Paşinyan: "Rusiya regiondan uzaqlaşır, bir gün oyanıb görəcəyik ki..."

     Paşinyan:  "Rusiya regiondan uzaqlaşır, bir gün oyanıb görəcəyik ki..."
  04 Sentyabr 2023    Oxunub:1881
Ermənistanın baş naziri Nikol Paşinyan La Repubblica-ya verdiyi müsahibədə Rusiya əleyhinə diqqət çəkən açıqlamalar səsləndirib.
İrəvan rəhbəri deyib ki, Ermənistan təhlükəsizlik sahəsində təkcə Moskvaya arxalanmamalıdır. Rusiyanın özünə silah lazımdır və artıq səhvlərinin “acı meyvəsini dadmış” bu ölkə ehtiyaclarını təmin edə bilmir.

Erməni baş nazirin fikrincə, Moskva regiondan uzaqlaşır. Bu isə ona gətirib çıxara bilər ki, bir gün ermənilər oyanıb Rusiyanın artıq Ermənistanda mövcud olmadığını görəcəklər.

Zaxarova İrəvana səsləndi: "Janqlyorluq etməyin!"
O, İrəvanın təhlükəsizlik sahəsində Moskvadan yaranmış asılılığını yanlış strategiya kimi qiymətləndirib.

“Ermənistanın təhlükəsizlik arxitekturası 99,999% Rusiya ilə bağlı idi. O cümlədən bu, sursatlar, silah əldə etmək baxımından belə idi. Amma bu gün Rusiyanın özünün silah-sursata ehtiyacı olduğu bir vaxtda məlum olub ki, Moskva istəsə belə, Ermənistanın təhlükəsizlik sahəsində ehtiyaclarını təmin edə bilməyəcək. Yəni, bu nümunə bizə təhlükəsizlik baxımından bir yerdən asılılığın strateji səhv olduğunu göstərir”, - Paşinyan gileylənib.

Paşinyan qeyd edib ki, İrəvan indi təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır.

İrəvan rəhbəri Moskvaya qarşı ittihamlar da səsləndirib

O iddia edib ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin təhlükəsizliyini təmin etməklə bağlı götürdüyü öhdəliklərini yerinə yetirmir: "Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatda təsbit olunmuş missiyanı yerinə yetirmirlər. Bu isə ciddi narahatlıq doğurur".

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının hazırda Qarabağda fəaliyyətlərinin əsas məqsədlərindən biri mülki əhalinin təhlükəsizliyidir.

"Belə olan halda təhlükəsizlik, o cümlədən sərbəst hərəkət hüququ "təmin edilmir". Heç bir addım atılmır. Bu, həqiqətən də həyəcanverici faktdır", - Paşinyan Laçın yolundan rahat, təhlükəsiz şəkildə keçən yerli erməniləri görməzdən gələrək əsassız ittihamlar səsləndirib.

O sonda qeyd edib ki, "Rusiya bu istiqamətdə addım atsa da, atmasa da, Moskvanın hazırda regiondan uzaqlaşdığını görürük. Biz bunun hansı səbəblərdən belə olduğunu bilmirik. Təbii ki, müəyyən fərziyyələr irəli sürülür. Amma elə proseslər var ki, ona əsasən bir gün oyanıb Rusiyanın artıq burada olmadığını görə bilərik”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Paşinyan   Sülhməramlı   Qarabağ   Təhlükəsizlik  





Xəbər lenti