Lirə niyə batır yerə? | Pərviz Heydərovun şərhi

// Türkiyə valyutasının xilası nədən asılıdır

      Lirə niyə batır yerə? |    Pərviz Heydərovun şərhi
  13 İyul 2023    Oxunub:6592
Türkiyədə milli valyuta dəyər itirməkdə davam edir. Artıq 1 ABŞ dolları 26 lirəni keçib. İlin əvvəlindən bəri lirə 15-16% dəyər itirib. Qardaş ölkənin valyutası əvvəllər vaxtaşırı ucuzlaşsa da, bu, müəyyən zaman çərçivəsində baş verib və proses sonradan ya səngiyib, ya da əks dinamika nümayiş etdirib. Budəfəki dəyərsizləşmə isə həm davamlığı, sürəti və getdikcə dərinə işləməyə meyl etməsi, həm də ümumiyyətlə, nəzarətdən çıxma qorxusu ilə seçilir.
Lirə bir neçə il bundan qabaq Türkiyə iqtisadiyyatına təzyiqlər fonunda ucuzlaşmağa başlamışdı. Söhbət hələ pandemiyadan öncəki vaxtdan gedir. Qərbin təzyiqləri Ankara ilə siyasi münasibətlərinə görə yarandığından, bu gün də davam edir. Nəticədə ölkəyə xarici kapital axını əvvəlki illərlə müqayisədə kəskin azaldı. İnvestisiya avtomobilə benzin tökmək kimi bir şeydir: iqtisadiyyata kapital qoyuluşu olmadısa, inkişaf dayanacaq.

Üstəgəl, 2020-ci ildə pandemiya səbəbindən bir sıra iqtisadi fəaliyyət sahələri qapandı və məhdudlaşdı, iqtisadi fəallıq məcburən çərçivəyə salındı. Türkiyəyə xarici valyuta gətirən əsas sahələrdən biri turizm idi. Pandemiya ən böyük zərbəni hər yerdə məhz turizm sektoruna vurduğundan, qardaş ölkə bu mənada daha çox şey itirdi.

Üçüncüsü, pandemiyadan sonra bütün dünyada qiymətlər yüksəldi. Enerjidaşıyıcıları bahalaşdı, ərzaq məhsullarının qiyməti qalxdı, bütün məhsullar üzrə təklifin tələbi ödəyə bilməməsi situasiyası yarandı ki, bu da zəncirvari reaksiya ilə bütün ölkələrdə həm idxalı, həm də yerli istehsalı bahalaşdıraraq, inflyasiyaya əlavə təsirlər yaratdı. Ankaranın valyuta xərcləri yüksəldi. Bu isə biznes dairələrinin işlərini daraltdı, riskləri artırdı. Sahibkarlar gözləmə mövqeyi seçməklə yalnız özlərini sığortalamaq haqda düşünməyə başladılar.

Bu yazıları da oxuyun:
Rublun ucuzlaşması Azərbaycana necə təsir edəcək? – Moskvadan baxış
“Rublun zəifləməsi MDB ölkələrinə də təsir edəcək” – Ukraynalı ekspert

Lirənin illər öncədən başlayaraq niyə ucuzlaşdığının səbəbləri siyahısını bir az da uzatmaq olar. Hələ dövlətin xaricə borc öhdəlikləri və sair üzrə ödənişlərini demirəm - bu da ölkədən kənara valyutanın çıxmasına səbəb oldu.

Gördüyümüz kimi, türk lirəsinin dəyərsizləşməsi yeni tendensiya deyil, xeyli əvvəl başlayıb və artıq uzun müddətdir davam edir. Prezident seçkilərindən sonra isə proses bir az da sürətləndi. Ölkədə valyuta ehtiyatları qeyri-qənaətbəxş səviyyəyə düşüb. Kapital axını olmadığından, vəziyyət kritikdir.
“Rublun zəifləməsi MDB ölkələrinə də təsir edəcək” – Ukraynalı ekspert

Hazırda hər şey yeni hökumətin hansı siyasəti yürüdəcəyindən asılıdır. İqtisadi sabitlik, investisiyalar üzrə fəallıq bərpa olunmasa, inflyasiya səngiməsə lirənin aqibəti acınacaqlı ola bilər. Türkiyədə "açıq bazar", yəni üzən məzənnə rejimi hökm sürür. Məsələ bundadır ki, hazırda ölkənin ixracdan geniş valyuta gəlirləri əldə etmək imkanı yoxdur. Bizdə Mərkəzi Bank manatın dollara münasibətini əlində saxlayır. Bu da ixrac etdiyimiz neftin və qazın hesabınadır. Odur ki, infilyasiyanı cilovlaya, nisbətən məhdudlaşdıra və nəzarətdə saxlaya bilirik. Türkiyənin isə əlində belə bir vasitə yoxdur.

Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi, əvvəllər Avropa və digər ölkələrdən investorlar gəlirdilər. Lakin siyasi səbəblər ucbatından bu axın dayandı. Bir ölkəyə kənardan pul axını kəsiləndə isə, istər-istəməz onun valyutası titrəməyə başlayır.

Lakin vəziyyəti dəyişmək üçün müəyyən şanslar da yox deyil. İlk növbədə ölkədə infilyasiyanın qarşısı alınmalı, iqtisadiyyatda sabitlik əldə olunmalıdır. Kənara kapital axını bütün vasitələrlə məhdudlaşdırılmalı, Türkiyə Mərkəzi Bankı sərt pul-kredit siyasətinə keçməlidir. Çox qəribədir ki, bütün yuxarıda qeyd olunanların fonunda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini aşağı salır, ucuz pul-kredit siyasəti həyata keçirirdi. Lirənin ucuzlaşmasının səbəbləri aydın göründüyü halda, hökumətin, xüsusən də situasiyaya görə cavabdehlik daşıyan Mərkəzi Bankın vəziyyəti nəzarətə götürmək əvəzinə odun üzərinə yağ tökməsi siyasətinin nə məqsəd daşıdığı hələ də aydın deyil. Belə şəraitdə pulun dəyərini hökumət siyasəti ilə əlavə ucuzlaşdırmaq siyasəti hansı məntiqə sığırdı – burası izah olunmur. Milli pul vahidini dəyərdən salmaq yolu ilə iqtisadi aktivliyi yüksəltmək və ixracı genişləndirmək metodu bu şəraitdə əsla effekt verə bilməzdi və vermədi də. Bunu türk məhsullarının qiymətlərinin heç də aşağı düşməməsi faktı da sübut etməkdədir. İstehsalda maya dəyəri qalxdığı təqdirdə yerli məhsullar necə ucuzlaşa bilər?

Sözün qısası, ölkənin valyuta gəlirlərinə diqqət artırılmalı, ən çox xarici valyuta gətirən məhsul və xidmətlər üzrə stimullaşdırıcı addımlar atılmalı, müvafiq güzəştlər tədbiq olunmalıdır. Əgər yeni hökumət təcili tədbirlər görməsə, xaricdən külli miqdarda kredit götürmək məcburiyyəti yaranacaq. Lakin qardaş ölkə iqtisadiyyatının - lirənin təcili böhrandan çıxması bizim üçün də vacibdir.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:   Lirə   İnflyasiya   Türkiyə  





Xəbər lenti