Hindistan və İran Güney Qafqazda yeni müharibə istəyirlər – ŞƏRH

   Hindistan və İran Güney Qafqazda yeni müharibə istəyirlər –    ŞƏRH
  09 Avqust 2023    Oxunub:2551
Bir qədər əvvəl Azərbaycan mediasında İran ərazisindən Ermənistana qəribə yüklərin daşınmasını əks etdirən görüntülər yayılmışdı. Kadrlarda İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistan sərhədinə doğru hərəkət edən avtomobil karvanının çadırlarla örtülmüş yük daşıdığı görünürdü. Məlumatlara görə, yüklər hərbi məqsədlidir və İranın Bəndər Abbas limanından (Fars körfəzi) gətirilir. Bəs ora haradan çatdırılıb? Hindistandan.
Maşınların üstünü örtən çadırların altında nəyin olduğunu yalnız təxmin etmək mümkündür. Cizgilərindən onların Hindistanın istehsal etdiyi traktor və ya kombayn olmadığı bilinir. Ermənistan bu ölkə ilə kənd təsərrüfatı texnikasının alınması ilə bağlı müqavilə bağlamayıb. Ancaq İrəvan ilə Delhi arasında hərbi-texniki əməkdaşlıq yüksələn xətlə gedir.

Ermənistanın öz cəbbəxanasını artırmaq üçün yeni mənbə tapması faktı ötən ilin payızında məlum olub. Hindistanın “India Narrative” qəzeti İrəvan və Delhinin təkcə ermənilərin Hindistan texnikası və silahları alması deyil, həm də Ermənistanda silah istehsalı üçün birgə bazaların yaradılmasını nəzərdə tutan müdafiə əməkdaşlığını dərinləşdirmək planları haqda da yazıb. Guya Hindistan onları sonradan Misirə satmaq istəyir.

Hindistanın digər nəşri “The Print” ötən ilin oktyabrında yazmışdı ki, Ermənistanın müdafiə naziri Suren Papikyan və onun hindistanlı həmkarı Racnat Sinqhin oktyabrın 18-də Qandinaqarda DEFEXPO 2022 çərçivəsində baş tutan ikitərəfli görüşdə əsas diqqəti müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəldiblər. Bundan bir qədər əvvəl Hindistan və Ermənistan İrəvanın “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə “Konkurs” raket kompleksləri, 80 millimetrlik minaatan və digər silahların almasına dair hökumətlərarası saziş imzalayıblar.

İki ölkənin müdafiə nazirlikləri baş verənləri nə qədər gizli saxlamağa çalışsalar da, jurnalistlər Ermənistanın Hindistanın özəl Tata Advanced Systems Limited (TASL) və Solar Industries şirkətlərindən “Akaş” zenit-raket kompleksləri və kamikadze PUA-ları almağa hazırlaşdıqlarını biliblər. Hindistan mənbələrinin məlumatına görə, oktyabrın sonuna kimi Ermənistan “Pinaka” çoxlüləli reaktiv yaylım atəş sistemləri, raketlər, döyüş sursatları almalıdır. Bu müqavilənin dəyəri, medianın məlumatına görə, 250 milyon dollar təşkil edir. Bundan başqa, Ermənistan Hindistanın “Pinaka” hava hücumundan müdafiə sisteminin ilk xarici alıcısı olub. Hindistan mediasının bu barədə verdiyi sevincli xəbərə görə, Hindistan hərbi məhsulları üçün alıcı tapdığı üçün xoşbəxtdir.

Maraqlıdır ki, Hindistan teleşirkətləri və digər KİV-lər “əsrin sövdələşməsi”ndən danışarkən bunun Ermənistanla Azərbaycan arasındakı gərginlik çərçivəsində baş verdiyini gizlətməyiblər. Amma Azərbaycanın hansısa ölkədən silah alması ilə bağlı məlumat heç vaxt onun hansı hədəfə yönəldiləcəyinə işarə ilə müşayiət olunmayıb. Çünki silahlar Ermənistana və ya başqasına qarşı deyil, ölkənin müdafiə qabiliyyətini təmin etmək üçün alınır. Ermənistan və onun müttəfiqləri isə açıq şəkildə nümayiş etdirirlər ki, onların hərbi sövdələşmələri regionda vəziyyəti gərginləşdirməyə və yeni müharibəyə yönəlib. Həmişə də vurğulayırlar ki, Bakı Hindistanın düşmənlərindən - Pakistan və Türkiyədən silah alır. Maraqlıdır ki, bu kontekstdə İsrailin adı çəkilmir. Ya Hindistanda İsraili düşmən hesab etmədikləri, ya da hindlilər İsrail silahları ilə rəqabətin mümkünsüzlüyünü bildikləri üçün.

