Su – tükənən resursdur! | Daşkənddən baxış

// Hər şey bir damladan başlayır

      Su – tükənən resursdur!    | Daşkənddən baxış
  04 Sentyabr 2023    Oxunub:7283
Denis Sorokin
Özbəkistanın Dövlətlərarası Əlaqələndirici Su Komissiyası (DƏSK) Elmi İnformasiya Mərkəzinin Regional İnformasiya və Analitik şöbəsinin rəhbəri
Xüsusi olaraq AzVision.az üçün

Təbiətdə suyun miqdarı praktiki olaraq dəyişməzdir. Problem ondadır ki, planetin təmiz içməli su ilə təminatı daimi azalır, su istehlakı isə durmadan artır. Sənayedə, kənd təsərrüfatında və gündəlik həyatda əsasən şirin sudan istifadə olunur. Şirin su mənbələri - çaylar və göllər qitələrdə son dərəcə qeyri-bərabər paylanıb. Əhalinin 70%-nin yaşadığı Avropa və Asiyada dünyanın çay suyu ehtiyatlarının cəmi 39%-I cəmləşib. Dünya əhalisinin demək olar ki, 20%-nin yaşadığı Avropada şirin su ehtiyatları dünya üzrə ümumi su ehtiyatının yalnız 7%-ni təşkil edir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, planetin 3 milyarda yaxın sakini keyfiyyətsiz içməli sudan istifadə edir. İnkişaf etməkdə olan ölkələrdə bütün xəstəliklərin təxminən 80%-i təmiz suyun yoxluğu ilə əlaqədardır. Su əvəzolunmaz xammaldır və onu başqa şeylə əvəzləmək mümkün deyil.

Dünyada şirin su çatışmazlığının əsas səbəbləri bunlardır:
• Dünya əhalisinin çoxalması;
• Sənaye sahələrinin inkişafı ilə əlaqədar suya tələbatın intensiv artması;
• Çaylarda axının zəifləməsi səbəbindən şirin suyun azalması;
• Su anbarlarının çirkab suları ilə çirklənməsi.

Şirin su itkilərinin əsas səbəbləri bunlardır:
• Suyun kanalların divarlarından torpağa hopması;
• Təchizat mənbələrindən yaşayış məntəqələrinə su verən magistral kəmərlərdəki pozuntular, sızmalar;
• Su kranlarının və kanalizasiya qurğularının nasazlığı nəticəsində yaşayış və ictimai binalarda sudan qeyri-rasional istifadə.

Təmiz şirin su qıtlığı həm də təbii suların çirklənməsi ilə bağlıdır. Su obyektlərinin çirklənməsi adətən onlara çirkab suların axıdılması nəticəsində baş verir. Nəticədə yerüstü və qrunt suları içməli su təchizatı, məişət və sənaye məqsədilə istifadə üçün yararsız hala düşür.

Şirin suyun artıq bərpa olunan resurs hesab edilə bilinməyəcəyini qəbul edən Birləşmiş Millətlər Təşkilatı 2010-cu ildə təmiz suya və kanalizasiyaya çıxışı insan hüquqları kimi təsdiqlədi və bütün 193 Üzv Dövlətin razılığı ilə onları BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə daxil etdi. 2030-cu ilə qədər təhlükəsiz içməli suya universal çıxışı təmin etmək üçün Dünya Bankının hesablamalarına görə, 1,7 trilyon dollardan çox vəsait lazımdır.

Bir çox ölkələrin alimləri çirklənmiş suların təmizlənməsi, duzlu dəniz suyunun şirinləşdirilməsi və yeni faydalı rütubət mənbələrinin axtarışı problemləri ilə məşğuldurlar. Antarktika aysberqlərinin Kaliforniya, Səudiyyə Ərəbistanı və digər ölkələrin sahillərinə aparılması layihələri var. Amerikalı mütəxəssislər hesablamalar aparıblar ki, altı yedək gəmisi təxminən 10 milyard ton ağırlığında bir aysberqi daşıya bilər. Belə bir buz dağı böyük bölgəni il boyu şirin su ilə təmin edə bilər.

