“AzerGold”un İdarə Heyətinin sədri Naxçıvana gedib

“AzerGold”un İdarə Heyətinin sədri Naxçıvana gedib
  14 İyul 2023    Oxunub:1047
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir
İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Görüşdə ötən ay dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Muxtar Respublikanın iqtisadiyyatının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə böyük təkan verəcəyi vurğulanıb.

Qeyd edilib ki, Cəmiyyət tərəfindən Muxtar Respublikanın Culfa rayonunun ərazisində yerləşən və perspektivli hesab edilən 2 yataq, 2 təzahür sahəsində müxtəlif mərhələlər üzrə kəşfiyyat və tədqiqat işləri aparılır. Sözügedən yataq və təzahür sahələrinə “Ortakənd” qızıl, “Başkənd” mis-qızıl, “Paradaş” mis təzahür, eləcə də “Göydağ” mis-molibden təzahür sahələri daxildir.

“Ortakənd” qızıl yatağında 2018-dən ildən etibarən mərhələli şəkildə buruqqazma,
çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib. Hazırda yatağın istismara hazırlığı
prosesi çərçivəsində İlkin Texniki-İqtisadi hesablama parametrləri üzrə araşdırmalar
davam etdirilir. Texniki-İqtisadi Əsaslandırmanın daha sonrakı mərhələlərində yatağın
mövcud resurslarının həcmi və tətbiq ediləcək texnoloji metodologiya müəyyən ediləcək.
Əlavə edilib ki, indiki mərhələdə nəticələr çox ümidvericidir.

Z.İbrahimov, həmçinin ənənəvi olaraq, nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və
insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsinin
qanunvericiliyin tələblərinə uyğun qaydada beynəlxalq norma və standartlar əsasında aparılacağını vurğulayıb. Bildirilib ki, “Ortakənd” qızıl yatağının qarşıdakı illərdə , digər
yataqların növbəti illərdə istismara verilməsi, hər bir yataq üzrə təqribən 500 nəfərlik
daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da yeni mədənlərin işə salınması ilə
Muxtar Respublikada məşğulluğun artırılmasına ciddi töhfə verilməsi planlaşdırılır.
İdarə Heyətinin sədri 2023-cü ilin avqust ayından etibarən Naxçıvanda ilk dəfə
olaraq innovativ kəşfiyyat metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk
görüntülərinin çəkilişlərinin həyata keçiriləcəyini qeyd edib. Beləliklə, Naxçıvan MR-in
şimal-şərq hisəssini əhatə edən 2,566 km² sahədə məsafədən peyk üsulu ilə hiperspektral
zondlama tipli tədqiqatların aparılmasına başlanılacaq və tədqiqatlar nəticəsində
perspektivli lokal sahələr müəyyən olunacaq.

Z.İbrahimov Cəmiyyətin korporativ sosial məsuliyyət missiyasına uyğun olaraq
digər hasilat sahələrinə qonşuluqda yerləşən şəhər, qəsəbə və kəndlərdə icra edilən
ənənəvi sosialyönümlü proqramların Naxçıvanda da həyata keçiriləcəyini qeyd edib.
Hazırda sözügedən regionda yerləşən yataqlarda aparılan fəaliyyətin geoloji kəşfiyyat və
tədqiqat mərhələsində olmasına baxmayaraq, regionun spesifik xüsusiyyətləri, yerli
icmaların ehtiyac meyarları nəzərə alınmaqla sosial dəstək layihələrinin hazırlanaraq icra
ediləcəyini qeyd edib. Z.İbrahimov yeni yataqların istismara verilməsi ilə ölkə
iqtisadiyyatına, xüsusilə də Naxçıvanın sosial-iqtisadi inkişafına, məşğulluq səviyyəsinin
artırılması, həmçinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına böyük töhfə
verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti