İlham Əliyev: Bizi heç kim məcbur edə bilməz - VİDEO

İlham Əliyev: Bizi heç kim məcbur edə bilməz - VİDEO
  14 Aprel 2013    Oxunub:1462
Qəbələ RLS məsələsi Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərində heç bir narahatlıq yaratmayıb və yaratmır
Bu söləri Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya 24" telekanalına müsahibəsində deyib.

"Azərbaycanın Bakıdan sonra ikinci turizm mərkəzi olan dilbər güşəsi Qəbələdə 300 hektar sahəni əhatə edən RLS-in icarə haqqı ərazisinə görə cəmi 7 milyon dollar təşkil edirdi. Əgər dənizdən uzaqda qalanlar dəniz kənarında istirahət edirlərsə, biz, Xəzərin sahilində yaşayanlar dağlıq ərazilərdə istirahət edirik. Bu səbəbdən bizim istəyimiz ondan ibarət idi ki, bu obyektə görə icarə haqqı reallığa uyğunlaşdırılsın. Birincisi, bu, ötən on il üçün hansısa təzminat olardı, çünki ötən on il ərzində Azərbaycan heç vaxt qiymətə yenidən baxılması ilə bağlı məsələ qaldırmayıb, halbuki hər kəs, düşünürəm ki, Rusiya da başa düşürdü ki, qiymət, yumşaq desək, simvolikdir", - İlham Əliyev bildirib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixdən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixdən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim edilmişdi.

Prezidentin sözlərinə görə, icarə haqqının artırılması həmçinin onunla əsaslandırılır ki, son 5-6 il Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıqda böyük inkişaf hiss olunur, alış-veriş milyard dollarlarla ölçülür.

"Biz Rusiyanın hərbi texnikasını dünya qiymətləri ilə alırıq. Hesab edirik ki, əgər biz hərbi texnikanı dünyada mövcud olan qiymətlə alırıqsa, digər hesablaşmaları dünya qiymətləri ilə aparırıqsa, onda icarə haqqı da buna uyğun və ya yaxın olmalıdır", - dövlət başçısı vurğulayıb.

Prezidentin sözlərinə görə, Qəbələ RLS özlüyündə Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Bizdə Qəbələ RLS-in aldığı informasiyalardan istifadə etmək üçün vasitələr yoxdur.

"Bu səbəbdən bu məsələ sırf həm dostluq, həm də kommersiya əsasında tənzimlənməlidir. Biz Rusiya tərəfinə yeni qiymətlərlə daha beş və ya on il müddətinə əməkdaşlığı təklif etdik, lakin bu, qəbul olunmadı. Rusiyada hazırda həm fiziki, həm də mənəvi baxımdan köhnələn Qəbələ RLS-dən daha müasir müşahidə stansiyası mövcuddur. Bu da məsələnin məğzidir. Və bu məsələ, media tərəfini fikirləşməsək, ikitərəfli əlaqələrdə heç bir narahatlıq doğurmayıb və hazırda da doğurmur", - İlham Əliyev bildirib.

KİV-lərdə ABŞ-ın təzyiqi ilə Azərbaycanın belə qərar verməsinə dair yazıları şərh edən dövlət başçısı bunların həqiqətəuyğun olmadığını bildirib.

"Bu, qətiyyən belə deyil. Bizi heç kim məcbur edə bilməz. Xüsusilə də bizi öz strateji tərəfdaşımıza qarşı addım atmağa məcbur etmək ümumiyyətlə mümkün deyil", - Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS Sovet dövründə SSRİ-nin raket əleyhinə müdafiə sisteminin ən vacib elementi kimi tikilib. Müstəqillik əldə edildikdən sonra RLS Azərbaycanın mülkiyyətinə keçib və Rusiya RLS-dən istifadə etməyə davam edib.




Teqlər:  





Xəbər lenti