Laçın necə yaradılmışdı: Tarixi araşdırma + Arxiv sənədləri (Fotolar)

      Laçın necə yaradılmışdı:    Tarixi araşdırma +    Arxiv sənədləri (Fotolar)
  28 Avqust 2023    Oxunub:26398
Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasının müdiri
Xüsusi olaraq AzVision.az üçün

Mən də Laçına köçməyə, həyatımın qalan hissəsini orada yaşamağa tələsirəm, həm də çox... Yoxa çıxmış evimizi istəyirəm, yasəmən qoxulu bağçamızı, babamın üzüm çardağını, atamın bostan yerini, anamın təndirxanasını istəyirəm. Evimizin, həyətimizin qoxusunu, dağdağan ağacımızın altında söhbətləşən, Dağdağan bulağımızın başında dərdləşən qonşularımızı istəyirəm. Amma hər şeydən çox nə istəyirəm, bilirsinizmi?

...Şəhidlərimizin tökülən qanlarının izi ilə yurd yerlərimizə səcdəyə getmək, ruhlar inciməsin deyə asta-asta, aram-aram torpağın üzünə sığal çəkmək, şəhidlərimizin can verdikləri yolun, izin, dağın, daşın başına dolanmaq, el-el, oba-oba gəzib, “Mən gəldim şəhidim, hardasan?”- deyərək, onları səsləmək, adlarını hayqırmaq istəyirəm.

Bir də yurda dönənlərdən acizanə istəyim var: çəmənlərdə lalələrə toxunmayın. Vətən müharibəsindən sonrakı yazda lalələr bir başqa gözəllikdə açmış, çəmən-çayır başdan-başa laləzara dönmüşdü. Sanki addımbaşı lalələrdən toxunmuş xalı sərilmişdi cənnət Qarabağın, Zəngəzurun hər yerinə. İndi lalələrin çiçək ömrü də bir qədər uzanıb deyəsən. Kim bilir, bəlkə də bu, şəhidlərimizin torpağın qoynunda gizlətdiyi sehridir - hər yaz günü LALƏ libasında bizi salama gəlirlər.
Salam olsun, Şəhidim!
Salam olsun, Səcdəgahım!

Budəfəki araşdırma mövzum Azərbaycanımızın igid oğullarının canı, qanı bahasına bizə qaytardıqları bir şəhər haqqındadır.
Laçındır adı bu şəhərin - dağlar gözəli Laçın!
Laçın şəhərinin tarixi gündən - günə daha da zənginləşir.
Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamıyla Laçının azadlıq tarixinə böyük bir gün də yazıldı: 26 avqust - Laçın şəhəri günü.
Yeni günün mübarək, Cənnət Şəhər!


26 avqust 2022-ci il. Laçının azadlıq tarixinə 1 dekabr 2020-ci ildən sonra yazılan ikinci böyük gün! Artıq Ordumuz Laçındadır! Bayrağımız Laçında dalğalanır! Qarabağ və Şərqi Zəngəzurun fatehi və həm də qurucusu olan İlham Əliyevə Laçın köçkünləri adından “Var ol, əziz Prezidentim!” deyirəm.
Etiraf etməliyik ki, Laçına aparan yol ən narahat, əziyyətli, iztirablı və ən uzun yol oldu. Həm də ən vacib yol! Axı Azırbaycanın Qala Qapısıdır Laçın!
Böyük şükranlıq duyğusuyla xatırladığım bir reportajın təsirindən heç çıxa bilmirəm: “Bir şəhər var bu dağların o üzündə...” Bu kəlmələr mənə aid deyil. Əslən zəngilanlı olan bir jurnalistə - Vüsal Qurbanova məxsusdur. Mən hələ Laçının “özgə” dodaqlarıyla bu qədər içdən, bu qədər sevgiylə, bu qədər yanğılı və sevincli təqdimatına rast gəlməmişdim. “Ancaq bir Laçınlı bu cür düşünə bilər!” - deyə hətta yanlış təəssürata da qapılmışdım. Amma bir şeyi unutmuşdum. Unutmuşdum ki, haqqında danışılan sıradan bir şəhər deyil. Axı bura dünyanın ən böyük möcüzəsi, insanı ilk baxışdan ovsunlayan əfsanəvi Laçındır! O danışmırdı, ruhun diqtəsiylə məlahətli, həzin bir səslə oxuyurdu sanki. Laçının boyunu sevə-sevə, elə gözəlliklə, elə duyğulu, elə vəchlə vəsf elədi ki, ruhum sözümə baxmadı, yenə də quş olub ora uçmaq istədim - düz 31 il boyunca, hər gün arzuladığım kimi. Və bir Laçınlı kimi həmin gün özümə söz verdim ki, Laçının tarixi ilə bağlı yazımı məhz bu qeydlərlə başlayacam.
Sonsuz təşəkkürlər, Eloğlu!

