri və prinsipləri ilə bağlı ciddi iradları olduğu aydın oldu. Rəsmi Astana bir çox prinsipial olaraq “Avrasiya İttifaqını” iqtisadi model olaraq gördüyünü açıq şəkildə ifadə etdi. Nəticədə Rusiyanın Qərbə alternativ güc olaraq fomalaşdırmaq üçün neçə zamandır ki, səy göstərdiyi siyasi birlik modeli, iqtisadi alyansa çevrildi...

İqtisadi alyans məsələsi də, Moskva üçün müəyyən problemlərə yol aça bilər. Belorusiyanın və Qazaxıstanın iqtisadi mənada Rusiyadan gözləntiləri var. Ukrayna ilə faktiki olaraq müharibə aparan Moskvanın Qərbin ciddi iqtisadi sanksiyalarla üzləşməsi fonunda, atıla biləcək addımlar fatal nəticələr verə bilər. Belorusiya qarşılıqlı ticarətdə bütün məhdudiyyətlərin götürülməsini tələb edir. Bunu Likoşenko belorus xalqına müraciətində də bəyan edib. Burada əsas məqam Rusiyanın Belorusiyaya satdığı neftdən gömrük rüsumlarının ləğv edilməsi məsələsidir. Belorusiya ilə ittifaqın il ərzində 7-12 milyard dollara başa gəlməsini nəzərə alarsaq, Moskvanın məhdudiyyətlər bağlı tələbi qəbul etməsinin nələrə gətirib çıxara biləcəyini anlamaq çətin deyil.

Qazaxıstan isə Qara dənizə birbaşa çıxış yolu əldə etməklə öz iqtisadi maraqlarının təmin ediləcəyinə ümid edir. Əgər bu yolda gömrük məntəqələri qoyulsa, o zaman məhsullar 2000 kilometrdən artıq yol qət edərək Qara dənizə çıxış əldə edənə kimi iki dəfədən çox bahalaşacaq. Bu isə təbii ki, qazax məhsullarının dünya bazarında qiymətinin artmasına və alıcılarını itirməsinə yol açacaq. Digər tərəfdən Astana ittifaqa daxil olmaqla, Orta Asiyanı getdikcə ahuşuna alan Çin təsirindən özünü ruslar vasitəsi ilə qorumaq niyyətindədir ki, əslində bu da anlaşılandır. Qeyd edək ki, Belorusiya da analoji olaraq özünü bu yolla Avropa Birliyinin təsirindən sığortalamağa çalışır.

Tacikistan Putinin Avrasiya İttifaqına qoşulmağa hazırdır. Ancaq rəsmi Düşənbə Moskvanın 12 milyard dollar sərmayə qoymasında israr edir. Qırğızıstan tələb edir ki, Rusiya yaxın 5-7 illlik dövr üçün hər ili 200 milyon dollar olmaqla Qırğızıstan iqtisadiyyatına dəstək fondu yaratsın. Bundan başqa, rəsmi Bişkek Qırğızıstanın sərhədlərində müvafiq infrastrukturun yaradılması üçün tələb olunan 220 milyon dolları da Rusiyanın üzərinə qoymağa çalışır. Moskva təbii ki, bütün bu tələblərin iqtisadi nöqteyi nəzərdən nələrə səbəb olacağını anlayır. Lakin bununla belə iqtisdi olsa belə “dövlətlərüstü birlik” yaratmaq ideyasından əl çəkə bilmir.

Rusiyanın forpostu Ermənistanın isə düşdüyü durum göz qabağındadır. Azərbaycanın Nazarbayevin əli ilə endirdiyi sarsıdıcı diplomatıik zərbə, ardınca da Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı Rusiyadan aldığı “rədd” cavabı, rəsmi Yerevanı nəinki iqtisadi, hətta daxildə ciddi siyasi problemlərə üz-üzə qoyub.

Avrasiya İttifaqının sərhədləri genişlənəcəkmi?

Bu suala cavab vermək istədikdə ilk ağla gələn ad –Türkiyə olur. İttifaq layihəsi məsələsi hələ keçən ilin yayında dünya ictimaiyyətinin aktiv müzakirisənə səbəb olduğu zamanlarda da qardaş ölkənin adı hallandırılırdı. Eyni proses təşkilat özünü elan etdikdən sonra da təkrarlanmağa başladı. Lakin bu dəfə Rusiya rəsmiləri daha layihənin geniş bir siyasi və iqtisadi əməkdaşlıq nəzərdə tutduğunu önə çəkərək yalnız MDB məkanı ilə kifayətlənməyəcəyini və birliyə 40 ölkənin müraciət etmək istədiyini açıqladılar.

Təbii ki, bu siyahıda Türkiyənin də adı qeyd edilirdi. Avrasiya İttifaqı İnstitutunun rəhbəri Zanargül Kusmanqaliyevanın Hindistan, Yeni Zelandiy, Vyetnam və bir sıra başqa öklərələ yanaşı Türkiyəni də qeyd etməsi istər-istəməz müəyyən suallar yaradır. Məsələn, bir sıra ciddi iri layihələrin əsas hərəkətverici qüvvəsi olan (tutaq ki, TANAP) Türkiyə, nə dərəcədə Rusiya ilə iqtisadi və siyasi maraqlarını uzlaşdıra biləcək? Axı bu lahihələrin qarşısında duran əsas güc də məhz Rusiyadır. Eyni zamanda Türkiyənin Qərb cinahında təmsil olunmasını (ən azı bir NATO ölkəsi olaraq) nəzərə alsaq, burda həqiqi üzvlüyə qəbul olunması ehtimal vermək ağılsızlıq olardı.

