Borcun qaranlıq tərəfi – TƏHLİL

// Kreditləşmə nə zaman təhlükəli olur

 Borcun qaranlıq tərəfi –    TƏHLİL
  05 Avqust 2023    Oxunub:4153
İqtisadiyyatda məşhur bir deyim var ki, borc alıb, borc verməsən mümkün deyil. Bu, dövlətə də aiddir, vətəndaşlara da. Dünyada bir nömrəli iqtisadiyyata sahib ABŞ-ın eyni zamanda dünyanın ən çox borca malik ölkə olması təsadüfi deyil.
Lakin bu yazıda dövlət borcundan danışmayacağıq. Toxunmaq istədiyim məsələ vətəndaşların borclanması məsələsi, yəni ipoteka və yaxud istehlak kreditləri ilə yüklənmələri səviyyəsidir. Bu olduqca mühüm göstəricidir.

Azərbaycan Mərkəzi Bankın məlumatına əsasən, ölkədə əhali tərəfindən alınan istehlak və ipoteka kreditlərinin məbləği cari ilin may ayının sonuna 9 milyard 488 milyon 484 min manata çatıb ki, bu da keçən ilin iyun ayının 30-na olan göstəricidən 1 milyard 650 milyon 200 min manat və ya 17,40% çoxdur. Bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən verilən kreditlər də nəzərə alınsa, əhalinin kredit təşkilatlarına borcu real olaraq 10 milyard manatdan çoxdur.
Bu yaxşıdır, yoxsa pis?!


Məsələ bundadır ki, iqtisadiyyata, yəni biznesə kredit qoyuluşu nəinki yaxşıdır, hətta həm məqsədəuyğundur, həm də vacib. Odur ki, biznes üzrə kreditləşdirmənin artması sevindirici faktordur. Ancaq təəssüf, bizdə bu sahədə tendensiya əhalinin kreditləşdirilməsi səviyyəsindən geri qalır.

Əhalinin kreditləşdirilməsi, başqa sözlə desəm, istehlak və ipoteka kreditlərinin verilməsi pis deyil və bu da inkişaf göstəricisi sayılır. Vətəndaşların borclanmaya getməsi tələbatla əlaqədardır. Ortada bunu ödəyə biləcək təklif də varsa, hər ikisi ölkə iqtisadiyyatının genişlənməsinə xidmət edir. Tikinti sektoru inkişaf edir, istehsal stimullaşır və sair. Əgər söhbət sağlam kreditləşdirmədən gedərsə... Amma banklar biznesdən çox istehlakı kreditləşdirərlərsə bu idxalı stimullaşdıracaq. Bizdə neçə illərdir məhz belədir.

Bütövlükdə götürdükdə əhalinin borclanmasından qorxmaq lazım deyil, yetər ki, ödəmə qabiliyyəti olsun. Yəni, kreditlərin qaytarılmasında problem yaranmasın. Yeri gəlmişkən, ölkədə problemli kreditlər üzrə real təhlükə yoxdur, vəziyyət kifayət qədər qənaətbəxşdir. Cari ilin may ayının sonuna olan məlumata əsasən, 490 milyon 100 min manat civarında vaxtı ötmüş kreditlər mövcuddur ki, bu da çox deyil. Rəqəmin hələ bir az da artıq olmasını gözləməyə dəyərdi.

İstehlak kreditləri üzrə borclanma daha yüksək səviyyədədir. Bu kreditləri həcmi ötənilki 5 milyard 754 milyon 100 min manatdan 470 milyon 400 min manat və ya 7,6% artaraq 6 milyard 224 milyon 500 min manat olub ki, bu zaman ipoteka kreditlərinin həcmi 251 milyon 800 min manat və ya 7,8% artaraq, 3 milyard 264 milyon manat təşkil edib.
Biznes kreditlərinə gəldikdəsə, ötən ilin sonuna olan göstərici 10 milyard 855 milyon 100 min manat təşkil edirdisə, bu rəqəm cəmi 315 milyon 700 min manat və ya 2,9% artaraq 11 milyard 170 milyon 800 min manata bərabər olub.

İstehlak kreditləri üzrə artım daha dayanıqlıdır. Bu isə deməyə əsas verir ki, ümumən əhalinin borclanması səviyyəsindən qorxmaq lazım gəlməsə də, onun strukturunda istehlak kreditlışdirilməsinin artım sürətindən ehtiyat etmək gərəkir.

Sözün qısası, əhalinin kredit borclarının artması yaxşı haldır, istehlak kreditlərinin genişlənməsi isə pis... Əhalinin borclanmasının artması müqabilində vaxtı ötmüş kreditlərin həcminin qənaətbəxş səviyyədə olması müsbət faktdır, lakin istehlak kreditlərinin daha yüksək həcmi təhlükədir. Biznes kreditləşdirilməsi zəif olan yerdə əhalinin borclanmasının genişlənməsi disbalans yaradır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Kredit  





Xəbər lenti