Bəli, bura Laçındır! Dünyaya Qızılboğaz zirvəsindən baxan, ilin 365 günü başı qarlı, özündə Qaragölün sehrini gizləyən məğrur İşıqlının nuruyla nurlanan, qırx incəbelli qızın dağı - nazəndə Qırxqıza, füsünkar Sarıbabaya, əzəmətli Hoçaz Qayasına yaslanan, Laçın Dağının qoynunda, Həkərinin laylasına uyuyan bənzərsiz, əsrarəngiz və cənnət şəhər - LAÇIN!


Bu şəhərin yaranması tariximizin keşməkeşli, nisgilli, ağrılı-acılı bir dövrünə təsadüf etdi. Acımız müstəqilliyinə son qoyulmuş Azərbaycan Cümhuriyyəti böyüklükdə, nisgilimiz Təbriz, Dərbənd, İrəvan, Zəngəzur, Göyçə mahalı boyda, ağrımız Qarabağın dağlıq hissəsi qədər idi. Amma bütün bunlarla yanaşı, tikilməsi tarixi də maraqlı faktlarla zəngin oldu bu şəhərin.

Bu araşdırmada əsas məqsəd ilk növbədə 2024-cü ildə 100 yaşını tamamlayacaq Laçın şəhərinin salınmasının dəqiq tarixini ilkin mənbələrdən - arxiv sənədlərindən və o zamankı dövri mətbuatdan öyrənmək və “Laçının ilk adı Abdallardır” kimi yanlış təsəvvürlərə son verməkdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, sənədlərdə qəza idarələrinin ilk dəfə Pircahan kəndində, yaxud Şuşa şəhərində, Abdallarda və ya Minkənd kəndində yerləşdirilməsi ilə bağlı məlumatların keçməsi heç də iqamətgah üçün məhz yeni bir şəhərin salınması barədə fikirləri təkzib etmir. Əksinə, tarixə vardıqca aydın olur ki, adları çəkilən yerlər sadəcə Laçın şəhərinin tikintisi üçün lazım olan materialların toplanması baxımından ora ən yaxın və əlverişli ərazilər sayıldığı üçün hökumət ilk mərhələdə bu addımı atmalı olur. Kürdüstan qəzasına iqamətgah olmaq üçün salınan Laçın isə həmin ərəfədə Azərbaycanda sıfırdan tikilən ilk şəhər idi.

Onu da diqqətinizə çatdırım ki, indiki Laçın şəhərinin yerləşdiyi ərazidə tarixən 3 məskun yeri - kənd olub: Abdallar, Laçınkənd və Oruclu kəndləri. Həmin kəndlərdən yalnız Abdallar öz yerini tərk etməyib. Oruclu kəndinin əhalisi isə XIX əsrin sonlarında Qarıkaha kəndi ərazisinə köçür. Həmin kəndlə bağlı “kor oruclular” deyə bir oykonim də formalaşmışdı.
Laçınkənd isə Laçın dağının yamacında yerləşirdi. Həmin kəndin əhalisinin hara köç etməsi ilə bağlı məlumat olmasa da, sonralar Laçın şəhəri salınanda əsasən Abdallar camaatı, həmçinin başqa kəndlərdən şəhərin tikintisində muzdur kimi işləməyə gələnlər həmin kəndin qalıqları üzərində evlər tikir və orada məskunlaşırlar. Laçınlıların “Yuxarı Laçın” adlandırdıqları həmin kəndin rəsmi adı sənədlərdə “Laçınkənd” olaraq keçir.

