Xəzərin Lənkəran və Astara sahilləri çirkləndirilir

Xəzərin Lənkəran və Astara sahilləri çirkləndirilir
  29 Sentyabr 2023    Oxunub:1424
Yaraşıqlı və müasir turizm obyektlərinin ətrafı zibil qalaqları ilə əhatələnib, qanunsuz balıq ovçularının tərk edilmiş qayıq və sintetik torları ətrafda gözə dəyir…
Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Bu dəfə layihə çərçivəsində Lənkəran və Astarada Xəzər sahilinin çimərlikləri barədə müşahidələrimizi təqdim edirik.

Lənkərandakı dəniz sahili mövsüm vaxtı daha kütləvi istismar olunur, ölkənin digər yerlərindən gələn daxili turistlər, eləcə də az-az rast gəlinən xarici turistlərin hesabına bu çimərliklər daim dolu olur. Ötən il bu sahədə apardığımız müşahidələr də eyni vəziyyəti göstərirdi. Onu da qeyd etmək lazımdfır ki, buranın qara vulkanik qumları müalicəvi əhəmiyyətə malikdir, suyu isə bütün Xəzər dənizi sahillərində ən duru su hesab olunur. Müşahidələrimizə əsasən deyək ki, burada çirklənmə səviyyəsi daha çoxdur. Bundan başqa, Lənkəran şəhərinin sahilə yaxın olması da çirklənmə səviyyəsini artırır. Əhali ilə apardığımız söhbətlərdən və müşahidələrimizdən o qənaətə gəlmək olur ki, Lənkəranda fərdi yaşayış evlərində formalaşan tullantı suların bir hissəsi birbaşa Xəzər dənizinə axıdılır. Eləcə də, şəhərin mərkəzində yerləşən binalar, müəssisə və qurumlardan çirkab və tullantı suları dəmiryol vağzalının qarşısındakı boru ilə dənizə tökülür. Tullantı suların Xəzərə töküldüyü sahələr isə çimərliklərdir. Bu isə ekoloji vəziyyəti pisləşdirməklə bərabər, çimərlikləri çirkli və yararsız hala salır, ərazidəki təbii axarlara və kanallara öz mənfi təsirini göstərir. Nahaq yerə deyil ki, burada aparılmış dəniz suyunun monitorinqləri çirklənmə səviyyəsinin normadan çox olduğunu göstərir. Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan, tullantı suları heç bir təmizləmə prosesindən keçmədən dənizə axıdılır. Digər tərəfdən, sahil və çimərlik ərazilərinin insanlar tərəfindən çirkləndirilməməsinə nəzarət zəifdir. Nəticədə tullantılara məruz qalan çimərliklərdən istifadə mədə-bağırsaq və dəri xəstəliklərinin yaranması riski yaradır. Burada da brakonyerlik, sintetik torlardan istifadə və sahil ərazilərin müxtəlif balıqçılıq ləvazimatları, plastmas tullantılarla ilə çirkləndirilməsi tipik xarakter daşıyır.

Astaranın dəniz sahili nisbətən təmiz və daha az antropogen təsirə məruz qalsa da, burada da ətraf mühit məsələsi aktualdır. Astaranın çimərlikləri qonşu Lənkərana nisbətən daha təmiz, daha az turist qəbul edən olsa da, turizm potensialı böyükdür. Son zamanlar rayonun ərazisində Xəzər sahilində yerləşən bir sıra kəndlərdə standartlara uyğun çimərliklərin salınması, turizm obyektlərinin sayının çoxalması müşahidə edilir. Məsələn, layihə çərçivəsində baş çəkdiyimiz Şahağacı, Qamışlı və s. ərazilər bu baxımdan misal çəkilə bilər. Bununla belə, bu cür obyektlərin fəaliyyətə başlaması ilə sahilin Bakıdakı və qonşu Lənkərandakı kimi çirklənməsinin əsası qoyulub. Belə ki, çimərliklərdə təmizliyə riayət edilmir. Sahibkarlar, əhali və eləcə də müvafiq qurumların bu yöndə fəaliyyətini və diqqətini artırmalarına ehtiyac var. Sahil boyunca bir sıra yerlərdə çox səliqəsiz mənzərənin, hətta açıq brakonyerliyin, ölkədə satışı və istifadəsi qadağan olunmuş sintetik torların qurulduğunun, köhnələrinin dəniz sahilini zibilliyə çevirdiyinin şahidi olursan. Əhali ilə söhbətlərdən o qənaətə gəlirik ki, bu cür sintetik torlar ərazidə kütləvi istifadə olunur və müvafiq qurumların buna göz yummasının səbəbi brakonyerliyə münbit şərait yaradıb. Nəticədə, yaraşıqlı və müasir turizm obyektlərinin ətrafının zibil qalaqları, qanunsuz balıq ovçularının tərk edilmiş qayıq və sintetik torlarla əhatələnməsinin şahidi oluruq ki, bu da nəinki ekoloji, həmçinin turistik baxımdan da qəbuledilməzdir və əcnəbilərdə ölkə barəsində neqativ təəssürat oyada bilər.
Qeyd edilənlərdən əlavə, Lənkəranın vətəkə əhəmiyyəti daşıyan və daşımayan çaylarında, digər su hövzələrində brakonyerlərin suya tokvermə üsulu ilə balıqları tələf etdiyi barədə də çoxlu söhbətlər eşitdik. Bu da brakonyerliklə bağlı təhlükəli məqamlardandır. Bu bölgədə də əhalinin məşğulluq məsələlərinin tam həlli, eləcə də müvafiq qurumların su hövzələrinin və onlardakı bioresursların qorunması ilə bağlı vəzifələrini daha məsuliyyətlə yerinə yetirməsi lazımdır ki, bu sahədə arzuolunmaz hallara rast gəlinməsin…

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
AzVision.az




Teqlər:





Xəbər lenti