Bəs geniş təbliğ olunan “Pinaka” kompleksi necədir?
Onun lahiyələndirilməsi 1981-ci ildə başlayıb, Hindistan Silahlı Qüvvələrində isə 1999-cu ildən tətbiq olunur. Bu sistemin ən qorxulu tərəfi adıdır. Pinaka – Şivanın səma oxudur.

Son həftələr Ermənistanda Hindistan silahları mövzusu yenidən aktuallaşıb. Mediada yeni rəqəmlər ortaya çıxıb. İndi söhbət 250 yox, 400 milyon dollardan gedir. Üstəlik, sövdələşmə, nəhayət, praktik müstəviyə keçib.

Bu ilin may ayında Prezident İlham Əliyev Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Şridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını xüsusi vurğulamışdı. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh istəyirsə, o zaman niyə yüz milyonlarla dollar dəyərində silahlar alır? – dövlət başçısı üzbəüz oturan hind diplomatlarına ritorik sual vermişdi.

Ermənistanın istədiyi yerdən silah almaq hüququ var. Burada məsələ faktın özündə deyil, onun necə təqdim olunmasında və işıqlandırılmasındadır. Hindistan və Ermənistan tərəfləri rəsmi olmasa da, sövdələşmənin Azərbaycanla yeni müharibə üçün bağlandığını gizlətmirlər.

Diqqət təkcə Ermənistanın Hindistan tərəfindən silahlandırılmasına yönəldilmir. Region üçün təhlükəli olan bu planlarda İranın İrəvana yardım etməsi də diqqət çəkir. Ermənistan regional dalana dirənib. Onun “qurtuluşu” İrandan keçir. Xüsusilə də söhbət hərbi yüklərdən gedəndə. Onları Gürcüstan ərazisindən keçirmək çox çətindir. Ermənistan 44 günlük müharibə zamanı gürcülərin sərhədi bağladığını, Rusiyadan silah daşınmasına imkan vermədiyini unutmayıb. Bu dəstəyi biz də xatırlayırıq. Deməli, Gürcüstan üzərindən daşınmanın riskləri var. Azərbaycan gürcü xalqının düşmənlərinin öz ərazisindən təchiz edilməsinə heç vaxt imkan verməz və bu, Tiflisə yaxşı məlumdur. İran tərəfdən də eyni münasibəti görmək azuolunandır.

Son müharibə zamanı Rusiyanın erməniləri İran ərazisindən silahlandırmağa çalışdığını və İranın bu işdə Ermənistana necə kömək etdiyini xatırlayırıq. Ancaq yerli azərbaycanlıların etirazı prosesin lazımi şəkildə davam etməsinə mane oldu.

Beləliklə, Hindistanın Ermənistana göndərdiyi silahları İrandan keçir. Qonşu dövlətin torpaqlarına iddialı olan və hərbi revanş istəyən Ermənistan Tehranın köməyilə silahlanır. İrəvanın bu gün milyonlarla dollar xərclədiyi silahların növbəti hərbi toqquşmalardan sonra Bakıdakı Qənimətlər Parkının eksponatları arasında yer alacağına heç bir şübhə yoxdur. "Pinaka" üçün də yer tapılar.

Hindistan pul qazanacaq, İran Azərbaycana olan nifrəti ilə təsəlli tapacaq. Bəs Ermənistan bütün bunlardan nə qazanacaq?
Növbəti qapaz zərbəsini!

Murad Nəcəfov
AzVision.az


Teqlər: Hindistan   Ermənistan  





Xəbər lenti