Abdallar camaatının Laçınkəndə köçmə səbəblərindən biri su problemi olsa da, əsas səbəb başqa idi. Belə ki, Laçın şəhərinin salındıği ərazi Laçın dağının bir qolunun üzərində yerləşirdi. “Əyriqılıc” (rusdilli mənbələrdə “Aqroxaç” kimi qeyd olunur) adlı həmin ərazidə isə su və əlverişli torpaq sahələri olduğundan, Abdallar camaatı oranı əkin yeri eləmişdilər. Lakin şəhər salınanrkən ərazi onların əlindən çıxır və əkin-biçin yeri qalmır. Bu səbəbdən də Abdallar camaatının bir hissəsi şəhər ərazisinə yaxın yerə - Laçınkəndə köçmək məcburiyyətində qalır. Laçınkənddə onlar “Abdallar” adlı öz qəbristanlığı da olan bir məhəllə salırlar.

Sənədlərdə Abdallar adının keçməsinin səbəbi də bəsitdir. Bu kənd çox böyük bir ərazidə yeganə yaşayış məntəqəsi olduğundan, ünvan olaraq ərazi belə adlandırılırdı. Kəndin özü şəhər qəbristanlığından başlayaraq sonralar salınan“RTS” məhəlləsinədək uzanan ərazidə yerləşirdi. Kənddəki yaşayış yerləri ancaq kahalardan ibarət idi. Abdallar postu Abdallar kəndindən xeyli aralıda - “Poçt” adlandırılan ərazidə, Şuşa-Laçın yolunun üstündə idi. Bu baxımdan həmin əraziyə də “Abdallar” deyilirdi.

İqamətgah üçün məhz Laçın adlandırılan yerin seçilməsini vacib edən amil onun ətraf regionlara çıxış üçün ən əlverişli coğrafi mövqedə yerləşməsi, gözəl təbii relyefi, iqlimi və ən başlıcası isə su ehtiyatları ilə zəngin olması idi. Gələcəkdə Laçın inşaat-texniki, memarlıq-bədii və mədəni xüsusiyyətləri qorumaqla, mürəkkəb dağlıq ərazidə yeni şəhərsalmanın Azərbaycan modelini formalaşdıracaqdı.

Beləliklə, əziz oxucum, gəl sənədlərin izi ilə 100 il geriyə qayıdaq və sovetləşdirilmiş Azərbaycanda tikilmiş ilk və yeni şəhər olan Laçının tarixi ilə bağlı həqiqətlərə birlikdə işıq salaq!


6 avqust 1923-cü il

Bu, Azərbaycanın başına gətirilən növbəti rus bəlasının tarixidir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi iclas keçirir. Gündəlikdəki məsələ Qarabağın Dağlıq hissəsinin Muxtar Vilayətə çevirilməsidir. İclasın “Bakinskiy raboçiy” qəzetinin 7 iyul 1923-cü il tarixli 151/879-cu nömrəsində dərc edilmiş protokolunda yekun qərar belə olur: “...Qarabağın digər hissələrində Ağdam, Cəbrayıl və Kürdüstan qəzaları yaradılsın”.

Məlumat üçün qeyd edim ki, 1921-ci ildə Azərbaycanda Sovet hökuməti qurulduğu zaman 17 qəza vardı: Ağdaş, Bakı, Göyçay, Gəncə, Cəbrayıl-Qaryagin, Cavanşir (Tərtər k.), Zaqatala, Qazax, Quba, Zəngəzur (Gorus k.), Lənkəran, Naxçıvan, Nuxa, Salyan, Şərur-Dərələyəz, Şamaxı, Şuşa. Bizim dədə-baba torpaqlarımızda xalqımın soyqırımı hesabına zorən yaradılmış “erməni” adlı əcaib bir toplumun əcaib dövləti kifayət etmirmiş kimi, qondarma bir vilayət də təşkil etdi rus hökuməti.

Hələ bu da son deyildi. Xəbis düşmən parçalayıb, hökm sürməkdə davam edir: Tarixi Zəngəzur mahalımızı da əlimizdən alaraq, qondarma erməni dövlətinin torpaqlarına qatır. Yenə də kifayətlənmir, gələcəkdə həyata keçirəcəyi digər xəbis siyasi planın bünövrəsini də qoyur: Qarabağımızla Ermənistan (Qərbi Azərbaycan) arasında “Kürdüstan” adlı bir qəza da yaradır. Hədəf isə bəlli idi - uzaq planda həmin qondarma vilayət və qəzanı da qondarma dövlətə birləşdirmək istəyi. Bütün bunlar baş verərkən, Azərbaycan hökuməti hara baxırdı? Düşmənlərimiz qədər özümüz də günahkar deyildikmi?! Göstərdikləri qətiyyətsizliyə, itirdikləri milli qürur hissinə, təslimçiliyə və qorxaqlıqlarına görə tarix Azərbaycanın ozamankı başbilənlərini heç vaxt bağışlamayacaq!

Kürdüstan qəzası düşüncəsinin qəbul edilməsi və bütünlüklə Azərbaycan türklərinin yaşadıqları ərazilərin kiçik bir toplumun adına bağlanması yanlış idi. Ola bilsin, bəlkə də Az.MİK “erməni Qarabağı” təqdimatının qarşısına çıxmaq üçün belə bir siyasi gedişə məcbur qalmışdı və bu yolla gələcək təhlükəni sovuşdurmaq istəyirdi...


“Bakinskiy raboçiy” qəzetində Azərbaycan mərkəzi hökumətinin dilindən bu məsələyə belə münasibət bildirilir: “...Erməni Qarabağının təqdim olunması bizi Azərbaycanın hüdudlarında yaşayan başqa bir xalqın taleyi və vəziyyəti barədə düşünməyə məcbur elədi. Bu, kürdlərdir. İndi onlardan daha məzlum və bədbəxt millət tapmaq çətindir. Kürdüstanda həqiqətən də nə bir dənə məktəb, nə bir xəstəxana, nə də bir mədəni istinad nöqtəsi var. Qarabağın dağlıq hissəsinin muxtar vilayətə çevirilməsi ilə bağlı indi Kürdüstan da xüsusi qəza olaraq ayırılmışdır. Respublikanın mərkəzi orqanlarının köməyi və himayəsi Azərbaycanın bu yoxsul və talesiz ərazisinə tezliklə ayaq üstdə durmaq imkanı qazandıracaq...”
Amma hər iki halda atılan addım səhv idi!
Həm də 100 ildir ki, başımızı ağrıdan bir səhv!

Məncə, bəzi insanların düşüncəsində lövbər salan “təzyiq göstərilirdi” kimi bəhanəyə də lüzum yoxdur. Məgər bu gün də dünya dörd tərəfdən eyni təzyiqləri davam etdirmirmi? Bu gün dünyanın siması dəyişmiş, başqalaşmış kimi görünə bilər, amma nə yazıq ki, məramlar dəyişməyib, xislətlər çirkinliyini hələ də qorumaqdadır. Düşmən yatmır axı, həmişə oyaqdır. Amma biz heç vaxt öz gözümüzün nurundan - Qarabağımızdan vaz keçməyəcəyik. Əsla! Bu gün dünyaya Azərbaycanın Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və s. zirvələrindən baxın. O zirvələrdən baxanda dünyanı özünüzdən çox aşağıda, həm də kiçik görəcəksiniz. Yetər ki, vətənpərvərcəsinə, ləyaqətlə, əzəmətlə, qürurlu və vüqarla baxın!
Mətləbdən uzaqlaşmayaq.

Beləliklə, Kürdüstan qəzası yaradılır, mərkəzi də Pircahan elan edilir. 3 nəfər İcraiyyə komitəsi iştirakçısı seçilir, Hacıyev Qəza İcraiyyə Komitəsinin sədri, Hüseynov katib təyin edilir. Qəzanın ərazi tərkibi sənədlərin dilində belə səslənir: Murovdağ zirvəsindən sınıq xətlərlə Qarabağ istiqamətində aşağıdakı ərazilərdən keçməklə, Ərgünəş dağı, Alaqaya dağı, Lısoqor stansiyası, Çəmən dağdan Bağırbəyli kəndinədək, oradan Həkəri çayı boyu Cəbrayıl qəzası istiqamətində Əfəndilər kəndinədək, cənub-qərbdə Aznavura, ESSR istiqamətində Xinzirək kəndindən, Aleksandr geodezik siqnalından sıra dağlar boyu Dəlidağadək, oradan Dəvəgöz dağı və davamında köhnə inzibati sərhədlə ilk məntəqəyədək.
Qərara alınır ki, Kürdüstan Qəza İcraiyyə Komitəsi iki həftə müddətində bütün şöbələri ilə birlikdə Pircahan kəndinə köçsün və orada məntəqə və kənd rayonlaşdırılmasını aparsın.

Qubadlı qəzası tamamilə ləğv olunur. Qəzanın bütün əmlakı və texniki tərkibi Cəbrayıl qəza İcraiyyə Komitəsi və məntəqələrinin gücləndirilməsi üçün verilir. Yeni qəzaların inzibati məntəqə bölgüsünün aparılması Qəza icraiyyə komitələrinin ixtiyarına buraxılır. Kürdüstan qəzasının bütün aparatının təşkili üçün qəza icraiyyə komitəsinin sərəncamına birdəfəlik maliyyə vəsaiti ayrılır.
Yeni təşkil olunmuş Kürdüstan qəzası 4 məntəqəyə bölünür:
1-ci məntəqə - Püsyan (keçmiş Qubadlı - iqamətgah Qubadlı);
2-ci məntəqə - Həkəri (iqamətgah Qaladərəsi);
3-cü məntəqə - Hacısamlı (iqamətgah Kürdhacı);
4-cü məntəqə - Qoturlu (iqamətgah Qışlaq).

Kürdüstan Qəza İcraiyyə Komitəsinin 18 dekabr 1923-cü il tarixli iclas protokolunda qeyd olunur ki, Kürdüstan Qəzasının Zəngəzur qəzasıyla həqiqi sərhədlərinin müəyyənləşdirilməsi, həm keçmiş Qubadlı qəzası, həm də Zəngəzur və Kürdüstan qəzaları arasındakı sərhəd münaqişələrinin birdəfəlik həll üçün Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin müəyyən etdiyi layihə əsasında iş aparılsın.
Həmin Komissiyanın layihəsi əsasında keçmiş Şuşa Qəzasının da Kürdüstan Qəzasıyla sərhədləri müəyyənləşdirilir. Layihəyə görə sərhəd xətti Dəlidağ, İldırımsu dağlarından başlayaraq, Ağrıçay qovşağı, Ölülər gölü, Dəliçay yarğanı, Qızıltəpə, Məmmədtəpə kurqanı, İşıqlı dağı, Qaragöl, Cilli göldən Xəznəvar çayının mənbəyinədək uzanırdı.


Kürdüstanın ərazisi ləğv edilmiş keçmiş Şuşa, Qubadlı və Cavanşir qəzaların ayrı-ayrı ərazilərindən təşkil edilmişdi. Bu da kommunal təsərrüfat baxımından qəzanın vəziyyətinə mənfi təsir göstərirdi. Azərbaycanın sovetləşməsindən 4 ilə qədər keçməsinə baxmayaraq, mövcud rayonlarda kommunal təsərrüfat sahəsində heç bir iş aparılmamışdı. Buna görə də Qırmızı Kürdüstan fəaliyyətsiz qalmışdı. Nəticədə Kürdüstanda yolsuzluq problemi davam edir: dağ yolları yoxdur, əhali səpələnmiş vəziyyətdə yaşayır, şəhər tipli yaşayış məntəqəsi yoxdur, kəndistan geridə qalıb, mütəxəssis, yarımmütəxəssis, ixtisaslaşmış fəhlələr yoxdur, şəxsi təşəbbüskarlıq sıfır səviyyəsində, Zaqafqaziya dəmir yolu şəbəkəsindən uzaqlıq və s. kimi bütün bu çatışmazlıqlar kommunal təsərrüfatın işini tamamilə ləngidir.

