Məhsa Əmininin əmisi həbs edildi
Məlumata görə, İran qüvvələri axtarış qərarı olmadan Safa Aelinin evinə basqın ediblər. Məhsa Əmininin ölümünün ildönümünə bir neçə gün qalmış Sakkiz qəsəbəsi sıx təhlükəsizlik nəzarəti altındadır. Bundan əlavə, 22 yaşında dünyasını dəyişən gənc qadının məzarının ətrafına da kameralar yerləşdirilib.
Məhsa Əmininin ciddi islami geyim qaydalarına əməl etmədiyi üçün “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra həbsdə ölməsi İranda aylardır zorakılıqla yatırılan nümayişlərə səbəb olub və “Qadınlar, həyat, azadlıq” hərəkatının başlanmasına təkan verib. Bir çox iranlı qadın bir ildir ki, hicablarını çıxararaq hakimiyyətə meydan oxuyur.
İnsan haqları təşkilatları, o cümlədən “Amnesty International” İran hökumətini Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində təzyiqləri artırmaqda ittiham edir.
Bu mənbələrin məlumatına görə, aksiyalar zamanı öldürülən etirazçıların ailə üzvləri növbəti nümayişlərin qarşısını almaq üçün həbs edilib.
Mənbələr həbs olunanlar arasında son aylardakı etirazlarla birbaşa əlaqəli olan və edam edilənlərdən biri olan Məhəmməd Mehdinin atasının da olduğunu bildirib.
AzVision.az
Teqlər: