Quranı yandıran iranlılar – Mübariz Əhmədoğlunun yazısı

      Quranı yandıran iranlılar    – Mübariz Əhmədoğlunun yazısı
  24 İyul 2023    Oxunub:2456
Qərb dünyasında İslam dininə münasibət dəyişir. Tolerantlıq, söz azadlığı, demokratiya kimi tarixi dəyərlərə əməl olunmur. Quranın yandırılması söz, fikir azadlığının tərkibi ola bilməz. Əksinə, söz və fikir azadlığı düşüncə müxtəlifliyi kontentlərini məcburi hesab edir.
Avropaya müsəlman ölkələrindən yaşamaq məqsədilə çoxsaylı inanclı şəxslər gedir. Gedən müsəlmanlar Avropa həyat tərzinin verdiyi üstünlükdən bəhrələnir, eyni zamanda, bu dəyərlərin tam əksinə hərəkət edirlər. Buna görə də Avropa cəmiyyətlərində müsəlmanlardan yorulma müşahidə olunur.

Son dövrlərdə hökumətlər səviyyəsində İslam dininə, onun daşıyıcılarına qarşı təzyiqlər başlayıb. Almaniyada məktəblərin birində müsəlman ailəsindən çıxmış uşağın “bizim ailədə LGBT-yə münasibət pisdir” deməsindən sonra dövlət qurumlarının onu doğmalarından ayırması Avropa dövlətlərinin İslama qarşı addımı kimi dəyərləndirilməlidir. İndiyə qədər çəkilən karikaturalar, Quranın yandırılması, Peyğəmbərin təhqir olunması əslində fərdi şəxslərin fəaliyyəti kimi dəyərləndirilə bilərdi. İsveçdə Quranın yandırılması məhkəmə qərarı vasitəsilə reallaşdırıldı. Məhkəmə də hər bir Avropa ölkəsində hakimiyyətin növüdür. Fransada baş verənlər də Avropa dövlətlərinin İslama qarşı mübarizə əhval-ruhiyyəsinin göstəricisidir.

Normal məntiqlə İslamın daşıyıcısı Avropaya köçməməlidir. Çünki bizim dinimiz axırıncı, ən mütərəqqi və ən inkişaf etmiş dindir. Qurani-Kərimin bəyan etdiyi prinsiplərin real həyatda təcəssümü isə tamamilə başqa məsələdir. Ona görə də əmin-amanlıq Avropadadır. Bir müsəlman həyatda istədiyini doğulduğu, boya-başa çatdığı İslam ölkəsində deyil, məhz Qərb ölkəsində tapır. Amma beyninin içi dəyişməyib axı. Bu fərqlilik-dissonans müsəlmanları kütləvi surətdə Avropanın qucağına tullayır. Məsələnin həlli mütləq tapılmalıdır. Əks təqdirdə uduzan məhz müsəlmanlar və İslam olacaq. Avropadan qovulacaqlar, böyük zülmə məruz qala bilərlər, çox ciddi toqquşmalar mümkündür. Avropanın əlində bu istiqamətdə ciddi arsenal var.

İslam dinində dissonans əsasən İranda müşahidə olunsa da, təkcə ora aid deyil. BƏƏ Fələstinə yardımı dayandırmasına bir neçə səbəb göstərdi. Səbəblərdən biri də məzhəb fərqi idi. BƏƏ vəhabi, fələstinlilər isə hənəfi məzhəbinin daşıyıcısıdır. Qətərin Fələstinə münasibətində, Qətərlə Səudiyyə Ərəbistanı arasında son dövrlərdə baş verən gərginliklərdə təkcə “Əl-Cəzirə” telekanalı amili yox idi.

İslam dininə qeyri-səmimi münasibət ən çox qonşumuz İrandan görünür. Hətta yayılan şayiələrə görə, İranda nəşr olunan Qurani-Kərimdə bəzi ayələr dəyişdirilib. İranda bəzi din təbliğatçılarına görə, Quran 4%-ə qədər sələmə icazə verir. Halbuki, Quranda sələmin qadağan olunması haqda birbaşa 7, dolayısı ilə 11 ayə var. Sələmi qadağan edən xeyli hədis var. İranda dövlət bankları 4% sələmlə işlədiyi üçün bunu dini yolla rəsmiləşdirirlər. Ərəb dünyasındakı banklar “İslam bankçılığı” prinsipi ilə işləyirlər.