15 sentyabr 1923 - cü il

“Bakinskiy raboçiy” qəzeti xəbər verir: “Hazırda qəzada cinayət hadisələri tamamilə bitmişdir. Hətta kiçik oğurluqlar belə yoxdur. İcraiyyə Komitəsinin 4 məntəqəsi təşkil edilib: Qubadlıda Püsyan, Bağırbəylidə Həkəri, Kürdhacıda Haçısamlı, Qılıclıda Qoturlu.
Sentyabrın sonunda qəza məntəqə sədrlərinin müşavirəsi olacaq. Müşavirədə məntəqələrin hüdudlarının müəyyənləşdirilməsi, kənd sovetlərinin birləşdirilməsi və işlərin lazımi səviyyəyə qaldırılması müzakirə ediləcək.
Abdallarda lazımi avadanlıqların yerləşdirilməsi üçün yerin müəyyən edilməsi də müzakirə olunur. Meşə materiallarının gətirilməsinə başlanılır. Bu materiallar bir ay ərzində Şuşadan gətirilməlidir.
Mal-qaranın saxlanılması üçün ayırılmış vəsait də binaların tikintisinə yönəldilir.
Lakin bununla belə, müəyyən edilir ki, Abdallar Kürdüstanın mərkəzi ola bilməz. Orada kifayət qədər su yoxdur. Yeganə çıxış yolu Şuşanı qəza mərkəzi kimi saxlamaq, Lısaqorda tikinti aparmaqdır. Oranın iqlimi Abdallardakından daha yaxşıdır”.

Kürdüstan Qəza komitəsinin sədri Şəfiyev “Bakinskiy raboçiy” qəzetinə müsahibəsində deyir: “...Mərkəzi hökumət tərəfindən qəzaya 10 000 rubl qızıl pul və 10 000 arşın bez buraxılıb... Kürdüstanda hələlik bir dənə də olsun, şəhər və qəza idarələrinin yerləşdirilməsi üçün bina yoxdur. İdarələr köçəri halda fəaliyyət göstərir. Qış düşdüyündən qəza komitəsi Şuşaya köçür. Mərkəzi hökumət bina tikintisi üçün 10.000 çervon ayırmışdır ki, həmin vəsait də keçmiş Abdallar postunun təmirinə xərclənir.
Abdallar ərazisində yeni şəhər tikilməsi qərara alınır. Lakin gələn komissiya həmin yerin əlverişsiz olduğunu müəyyən etmişdir. Abdallar postunun bərpa edilmiş binasında 7 otaq təmir edilməlidir ki, qəza icraiyyə komitəsi məntəqəsi müvəqqəti olaraq orada yerləşdirilsin. Tezliklə torpaq şöbəsi və xalq məhkəməsinin də ora köçürülməsi nəzərdə tutulur. Onlar kəndlilərlə birbaşa təmasda olan orqanlardır”.

26 sentyabr 1923-cü il

“Bakinskiy raboçiy” qəzeti yazır: “24 sentyabrda Abdallar kəndi Kürdüstan qəzasının mərkəzi olur. Kürdüstan hökumətinin yeni heyəti oraya gedir. Bina olmadığı üçün icraiyyə hakimiyyəti və onu işçiləri çadırlarda yerləşirlər, digər müəssisələr hələlik açılmayıb.

Kürdüstan kəndləri dağların zirvəsində və yamaclarda yerləşir, orada evlər yoxdur. kəndlilər kahalarda və dəyələrdə yaşayır, əkin torpağı azdır və hələlik bölüşdürülməyib. Torpaq münaqişələri çoxdur. Suvarma suyu olmadığı üçün məhsul pisdir. Payızlıq və yazlıq əkin, həmçinin bostanlar quraqlıqdan ziyan görür. Əhalinin 50 faizi aclıqdan əziyyət çəkir. Xalq təhsili geridə qalıb. 94 kənddə 1 dənə də olsun, məktəb yoxdur. Qəza İcraiyyə hakimiyyəti 50 yeni məktəb, bir xəstəxana və 4 feldşer məntəqəsinin açılması ilə bağlı müraciət etmişdir”.


Ən vacib problemlərdən biri də sərhəd mübahisələri idi. Bu barədə “Bakinskiy raboçiy” qəzeti belə yazır: “Kürdüstanın Zəngəzur qəzasıyla sərhədləri tam olaraq müəyyən edilməyib. Sərhəd zolağında torpaq mübahısələri baş verir. Ora nüfuzlu komissiyanın göndərilməsi vacibdir”.

