Bəsirət gözü bağlanmış Rəisi və mövcud reallıq

      Bəsirət gözü bağlanmış Rəisi    və mövcud reallıq
  22 Sentyabr 2023    Oxunub:1977
Əksər ekspertlər Ermənistanın ABŞ-la birgə təlimlər keçirməsini Tehrana qarşı açıq-aşkar xəyanət kimi qiymətləndirdiyi halda, İran hakimiyyəti daha çox Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin hüquqlarından narahatlıq izhar edir.
Qarabağ bölgəsində yaşayan ermənilərlə Azərbaycanın hakimiyyət orqanları arasında danışıqların ilk turundan bir gün sonra İran prezidenti İbrahim Rəisi məslək qardaşlarına vəkillik etməyə çalışıb.

“Qarabağ Azərbaycanındır, lakin biz vurğulayırıq ki, ermənilərin hüquqlarına hörmət etmək zərurətdir və onların təhlükəsizliyi, hüquqları, sərhədlərin vəziyyəti qorunmalıdır”, - İran prezidenti deyib.

Maraqlıdır ki, digər ölkələrdə milli azlıqların hüquqlarının müdafiəçisi rolunda çıxış etməyə çalışan İran prezidenti, nədənsə öz ölkəsində 40 milyona yaxın azərbaycanlının, kürdlərin, bəlucların, bəhailərin və ümumiyyətlə vətəndaşların təməl hüquqlarının tapdanmasından narahat olmur. Nəinki naraha olmur, hətta vətəndaşlara qarşı repressiya siyasətini daha da gücləndirir. Necə deyərlər, özünə umac ova bilmədiyi halda, özgəsinə əriştə kəsməyə çalışır.

Əslində, Rəisinin bu ampulada çıxışı heç də təəccüblü olmayıb, rəsmi Tehranın ənənəvi anti-Azərbaycan siyasətinin məntiqi davamıdır.

Təsadüfi deyil ki, İrəvanla sıx iqtisadi-siyasi əlaqələr qurmuş Tehran, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra İranın Ermənistanla və Qarabağ bölgəsindəki separatçılarla quru yolunun kəsilməsindən dəfələrlərə narazılığını bildirb.

Hələ bu azmış kimi, son illər Azərbaycanla sərhədləri yaxınlığında bir neçə genişmiqyaslı hərbi təlim keçirən İran, məhz öz Silahlı qüvvələrinin regionda hər hansı geosiyasi və sərhəd dəyişikliyinin qarşısını almaq yönündə uğur qazandığını bəyan edib.

Halbuki, regionda sərhəd dəyişikliklərinə can atan və bölgəni qanlı müharibələr burulğanına sürükləməyə çalışan yeganə “dövlət” məhz İranın hərtərəfli dəstək verdiyi Ermənistandır. Yeri gəlmişkən, İranın ən qatı düşməni olan ABŞ-la Ermənistanın keçirdiyi birgə hərbi təlimlər bunun əyani sübutudur. Bəsirət gözü bağlanmış İrandakı teokratik rejim isə, kor tutduğunu buraxmadığı kimi anti-Azərbaycan ritorikasını əldən qoymur.

Amma İranın və Ermənistanın digər havadarlarının bütün təhdidlərinə və əngəllərinə baxmayaraq, öz ərazilərini işğaldan azad edən Azərbaycanın Qarabağdakı ermənilərin hüquqlarının təminatı müstəvisində nə Rəisinin, nə də ki, digər ermənidən daha çox erməni olmağa çalışanların “məsləhət”lərinə ehtiyacı var.

O, ki, qaldı sərhədlərimiz yaxınlığında hərbi güc nümayişinə, Azərbaycan öz hərbi təlimləri ilə çox qızğın beyinləri soyuq duşla söndürüb. Elə Qarabağ bölgəsində keçirilən sonuncu anti-terror tədbirləri də bəzi beyni yenidən qızmağa başlayanlara çox ciddi xəbərdarlıqdır. Maraqlıdır ki, bu mesajı Ermənistan hakimiyyəti çox yaxşı başa düşdüyü halda, İran hökuməti bu elementar həqiqəti də dərk etmək şüurundan xalidir.

Sahil İsgəndərov
Kamran İsayev




Teqlər: Rəisi   ermənilər  





Xəbər lenti