Müəllimlər sual verdi, nazir cavablandırdı

Müəllimlər sual verdi, nazir cavablandırdı
  03 İyun 2014    Oxunub:1208
Bu gün təhsil naziri Mikayıl Cabbarovun Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşü keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə Təhsil Nazirliyinin müfaviq struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və idarənin əməkdaşları da iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov 2013 – 2014– cü tədris ilinin yekunları barədə ətraflı məlumat verib və qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. Nazir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb.

Görüş zamanı təhsildə müəllim hazırlığı, kurikulumun tətbiqi, məktəblilərin fənn olimpiadaları, “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələri, tədris ilinin uzadılması, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi kimi mövzulara toxunulub və bu barədə müzakirələr aparılıb.

Nazir 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılacağını bildirib.

Sınaq qiymətləndirmənin diaqnostik tədqiqat xarakteri daşıdığı və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirildiyi qeyd edilib. Bu proses ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsinə xidmət edir.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov müəllimlərin həyata keçirilən islahatlarla bağlı çoxsaylı suallarını cavablandırıb.










Teqlər:  





Xəbər lenti