Qəza mərkəzi ilə bağlı Kürdüstan Qəza İcraiyyə Komitəsi sədri K.İlyasovun 1924-cü ilin yanvar ayına olan hesabat məruzəsindən çıxarışı diqqətinizə çatdırıram:
“Qəza icraiyyə Komitəsi üçün ikinci vacib məsələ iqamətgah məsələsidir ki, o olmadan planlı iş aparmaq mümkün deyil. Kürdüstan Qəza İcraiyyə Komitəsinin və onun Plenumunun qərarına əlavə olaraq bildirirəm ki, qəzada inzibati mərkəzin tikilməsi üçün əlverişli yer yoxdur. Bu məqsədlə nəzərdə tutulan məntəqələr aşağıdakılardır: Abdallar, Kürdhacı, Minkənd və Pircahan. Bu məntəqələr hər biri müxtəlif səbəblərdən uyğun hesab edilmirlər. Yeganə çıxış yolu isə Kürdüstan hüdudlarında saxlanılması vacib olan Şuşa şəhəridir. Belə ki, Şuşa şəhəri qəza üçün iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir”.

Lakin bu fikir qəbul edilmirdi. Məsələ ilə bağlı “Kommunist” qəzeti yazırdı:
“Kürdüstan qəza idarələrinin Şuşa şəhərində olmaq xüsusunda buraxılmış xəbərin üzərində Qarabağ Əyaləti İnqilab Komitəsi elan edir: “Təzə Kürdüstan qəzası təşkil olunduğu üçün onun şöbələrinə Kürdüstan mahalı olan Abdallarda oturmağa yer olmadığına görə müvəqqəti olaraq, Abdallar təmir olunana kimi Şuşa şəhərində olacaqlar. Müsəlman şəhəri Şuşa və onun kəndləri Qarabağ Əyalət İnqilab Komitəsinin himayəsində qalmışdır. Zəngəzurun Muxtar Qarabağla sərhəd təyini məsələsi hələlik həll edilməmişdir. Zəngəzur Qəza İcraiyyə Komitəsi bizim dəfələrlə onlara müraciət etməyimizə baxmayaraq, Kürdüstan mahalını tutmaqdadır. Bir neçə dəfə Kürdüstan İcraiyyə Komitəsi tərəfindən onlarla müşavirədə olmaq üzrə bu məsələni həll eləməkdən ötrü təklif olunubsa da, bir cavab almamışıq. Bu işin həllindən ötrü Zaqafqaziya İcraiyyə Komitəsi tərəfindən komissiya təyin olunub, Kürdüstana göndərilmişdir.
Az.MİK-in qətnaməsinə görə, Kürdüstan sərhədi Dağlıq Qarabağ ilə Lesaqorsk xəttindən olmalıdır”.


Beləliklə, Şuşanın iqamətgah olması məsələsi reallaşa bilməyəcəkdi. Kürdüstan qəzasının iqamətgah məsələsinin həlli - yəni Laçın şəhərinin tikintisi - maddi vəsait çatışmazlığından yubanırdı.

6 yanvar 1924-cü il

XKS-dən XDİK-nin təşkilat şöbəsinin rəisi Ş.Tahirova verilən məlumatda həmçinin qeyd olunur ki, Kürdüstanın yaylaq biçənəkləri tamamilə yanlış müəyyənləşdirilmiş və Kürdüstandan alınmışdı. Demək olar ki, Kürdüstanda biçənək qalmamışdı. Kürdüstan Qəza İcraiyyə Komitəsi biçənəklər məsələsi istisna olmaqla, bütün digər məsələlərdə ZAQ.MİK-in komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xətlərinin Keçəldağ, İşıqlı dağı, Fərməş Təpə, Cöhər gölü, Pəriçınqılın şimalı, Mıxtökən, Qoturlu İstisuyundan Dəvəgözünədək olan bütün ərazilər Kürdüstan qəzasında qalır.