O başqa məqamdır ki, Türkiyə İttifaqın özü ilə geniş formatda müstəqil subyekt olaraq bir çox sahələrdə əməkdaşlıq edə bilər. Bu əsasən yanacaq sektoru ola bilər ki, rəsmi Ankaranın artıq 2 ilə yaxındır bütün ikitərəfli beynəlxalq təmaslarında (İranla görüşü yadımıza salaq) prioritet olur. Türkiyə bu əməkdaşlıqla Avropaya yanacaq nəqli məsələsində də ciddi avantajlar əldə edə bilər. Yəni Ankara iqtisadi nöqteyi nəzərdən İttifaqla sıx əməkdaşlığa gedə bilər və hətta bu lazımdır, lakin birbaşa tamhüquqlu üzvlük məsələsi isə siyasi hədəflərdən dolayı real görünmür. Təbii ki, Aİ ilə geniş formatda iqtisadi əməkdaşlıq, Türkiyəyə Avropa Birliyi məsələsində də Qərbə təzyiq imkanları qazandıracaq ki, bunu da unutmaq olmaz. Digər ölkələrin, əsasən də Cənub-Şərqi Asiya ölkələrinin bu ittifaqa daxil olması məsələsini istisna etmək olmaz.

Blef, yoxsa SSRİ-nin bərpası?

2010-cu ildə Gömrük Birliyi ideyasını gerçəkləşdirmək üçün müəyyən addımlar atan Rusiya, indi də Avrasiya İqtisadi İttifaqının yaradılması prosesinə start verdi. Moskva ilk növbədə bu müqavilənin imzalanması ilə, Sovetlərin yeni formada olsa belə bərpa edilməsi fikrinin ağıllara gəlməsi üçün bütün imkanlardan istifadə etməkdədir. Lakin reallıq bunun belə olmadığını göstərir. İttifaqı təsis edən hər üç ölkə arasında hal-hazırda var olan Gömrük Birliyi müəyyən siyasi və iqtisadi səbəblərdən özünü faktiki olaraq doğrultmur.

Gömrük Birliyinin perspektivinin qaranlıq olmasını Qərblə münasibətlərində Moskvaya görə körpüləri yandırmaq istəməyən Ermənistanın belə bura daxil olmağa tələsməməsi sübut edir. Sözügedən birlik modelinin özünü doğrultmadığı bir zamanda Moskvanın eyni üç ölkə ilə yeni bir iqtisadi ittifaq qurması, sadəcə olaraq çabalamaqda olan Moskvanın öz siyasi iddialarını gerçəkləşdirmək məqsədi ilə ortaya atdığı çoxsaylı layihələrdən biri kimi qiymətləndirilə bilər. Birmənalı şəkildə vurğulanmalıdır ki, Ukraynanı öz içinə almayan Avrasiya İqtisadi İttifaqı iqtisadi nöqteyi nəzərdən “ölü doğulmuş” layihədir. Lkin bu layihə, hələ gələcək perspektivi nə qədər qeyri-müəyyən olsa belə Qərb üçün təzyiq alətidir. Qərb və Rusiya münasibətləriniisə məhz belə xarakterizə etmək mümkündür: “məcburiyyətdən doğan sevgi”.

Rusiyanın, bir çox “politoloqların” iddia etdikləri kimi Qərb tərəfindən parçaanması və sıradan çıxarılması əslində gülünc iddiadır. Bunun da çox ciddi səbəbləri var. Qısa olaraq onu deyə bilərik ki, bu ilk növbədə dünyada güc balansının dəyişməsi və iqtisadi xaosun yaranmasına gətirib çıxarda bilər ki, bu da Qərb üçün ölümcül zərbə almaq mənasına gəlir. Şərqdə nəhəng Çin faktoru unudulmamalıdır və Rusiya nə qədər Qərbin xoşuna gəlməsə də, ikinci rəsmi Moskvanın nazı ilə oynamağa məcburdur.

Eyni hal Rusiya üçün də keçərlidir. Bir sözlə, Çin hə Qərb, həm də Rusiya üçün “qorxulu röya” və tərəflərin biri-birinə olan münasibətlərində “ilham mənbəyidir”. Qərbin planı Rusiyanı dağıtmaq deyil, əksinə Rusiya bazarını ələ keçirmək, Çinin Rusiya üzərində təsirinə mane olmağa çalışmaqdır. Rusiyanın böyük təbii resursları – qərbun Rusiya sevgisinin başlıca məqamıdır.

Yekun olaraq isə onu qeyd etmək lazımdır ki, istər Vahid Gömrük Birliyi, istərsə də Avrasiya İqtisadi İttifaqı Rusiyanın Qərbə qarşı demarşı və Qərbə münasibətdə post-sovet məkanında güc mərkəzi kimi özünü təsdiq etmək çabası kimi qiymətəndirilməlidir, hələlik nə dərəcədə özünü doğruldacağı ciddi şübhələrə yol açan ittifaqlar qurmaqla...

Vüqar ZİFƏROĞLU
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti