Hirmənd çayı ətrafında ehtiraslar səngimir

Hirmənd çayı ətrafında ehtiraslar səngimir
  11 Avqust 2023    Oxunub:1530
Bir neçə ay əvvəl transsərhəd Hirmənd çayının su resursları uğrunda Tehranla Kabil arasında yaşanan sərt qarşıdurma az qala ciddi hərbi toqquşma ilə nəticələnəcəkdi. İsti yay mövsümü yenidən tərəflərin sərt ritorikasına rəvac verib.
AzVision.az xəbər verir ki, İranın Əfqanıstandakı keçmiş diplomatı Möhsün Ruhisifət “Cumhuri-e-İslami” qəzetinə müsahibəsində İrana su haqqı verməyən Talibanın, Hirmənd çayının suyu ilə öz torpaqlarını, o cümlədən xaşxaş sahələrini əkib-becərdiklərini söyləyib. Diploma, həmçinin Talibanın iranlı fermerlərin torpaqlarını zəbt etdiyini və onların əkinçiliklə məşğul olmasına icazə vermədiyini bildirib.

“Aeroşəkillərdən görünür ki, su mənbəyinin İran sərhədinə qədər olan yolunda əvvəllər qurumuş torpaqlar yaşıl sahələrə çevriliblər. Hətta bu tarlalarda narkotiklər də becərilir. Bu onu göstərir ki, onlar bu tarlalarda Hirməndın bütün suyundan istifadə edirlər. Məsuliyyət daşıyanların bütün məsələlərə sivil və mədəni baxışı yox, hərbi və təhlükəsizlik baxışı var. Onların eyni təhlükəsizlik və hərbi məsələlərdə yanlış təsəvvürləri və yanlış hesablamaları var. Belə bir gündə bazarlıq edə bilmək üçün Talibana qarşı lazımi güc rıçaqları saxlanılmalı idi”, - Ruhisifət deyib.

Əfqanıstan məsələləri üzrə ekspert Pir Məhəmməd Mollazəhi isə “Entixab” saytına müsahibəsində Talibana münasibətdə Tehranın səhih siyasətinin olmadığını vurğulayıb.

- İranın Əfqanıstanla bağlı dəqiq siyasəti yoxdur və Zabulda sərhəd divarının tikintisi səhv idi. Çünki İran xalqının kənd təsərrüfatı torpaqlarının bir hissəsi divarın o biri tərəfində yerləşir və Taliban həmin divar sərhəd hesab edir. Ona görə də iranlı fermerlərə əkinçiliklə məşğul olmağa icazə vermir və torpaqları zəbt ediblər. Taliban və İran arasında su və ideoloji məsələlərdə ixtilaflar toplusu ciddi bir vəziyyətdə müharibəyə çevrilə bilər”, - Mollazəhi bildirib.

Bir neçə gün əvvəl regionda su böhranının kəskinləşdiyini və İranla Əfqanıstan arasında qarşıdurmanın davam etdiyini vurğulayan “Bloomberg” agentliyi, müharibəyə hazırlaşan Talibanın əsgərlər və kamikadzelərdən əlavə, Əfqanıstanda ABŞ-ın mövcudluğundan qalan yüzlərlə hərbi maşın və silahı bölgəyə yerləşdirdiyini yazıb.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: İran   Əfqanıstan  





Xəbər lenti