Arxiv sənədlərində qeyd olunur ki, Kürdüstan qəzasının mərkəzi məntəqəsi Şuşa-Gorus şosse yolunun üstündə yerləşən Abdallardır ki, oradan bir neçə kəndarası yollar keçir: Şuşa, Pircahan, Qubadlı və s. “Bu səbəbdən mərkəzi aparatdan Bəylərbəyovun 27 avqust tarixli icazəsiylə mərkəzi Abdallara (Laçına) köçürəm” - bunu İnzibati Şöbənin rəisi Kürdüstan Qəzasının vəziyyətinə dair məruzəsində deyirdi. O bildirir ki, Kürdüstanda heç bir məntəqədə hər hansı bir müəssisənin yerləşdirilməsi üçün bir dənə də olsun tikili və ya ev yoxdur. Buna görə də iqamətgahın harada yerləşməsindən asılı olmayaraq, yeni binalar tikilməlidir. Abdallarda rabitə yolunun olması tikinti materiallarının ora daşınmasını asanlaşdırır, inzibati idarəetmə baxımından əhalinin özü üçün əlverişlidir, bundan başqa, Abdallar mərkəz olarsa, genişlənməsi və gələcək inkişafına da ümid etmək olar.

“Burada ilk növbədə 30-a yaxın taxta otaq tikilməlidir, çünki həmin otaqlar bizə ucuz başa gələcək. Əgər təcili şəkildə bizə şüşə, pəncərə dəmirləri, qarmaq, həncəmə (rəzə), qapı dəstəsi (qulp), mismar və s. alınması üçün vəsait buraxılarsa, bu ilin avqust ayında tikinti sahəsində ilk işlərə başlayarıq. Başladığımız işlər dayanmasın deyə, tikinti üçün vəd olunan vəsaitin tezliklə buraxılmasını xahiş edirik, xüsusən indi, mərkəzin Minkənddən Abdallara köçürüldüyü vaxtda”,- məruzədə deyilir. Ardınca bildirilir ki, Şuşa Kürdüstanının bir sıra kəndlərində insanların çoxunun sovet hakimiyyəti barədə anlayışı belə yoxdur. Heç bir mədəni-maarif işləri görülməyib, kənd sovetləri birləşməyib, kənd icra sədrləri oz vəzifə səlahiyyətlərindən xəbərsizdirlər, kənd sovetinin iclasları keçirilməyib, bir sözlə, inzibati aparatın işi bütövlükdə sovet quruculuğu yarıtmaz vəziyyətdədir.


Ən ciddi məsələlərdən biri Zəngəzur qəzasıyla dəqiqləşdirilməmiş sərhəd idi. Sərhəd rayonunda kəndlər arasında torpaqların zəbt olunması ilə bağlı anlaşılmazlıqlar baş verirdi. Mübahisələrin həll olunması üçün Azərbaycan SSR ilə Ermənistan SSR nümayəndələrinin iştirakı ilə təcili xüsusi nüfuzlu komissiyanın əraziyə göndərilməsi xahiş olunur.

Bundan başqa, Qarabağ Vilayət İnqilab Komitəsi (“Obrevkom”) Abdallarla öz sərhədlərini qurur. AZ.MİK-in 6 avqust tarixli əmri ilə Lısoqorla sərhədlər çəkilmişdi. “Əgər Qarabağ Vilayəti Lısoqorla Abdallar arasında yerləşən Qaladərəsi və Müsəlmanlar kəndlərini öz ərazisinə qatarsa, onda biz qonşu kəndlərə getmək üçün həmin kəndlərdən ayırılan-haçalanmış yol qət etməliyik. Bizim qəzanın Qubadlı hissəsindəki bütün yollar Müsəlmanlar və Qaladərəsinin üzərindədir, bununla yanaşı yuxarıda göstərilən kəndlər bizim iqamətgahın yaxınlığında yerləşir və Xankəndinin 25 verstliyindədir. Ona görə də, Vilayət Komitəsindən xahiş edirəm ki, sərhədlərlə bağlı qərarı təsdiqləsin və ora öz nümayəndəsini təyin etməsin”,- məruzədə deyilirdi.

(Ardı var)


Yeganə Kamal Cabbarlı
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasının müdiri
Xüsusi olaraq AzVision.az üçün

Qalereya




Teqlər: Laçın   Tarix  





Xəbər lenti