Ulu Öndərin 100 illiyi münasibəti ilə 100 min Sidr ağacı əkilib

Ulu Öndərin 100 illiyi münasibəti ilə    100 min Sidr ağacı əkilib
  17 İyul 2023    Oxunub:1090
İsmayıllıda Ümumilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə 100 min Sidr ağacı əkilib.
Tədbirdə Azərbaycanda akreditə olunmuş xarici ölkələrin səfirləri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) rəhbər və nümayəndələri, iş adamları və digər rəsmi şəxslər iştirak edib.

Aksiya çərçivəsində həmçinin, Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva jurnalistlərə açıqlamasında bildirib ki, hər bir Azərbaycanlı ilə yanaşı ölkədəki xarici diplomatlar Ulu Öndərlə bağlı keçirilən tədbirlərə öz töhfələrini verməkdə maraqlıdırlar:

“Gördüyünüz kimi burada müxtəlif ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri həm ağacəkmə aksiyasında iştirak edir, həm də əkilmiş ağaclara baxış keçirir.

Bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müxtəlif tədbirlər təşkil olunur. Hər bir Azərbaycanlı kimi diplomatlarımız da Ümummilli Liderlə bağlı məsələlərdə öz töhfələrini verməyə çalışır.

Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, dünya miqyasında öz sözünü demiş bir ölkədir. Bu tədbirdə də diplomatlarımızın iştirak etməsi Azərbaycana münasibəti göstərir. Ümumilli Liderə sevgi, Azərbaycana sevgidir”.

Ağacəkmə aksiyasını təşkil edən iş adamı Məzahir Həsənov isə bildirir ki, Ulu Öndərə olan sayğı onun nadir ağacların Azərbaycana gətirilərək əkilməsinə şərait yaradıb:

“Mən özüm Birinci Qarabağ müharibəsi iştirakçısıyam və hazırda ehtiyatda olan zabitəm. Ümummilli liderin 100 illiyi ilə bağlı əkilən bu Sidr ağaclarının hər birini biz Altaydan gətirmişik. Onu qeyd edim ki, Rusiya qanunvericiliyinə görə, bu ağacların icazəsiz kəsilməsi və daşınması qadağandır. Amma biz Ulu öndərin 100 illiyi münasibəti ilə özəl olaraq rəsmi icazə əsasında bu ağacları Azərbaycana gətirdik. Ümummilli liderimiz yaşıllığa, ağaclara xüsusi önəm verdiyindən hesab edirəm ki, bu onun yubileyinə xüsusi töhfədir”.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kayrat Osmonaliyev isə jurnalistlərə açıqlamasında bildirib ki, Ulu Öndərin 100 illiyi münasibəti ilə keçirilən ağacəkmə aksiyasında iştirak etməkdən məmnundur:

“Bu gün belə bir aksiyada, yəni Azərbaycanın yaşıllaşdırılmasında iştirak etmək bizim kimi diplomatik korpusun nümayəndələri üçün möhtəşəm fürsətdir. Gördüyümüz kimi kiçik Sidr ağacları əkilib, bunlar 10 il sonra Azərbaycanı daha gözəlləşdirən, daha da yaşıllaşdıran ağaclara dönüşəcək. Bu aksiyanın Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilməsi xoşdur və bizim üçün böyük şərəfdir. Eyni zamanda biz bu gün ölkələrimiz arasındakı diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. Hesab edirik ki, diplomatiyanı müxtəlif səviyyələrdə nümayiş etdirmək olduqca vacibdir, o cümlədən bu formada”.

Vətəninə, ölkəsinin inkişafına ürəkdən xidmət edən Məzahir Həsənov kimi Azərbaycan vətənpərvərlərini görmək xüsusilə xoşdur. Azərbaycanı qonaqpərvər ölkə kimi görürük. Ölkənizin daha da çiçəklənməsini arzulayır, Azərbaycan xalqına rifah diləyirik”.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare da öz növbəsində belə bir aksiyada iştirakdan məmnun olduğunu qeyd edib:
“Bu il Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən bu aksiyada iştirak etmək bizim üçün şərəfdir. Bildiyiniz kimi bu ağaclar uzaq diyarlardan Altaydan gəlib. Bunlar simvolik məna daşıyır, gözəl ideyadır”.

Ağacəkmə aksiyasında iştirak edən digər bir diplomat Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenkodur. Səfir qeyd edib ki, Azərbaycanın tarixi günündə burada olmaqdan məmnundur:

“Qeyd etmək vacibdir ki, biz min illərdir birlikdə yaşamış qardaş xalqlarıq. Ona görə bizi mədəniyyətimiz, ənənələrimiz, mentalitetimiz birləşdirir. Bu il Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 100 illik yubileyi və ölkələrimiz arasındakı diplomatik əlaqələrin 30 illiyi qeyd edilir. Biz keçən il strateji əməkdaşlıq haqqında deklarasiya imzaladıq. Ona görə öz əməkdaşlığımızı inkişaf və davam etdirəcəyik”.

AzVision.az

Qalereya




Teqlər: Ağac  





Xəbər lenti