Ədalət - dinimizdə Allahın ilk adlarından biridir. Bütün müsəlman dünyasında, xüsusilə İranda ən qıt şey məhz ədalətdir. Hicaba yanaşma da belədir. İranda dini ayaq altına salmaq adi hala çevrilib. Ermənilərin anti-Azərbaycan fəaliyyətinin hərtərəfli dəstəklənməsi İran üçün hər şeydən, o cümlədən, dindən də üstündür.

Müsəlman dünyasındakı dissonansın Qərbə çatdırılmasında əsas körpü Ermənistandır. ABŞ-ın Ermənistandakı səfirliyi 3 - ingilis, erməni və fars dillərində işləyir. İrəvanın təkcə İranla deyil, BƏƏ ilə əlaqələri də bu işdə təsirli rol oynayır. ABŞ-ın Ermənistandakı səfirliyində LGBT ilə iş üzrə xüsusi qrup var. Bu, Ermənistanın daxilindəki LGBT üçün deyil. Gürcüstanda bu il LGBT mövzusunda böyük hay-küy salsalar da, Ermənistanda bu məsələ qalxmadı. Amma LGBT şöbəsi İran gəncləri istiqamətində fəaliyyətdədir.

İran gənclərinin xeyli hissəsi ermənilərin vasitəsilə xristianlığı qəbul edərək, ABŞ-da yaşamaq izni alırlar. ABŞ və ya hansısa Qərb dövləti İran gəncinə öz ölkəsində Quranı yandırıb sosial şəbəkəyə qoymaq tapşırığı verərsə, İran gənci bunu edəcək. Ermənistanla sərhədi keçəndən sonra Quranın yandırılması sosial şəbəkədə nümayiş etdirilə bilər. İran vətəndaşlarının ikisi yaxında Quranı yandırdı. Bu beynəlxalq aləmin diqqətini cəlb etmədi. İran xarici ölkədə Quranın yandırılmasına dözmür, amma ölkəsindəki vətəndaşlarına İslam dinini pozmasına çox tolerant yanaşır.

Qarabağdakı separatçılar İran təyyarəsini vurub, ekipajını, diplomatlarını öldürüb. 20-25 min nəfər Azərbaycan müsəlmanını qətlə yetirib. Amma İranın ali dini rəhbəri S.Ə. Xamneinin Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı fətvası var. İranın bütün anti-Azərbaycan, anti-İslam, anti-Şiə əməlləri Ermənistana bəllidir. Ermənistan rəsmiləri bir neçə dəfə bunu təkrar ediblər. Ermənilər Qərbdə İranla bağlı kifayət qədər rəy yarada biliblər. Paşinyan İrana birinci səfərdən qayıtdıqdan dərhal sonra İsrailə ikisi rəsmi olmaqla 4 nümayəndə heyəti göndərdi. İsrailə verilən mesajın mahiyyəti ondan ibarət idi ki, “İranın müsəlmançılığı, gücü yoxdur, boş şardır, onu çökdürmək olar”. Amma İsrail yalnız öz planı üzrə hərəkət edir.

Müsəlman ölkələrinin rəhbərləri birlikdə İslami prinsiplərin reallaşmasına xüsusi fikir verməlidirlər. İslam prinsipindən bir-birinə qarşı təzyiq üçün istifadə olunmamalıdır. İranın özündə Quran yandırılır, amma Quranın yandırılmasına Azərbaycanın “münasibət bildirməməsi”ni bizə irad tutur.

Vəziyyət getdikcə kritikləşir. İslam Əməkdaşlıq Təşkilatı vahid standartlar əsasında yeni konseptual fəaliyyət planı hazırlamalıdır. Əks təqdirdə yaxınlarda Avropada müsəlman ölkələrinin səfirliklərinin bağlanması və Avropa ölkələrinin öz diplomatik korpuslarını müsəlman ölkələrindən çıxarması prosesi başlayacaq. Müsəlmanların Avropaya girişi isə məhdudlaşdırılacaq.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: İran   Ermənistan  





Xəbər lenti