“Qarabağda Rusiya sülhməramlısı qala bilməz” – Latviyalı ekspert

  “Qarabağda Rusiya sülhməramlısı qala bilməz” –    Latviyalı ekspert
  18 İyul 2023    Oxunub:4758
“İyulun 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar olub. Bu görüş göstərir ki, Qərb Azərbaycanla Ermənistan arasında münaqişəli vəziyyətin həllində ən yüksək səviyyədə maraqlıdır”.
Bunu AzVision.az -a açıqlamasında hərbi ekspert, Latviya silahlı qüvvələrinin istefada olan baş zabiti Eynars Qraudinş deyib. Onun sözlərinə görə, əgər münaqişəni başa çatdırmaq üçün lazım olan detalları araşdırsaq, bəlli olacaq ki, onu indiki şərtlər daxilində həll etmək mümkün deyil.

“Biz Azərbaycan və Ermənistan arasındakı vəziyyətə təkcə Qarabağ prizmasından deyil, həm də Rusiya-Ukrayna münaqişəsinin mövcud olduğu geosiyasi arenadan baxmalıyıq. Mən Qarabağın bütün sakinlərinə sülh arzulayıram, istəyirəm azərbaycanlılar və ermənilər sülh içində yaşasınlar, amma hələ ki tam barışıq və sülh müqaviləsinin bağlanması üçün yetişmiş şərait görmürəm. Rusiyanın Ukraynaya təcavüzü məsələsi hələ də həllini tapmayıb. Mən Avropa İttifaqının gələcəkdə Azərbaycan ərazisində Rusiya “sülhməramlıları”nın qalması ilə razılaşacağına şübhə edirəm. Məncə, bundan söhbət gedə bilməz”,- ekspert vurğulayıb.
Paşinyan Qarabağdan gedən erməniləri məyus edib

Qraudinşin fikrincə, məsələ Ermənistan və erməni milli kimliyi, eləcə də siyasi elita və onun sabitliyi baxımından çox ağrılıdır, bununla belə, İrəvan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır: “Bu gün Avropa bir dövlətin digər dövlətin ərazisini zəbt etməsinə son dərəcə mənfi yanaşır. Qeyd olunan “yol xəritəsi” ilə bunlara nail olmaq mümkündür. Bu mənim şəxsi fikrimdir. Ola bilsin ki, çoxlarını məyus etsin, ancaq inanıram ki, bunlar yalnız Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra həyata keçirilə bilər. Başqa cür alınmayacaq”.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti