Özbəkistan seçkiyə hazırdır – MSK sədri detalları açıqladı

   Özbəkistan seçkiyə hazırdır –   MSK sədri detalları açıqladı
  08 İyul 2023    Oxunub:1742
“Sabah Özbəkistanda növbədənkənar prezident seçkisi keçiriləcək. Bu seçkiyə ciddi hazırlıq görülüb. Biz azad, demokratik seçki keçirməyin mütərəqqi üsullarını öyrənərək, tətbiq etmişik”.
Bu sözləri Özbəkistanın Mərkəzi Seçki Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev ölkədə keçirilən növbədənkənar seçkiləri müşahidə etməyə akkreditasiya olunmuş xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.


Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilib - FOTOLAR
O bildirib ki, MSK mayın 10-dan seçki hazırlıqlarına start verib və tədbirlər planını təsdiqləyib. Ölkədə 10784 seçki məntəqəsi yaradılıb. Həmin məntəqə üzvlərinin ümumi sayı 108399 nəfərdir. Bunların 47,9%-i kişilər, 52,1%-i qadınlardır. Həmçinin üzvlərin 51%-i yaşı 40-dan az olan gənclərdir.

Seçkiləri izləmək üçün “Saylov-2023” proqram təminatı yaradılıb. 19.593.838 nəfərin adı dəqiqləşdirilərək, seçicilərin vahid siyahısına daxil edilib. Hər bir vətəndaşa adının siyahıda olub-olmadığını dəqiqəşdirmək imkanı yaradılıb.


Seçkilərin keçiriləcəyi 208 rayon və şəhərdəki seçki məntəqələrinin hər birində azı iki kamera quraşdırılıb. Onlar prosesin gedişini canlı yayımlayacaqlar. Canlı yayım həm MSK-nin saytında, həm də mərkəzi televiziyada veriləcək.

Seçkiləri izləmək üçün 797 xarici müşahidəçi qeydə alınıb. Yerli müşahidəçilərin sayı 53677 nəfərdir. 1400 yerli və xarici media orqanı prosesin gedişini işıqlandırmaq üçün cəlb olunub. Onların 125-i xarici media orqanıdır.


Seçki gününü vətəndaşlara xatırlatmaq üçün onların telefonlarına SMS-lər göndərilib.

Prezident vəzifəsi uğrunda mübarizə aparan 4 namizədin 58 vəkili qeydiyyata alınıb. Namizədlərin hər birinə təbliğat aparmaq üçün telekanallarda 1400 dəqiqə vaxt, mərkəzi qəzetlərdə 1 səhifə yer ayrılıb.

Kampaniya çərçivəsində namizədlərin 691314 müxtəlif təbliğat vasitələri (plakatlar, bukletlər və s.) paylanıb. Ölkə boyunca 966 bilbord və 1317 monitor quraşdrılıb. Təbliğat vasitələrində namizədlərin dördünə də eyni imkanlar yaradılıb.


Fiziki imkanları məhdud olan vətəndaşların səs verə bilmələri üçün xüsusi imkanlar yaradılıb. Namizədlərin təbliğatı surdotərcümə və brayla əlifbası ilə də yayımlanıb.

Səsvermə iyulun 9-da səhər 8-dən axşam 8-ə qədər davam edəcək.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Özbəkistan   Seçki  





Xəbər lenti