Şirin su çatışmazlığını həll etməyin yolları bunlardır:
• Su anbarlarında şirin su ehtiyatlarının qorunması. Bu həm də gözlənilməz fəlakətlər zamanı su ehtiyatına malik olmağa imkan verir;
• Məişət və tullantı suları təkrar emal edilməli və təmizlənməlidir. Bu, şirin suya əhəmiyyətli miqdarda qənaət deməkdir;
• Duzlu suyun şirinləşdirilməsi texnologiyaları getdikcə inkişaf edir və daha az maddi xərc tələb edir. Bu, şirin su probleminin əla həllidir;
• Müasir genetik seleksiya texnologiyalarının köməyi ilə şoran torpaqlarda dözümlü bitkilər yetişdirmək mümkündür. Belə bitkiləri duzlu su ilə suvarmaq olur və şirin suya əhəmiyyətli miqdarda qənaət edilir;
• Bitkiləri suvararkən şirin suya qənaət etməyin başqa yolu damcılı suvarma texnikasıdır. Bunun üçün kənd təsərrüfatı torpaqları şaxələnmiş kiçik diametrli borular sistemi ilə təchiz edilir, bu sistem vasitəsilə su birbaşa bitkinin köklərinə çatdırılır;
• Bitkiləri sulamaq üçün tullantı sulardan da istifadə edilə bilər. Bu təcrübə bütün hallarda tətbiq olunmur, lakin istifadə edildikdə effektiv nəticə verir;
• Dünyanın quraqlıq bölgələrində su çatışmazlığı probleminin qeyri-adi həlli səhralarda süni meşələrin yaradılmasıdır. Təcrübədə belə layihələr hələ həyata keçirilməyib, lakin onların üzərində iş gedir;
• Quyular, buzlaqlar və s. Böyük şirin su ehtiyatları buzlaqlarda cəmləşir. Onların bəziləri üsulluca əridilsə, əhəmiyyətli miqdarda su əldə etmək olar. Başqa bir üsul dərin quyuların qazılmasıdır.

İçməli suyun keyfiyyətini yaxşılaşdırmaq üçün gündəlik həyatda müəyyən üsullar var:
• Suyun az olduğu yerlərdə onu az miqdarda sirkə ilə içmək lazımdır: 1 litr suya 1-2 çay qaşığı alma sirkəsi və bal, 3-5 damcı 5%-li yod əlavə etmək olar. Belə mühitdə mikroblar bir neçə dəqiqə ərzində ölür;
• Yundan fitil düzəldin, bir ucunu su dolu bir qaba, digər ucunu isə boş qaba qoyun. Su təmizlənərək, dolu qabdan boş qaba damlamağa başlayacaq. Bu ən yaxşı yollardan biridir. Suyu bir neçə dəfə belə təmizlənmək olar;
• Acı və ya pis suyu qaynadıb içinə təmiz gil və yun yumaqları atın, sonra onları çıxarıb sıxın. Sıxılmış su daha keyfiyyətli olacaq;
• Duzlu suya yemişan giləmeyvəsi əlavə edib içmək olar;
• Suyu təmiz torpaqla qarışdırın, sonra çökməsin gözləyin.

Deyə bilərsiniz ki, məndən nə asılıdır və təkbaşına nə edə bilərəm? Birincisi, siz tək deyilsiniz. Yer üzündə bu problemi anlayanlar - həm alimlər, həm də planetin gələcəyinə biganə olmayan adi insanlar getdikcə çoxalır. Bir çox ictimai təşkilatlar suyu qoruyurlar. Məsələn, yapon məktəbliləri bütün su mənbələrinə himayədarlıq etməyi öz üzərlərinə götürüblər - bu, yaxşı bir nümunədir!
İkincisi, su damcılayan kranı bağlamaq çətin deyil. Bağınızı və ya bostanınızı sulayarkən şlanqı yerə atmayın, çünki ağacların daimi suya ehtiyacı yoxdur.
Su mənbələrinə, arxlara zibil atmayın.
• Üçüncüsü, düşünməyin ki, qənaət etdiyiniz bir damcı su heç nəyi dəyişməyəcək. Təbiətdəki böyük su dövranı bir damladan asılı ola bilən incə tarazlıqdır.


Denis Sorokin
Özbəkistanın Dövlətlərarası Əlaqələndirici Su Komissiyası (DƏSK) Elmi İnformasiya Mərkəzinin Regional İnformasiya və Analitik şöbəsinin rəhbəri
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Su  





Xəbər lenti