Separatçılara vaxt qoymalıyıq – Ədalət Verdiyevin yazısı

   Separatçılara vaxt qoymalıyıq –    Ədalət Verdiyevin yazısı
  11 Avqust 2023    Oxunub:5225
Rusiya artıq Paşinyanı Qərbdən əl çəkməli olduğuna inandırmağa çalışmır. Kreml bunu bacarmadığını anlayıb. Ermənistan Azərbaycan ilə şərti sərhədinə Avropa İttifaqının missiyasını gətirməklə əslində Rusiya hərbi kontingentinə etibar etmədiyini göstərmişdi. Hazırda ermənilərin təbliğatı rus kontingentinə tam inamsızlıq, Avropa missiyasına isə yüksək inam üzərində qurulub.
Rusiya Ermənistanın Qərbə necə can atmasını heyrətlə müşahidə edir. Bunu həmin ölkənin xarici işlər naziri Sergey Lavrovun Bakıda olarkən Paşinyanın Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı açıqlamalarından sezmək mümkün idi. Sanki fikrini ifadə etməyə söz tapa bilməyən Lavrov "Bu açıqlamalarını Paşinyanın vicdanına buraxıram" demişdi. Bununla da ermənilərə mesaj göndərmişdi ki, lideləri vicdansız, seçimləri yanlışdır və bundan sonra baş verənlərə görə Rusiya məsuliyyət daşımayacaq; erməni xalqı çətin durumda Kremldən deyil, Paşinyandan kömək istəməli olacaq.

Bakıda olarkən Rusiya Federasiyası Dövlət Dumasının spikeri Volodin də Aİ müşahidəçilərinin Ermənistanda olması mövzusunda kifayət qədər sərt danışaraq, geosiyasi toqquşmaların erməni dövlətçiliyinin itirilməsinə gətirib çıxara biləcəyin işarə vurmuşdu. Rusiyanın yüksək rütbəli məmurlarının mesajları artıq rəsmi İrəvana yox, erməni xalqına ünvanlanıb. Kremlin məqsədi Ermənistanı itirmək və ya Qərbə güzəştə getmək deyil. Moskva Paşinyanı meydandan uzaqlaşdırmaqla Ermənistanı öz təsir dairəsinə qaytarmağın yollarını axtarır.

Rəsmi İrəvanın anti-Rusiya siyasəti fonunda Moskva qalib Bakı ilə strateji münasibətlər qurmağa üstünlük verib. İndiyə qədər Kreml Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətlərinə bir qədər tarazlaşdırılmış şəkildə yanaşırdısa, Paşinyanın açıq şəkildə Qərb sahillərinə üzməsi Moskvanı baxışlarını dəyişməyə vadar etdi.

Hərçənd, Qarabağ məsələsində Rusiyanın bizə münasibəti fərqlidir və bu bizi qane edə bilməz. Azərbaycan Ermənistanı Qarabağ müzakirələrindən kənarlaşdıra bilib, amma Rusiya prosesi uzatmaqla Qarabağda daha çox qalmaqda maraqlıdır. Bunun qarşısını almaq üçün Rusiya kontingentinin müvəqqəti yerləşdiyi ərazidəki yarıtmaz fəaliyyətini daha geniş işıqlandırmalıyıq.

Düşünürəm ki, rəsmi Bakı ruslara erməni silahlılarının və texnikalarının çıxarılması üçün vaxt təyin etməlidir. Məsələn, rus kontingentinə funksiyalarını yerinə yetirməsi üçün 1 ay vaxt verilir, əgər erməni silahlıları tam çıxarılmasa, Azərbaycan Əsgəri Suqovuşandan hərəkətə başlayır, Ağdərədən keçir, Laçında Ermənistanla şərti sərhəddə və ya Qarakilsədə dayanır.
Belə bir fəaliyyət planını uyğun strukturlarımız rəsmən elan etməlidir ki, ermənisi də, rusu da, fransızı da, farsı da, separatçısı da işini bilsin.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti