“Niyə itki verdik?” Hərbi ekspertin cavabı

      “Niyə itki verdik?”    Hərbi ekspertin cavabı
  24 Sentyabr 2023    Oxunub:3311
Ədalət Verdiyev
Hərbi ekspert

Vətən müharibəsində 3 min şəhid verən Azərbaycanın itkiləri mürəkkəb coğrafi relyefdə, silsilə müdafiə xəttinin mövcudluğu şəraitində hərbi nöqteyi-nəzərdən minimal itki hesab olunur. Nəzərə alınsa ki, hücumda olan ordu müdafiədə olan ordudan daha çox itki verir və müdafiədə olan Ermənistan ordusu iki dəfədən çox hərbçi itirib, bütün texnikası məhv edilib, Azərbaycanın uğurunun hərb tarixinə möhtəşəm qələbə kimi düşməsi faktdır.
Eynilə 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal antiterror tədbirləri heç də 3-5 erməni qulduruna qarşı deyil, müasir texnika, silah- sursata malik, şəxsi heyəti minlərlə ölçülən, döyüş təcrübəsi olan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı keçirildi. Üstəlik, onlar uzun illərdir əlverişli müdafiə xətti qurmuşdular və yüksəklikdə yerləşən üstün mövqelərə malik idilər.

Belə bir şəraitdə Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 58 dəqiqəyə onları ağ bayraq qaldırmağa məcbur etdi. Yenə də əməliyyatın miqyası və mahiyyətinə baxanda itkilər çox azdır. Əlbəttə, istənilən şəhid xəbəri ürəyimizi ağrıdır. Heç bir ana, ata, bacı və qardaş, həyat yoldaşı, uşaq gözüyaşlı qalmalı deyil. Amma zaman var idi, biz millət kimi yox olmağa, bütün sərvətimizi verməyə hazır idik ki, işğal altında olan ərazilərimizi qaytaraq. Bu, bizim bir millət kimi mövcudluğumuz məsələsi idi.

90-cı illərdə 30 min qurban verdik, torpaqlarımız da getdi, milli mənliyimiz də tapdalandı. Hər dəfə ermənilərin bizim əsgərlərə necə işgəncə verməsi kadrlarını görəndə, qız-gəlinlərimizin erməni əsirliyində qalması və hansı faciələr yaşaması barədə oxuyanda sadəcə yaşadığımıza görə utandıq.

1992-nin yanvarında Daşaltı əməliyyatında yüzlərlə hərbçimizi itirdik, amma heç nəyə nail olmadıq. İndi isə minimal itki ilə Qarabağın ermənilər yaşayan ərazisini bircə günə nəzarətə götürdük.

2020-ci ilin noyabrında müharibə bitdikdən sonra ötən 3 il ərzində biz Ermənistanı sərhədlərimizdə möhkəmlənməyə qoymadıq, bütün sərhəd boyu yüksəklikləri nəzarətə götürdük. Ermənistandan Qarabağa silah-sursat daşınmasının qarşısını aldıq. Ermənilər Qarabağda bir santimetr belə əlavə tranşeya qaza, istehkam qura, möhkəmlənə bilmədilər. Biz ara-sıra toqquşmalarda qurbanları da ona görə verdik ki, düşməni güclənməyə, yeni mövqelər əldə etməyə qoymayaq. Sentyabrın 20-də həyata keçirilmiş antiterror tədbirlərinin uğuru həm 3 il ərzində ordumuzun daha da güclənməsi, həm də yuxarıda sadalanan bütün bu işlərə görə mümkün oldu.

Kim necə düşünür-düşünsün, amma həqiqətən də İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini çox yaxşı bilir.

Torpağı qanla vermişdik, qanla da almalıydıq, aldıq da. Şəhidlərimizə ağlamalıyıq, ağlayırıq da. Amma bu gün göz yaşlarımız 90-cı illərdə aşağılanmış, təhqir edilmiş insanlarımızın göz yaşları deyil, qürur hissi keçirən, başını dik tutan, şəhidlərimizlə, igidlərimizlə fəxr edən xalqımızın göz yaşlarıdır.

Ona görə də “niyə itki verdik” soruşmayaq, şükür ki, az itki hesabına tariximizdə daha bir parlaq Qələbə səhifəsi açmağımızın əhəmiyyətini dərk etməyə çalışaq.


Teqlər: Antiterror   Qarabağ  





Xəbər lenti