"İşlərim çoxdur, tarix oxuyuram" - Keçmiş Baş nazir

  "İşlərim çoxdur, tarix oxuyuram"  -    Keçmiş Baş nazir
  04 Sentyabr 2023    Oxunub:4362
2019-cu il oktyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri postundan azad edilən Novruz Məmmədov hardadır və hazırda nə işlə məşğuldur? AzVision.az tədbirlərin birində bununla bağlı sabiq siyasətçiyə sual ünvanlayıb.
Novruz müəllim, hazırda nə işlə məşğul olursunuz?
-İşlərim çoxdur. Səhərdən axşama kimi məşğul oluram.
"Nəvələrimin şəkillərini gündə 10 dəfə öpürəm" - Novruz Məmmədov


- Konkret olaraq bu işlər nədən ibarətdir?
- Xüsusi işlərim var. Qədim Yunanıstanın, Romanın, İngiltərənin, bütövlükdə dünyanın tarixini oxuyuram, araşdırıram. Beynəlxalq arenada baş verənlərlə maraqlanıram. Nəyin düz, nəyin səhv olduğunu analiz edirəm. Mən siyasəti, ümumiyyətlə, bu işləri çox yaxşı bilirəm. Baş verənləri kənardan izləyirəm.

-Güclü siyasi keçmişiniz var. Fransız dilini mükəmməl bilirsiniz. Zamanında Azərbaycan-Fransa münasibətlərini daha yaxından izləmisiniz. Hazırda Fransanın Qarabağ mövzusunda Azərbaycana qarşı hərəkətlərini necə qiymətləndirirsiniz?

-İndi təqaüddəyən, bu məsələlərə qarışıb konkret fikir bildirmək düzgün olmaz. Fransanın hərəkətləri mənə nə cür lazımdırsa, elə də təsir edir. Amma Müəyyən strukturlarımız, nazirliyimiz, administrasiyamız var. Bu işlərlə onlar məşğul olur.

Qeyd edək ki, N. Məmmədov 1997-ci ilin 12 aprelində Azərbaycanın eks-prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib. 2002-ci ilin yanvarında Azərbaycan prezidentinin fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur – "Fəxri Legion" ordeni ilə təltif edilib.

2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilib. 2017-ci ilin 13 martında prezident İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

2017-ci ilin iyunun 1-dən 2018-ci ilin 18 aprelinədək Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi- şöbə müdiri vəzifəsində çalışıb.

2018-ci ilin 21 aprelində Azərbaycanın Baş naziri təyin edilib, 2019-cu ilin 8 oktyabrında isə bu vəzifədən istefa verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   NovruzMəmmədov   Başnazir  





Xəbər lenti