Kredit faizləri niyə yüksəkdir və onu necə azaltmaq olar – TƏHLİL

      Kredit faizləri niyə yüksəkdir    və onu necə azaltmaq olar –    TƏHLİL
  03 Avqust 2023    Oxunub:2200
Dövlət başçımız İlham Əliyev ilk dəfə hələ 8 il öncə - 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair Fərmanda Mərkəzi Banka (AMB) tapşırmışdı ki, ölkədə kommersiya banklarının təklif etdikləri kreditlər üzrə faiz dərəcələri aşağı salınsın, həmin dərəcələrlə adı çəkilən qurumun uçot dərəcəsi arasında fərq azaldılsın, digər əməli tədbirlər görülsün və bu barədə hər 6 aydan bir dövlət başçısına məlumat verilsin.
Təəssüf ki, həmin ildə iki dəfə devalvasiya baş verdi, nəticədə ölkədə makroiqtisadi sabitlik pozulma təhlükəsilə üz-üzə gəldi, bank sektoru böhrana düçar oldu, 10-dan çox bank iflasa uğradı, problemli kreditlər manatın dəyərdən düşməsi müqabilində daha da kəskin xarakter aldı, valyuta ehtiyatları xeyli əridi və s. Ona görə də kredit faizlərinə diqqət yetirməyə macal qalmadı.

Bəs sonrakı illərdə məsələ niyə yada salınmadı?! Kreditlər üzrə faiz dərəcələri aşağı düşdümü?! Xeyr. Nəyə görə? Çünki bu, öz-özünə baş verə bilməzdi və vermir də. Ölkədə fəaliyyət göstərən bankların təklif etdikləri kredit faizləri neçə illərdir yüksək olaraq qalır.

Nəzərə alsaq ki, bankların gəlir mənbəyi, sərbəst vəsaitləri özlərinə cəlb edərək ondan gəlir götürmək üçün istifadə etdikləri yeganə alətləri məhz kredit ödənişidir, əslində faizlər elə də yüksək olmalı deyil. Hansı bank istəyər ki, əhalinin sərbəst vəsaitlərini cəlb edib, dövriyyəyə buraxmağı özünə sərf edən formada deyil, əksinə həyata keçirsin? Yəni bahalı kredit siyasəti yürütsün. Əlbəttə, heç bir bank... Bəs, niyə kredit faizləri yüksəkdir?

Əslində səbəblər aydındır:
  • Kreditlərin geri qaytarılmaması ehtimalı böyükdür;

  • Tələb olunan kreditləri vermək üçün yetərincə pul yoxdur;

  • Verilən kreditlərdən gəlir götürmək imkanları məhduddur...

Bunların həlli təkcə banklardan asılı deyil axı... Ölkədə bank kreditlərinin faiz dərəcələrinin nəyə görə yüksək olduğu haqda sualı cavablandırarkən nəzərə almaq vacibdir ki, burada da söhbət “əmtəə satışından” gedir. Bəs bu və ya digər əmtəənin qiyməti nəyə görə baha və yaxud ucuz olur? Ona görə ki, ya ona tələbat yüksək olur, yəni, təklif tələbi qarşılaya bilmir və yaxud da, satış getmir - təklif tələbi üstələyir... Kredit faizləri məsələsində də eyni vəziyyətdir.

Kredit də bir əmtəə növü olmaqla, pul şəklində satılmaqla gəlir gətirir. İş ondadır ki, Azərbaycanda kreditə tələbat olduqca yüksək səviyyədədir. Bankların resursları isə çox və əlverişli vəziyyətdə olmadığından, tələbata uyğun pul satışı həyata keçirtmək mümkün deyil. Ona görə də məcburdurlar ki, faizləri qaldırsınlar və yaxud da bahalı kredit təklif etsinlər.

Məsələn, hansısa bankı məcbur etmək olarmı, tutaq ki, kənd təsərrüfatı istehsalçısına ucuz kredit versin? Özü də əhalidən sığortası 12%-ə yaxın cəlb etdiyi əmanət resursları hesabına... Sabah həmin əmanətçi pulunu tələb edəndə necə olacaq?! O zaman bank deməlidir ki, “gözlə, mövsüm yaxşı keçməyib, kənddəki istehsalçı məhsul əldə edə bilməyib”?!

Bütün bunları nəzərə almaq vacibdir. Kim istəməz ki, gəlir götürməsin və yaxud kim istəyər ki, malını hədsiz baha təklif etməklə alıcısını qaçırtsın?!

Bəs, çıxış yolu nədədir?

Ölkədə kommersiya banklarının təklif etdikləri kredit resursları üzrə faiz dərəcələrinin aşağı salınması, əlverişliliyinin təmini üçün ilk növbədə iqtisadiyyatın real sektorunda risklilik səviyyəsi aradan götürülməlidir. Kreditlərin geri qaytarılması müddəti minimum təşkil etməli, müvafiq sığorta komponentləri və mexanizmi fəaliyyət göstərməlidir.

Biz banklarımızın maliyyə imkanlarından, likvidliyindən danışanda qeyd edirik ki, hər şey yaxşıdır. Əslində isə belə deyil. Banklardakı sərbəst vəsaitlərin çox hissəsini əmanətlər təşkil edir. Mərkəzi kredit resurslarının həcmi əhəmiyyətli şəkildə deyil. Bankların təklif etdikləri kreditlər üzrə faiz dərəcələri ilə AMB-in uçot dərəcəsi arasında fərq nədən irəli gəlir? Banklarda məhz AMB-nin resurslarının azlığından!..

Bütün bu məsələlər həllini tapmalıdır. Banklar sərbəstliyə öyrənməli, sektorda rəqabət olmalı, təmərküzləşməyə yol verilməməlidir.
Yeri gəlmişkən, 8 il öncə Mərkəzi Bankın uçot dərəcəsi 3,5% idi, indi 9%. Ölkədə kredit faizləri isə o vaxt necə idisə, indi də elədir...


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Kredit   Faiz   Bank  





Xəbər lenti