Şəhid xəbərlərinin bitməsi üçün nə etməliyik?!

Ədalət Verdiyev: “Ermənistanla aramızda bufer zona yaradılmalıdır”

   Şəhid xəbərlərinin bitməsi üçün nə etməliyik?!
  01 Oktyabr 2023    Oxunub:3077
Antiterror əməliyyatından sonra Azərbaycan cəmiyyəti “hər şey bitdi, bundan sonra sülh bərqərar olacaq” düşüncəsinə köklənsə də, təəssüf ki, şəhid xəbərləri gəlməkdə davam edir.
Erməni snayperin Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə açdığı atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhadətə qovuşub. Vüsalın cəmi 18 yaşı var idi. O, bu ilin aprel ayında hərbi xidmətə yollanmışdı...
Nə vaxta qədər gənclərimiz şəhid olacaq? Bu məsələni birdəfəlik bitirmək üçün nə lazımdır?

- Azərbaycan Qarabağ məsələsini beynəlxalq hüquqa uyğun şəkildə tam həll edib. Artıq Qarabağ ərazisində Azərbaycana qarşı silah çevirəcək heç bir qrup qalmayıb,- deyə hərbi ekspert Ədalət Verdiyev “AzVision”a bildirib.- Ermənistanla şərti sərhəddə isə düşmən tərəfin davranışları kifayət qədər aqressivdir. Əsgərimizin şəhid edilməsi Azərbaycan ordusuna adekvat tədbirlər görmək üçün kifayət qədər əsas yaradır. Hesab edirəm ki, bununla bağlı yaxın vaxtlarda məlumatları eşidəcəyik. Yadınızdadırsa, Qarabağdakı erməni silahlılar da belə təxribatlar törədirdilər. Azərbaycan uzun müddət təmkinli davranandan sonra, bir gün ərzində Qarabağdakı erməni silahlıları kökündən təmizlədi.

Ekspertin fikrincə, sərhəddəki təxribatın Qranadada gözlənilən danışıqlar ərəfəsində baş verməsi təsadüfi deyil. Ermənistan güman ki, Azərbaycanı təxribata çəkməklə, danışıqları pozmaq üçün gərginlik yaratmağa çalışır.

Bəs çıxış yolu nədir? Hər dəfə Ermənistan hansısa siyasi təxribat törətmək istəyəndə biz övladlarımızı itirməliyikmi?

- Mən əvvəllər də belə bir təklif irəli sürmüşdüm ki, Azərbaycanla Ermənistanın arasında bufer zonası yaradılmalıdır. Ermənilərə Azərbaycana qarşı o qədər nifrət aşılanıb ki, əgər bufer zona yaradılmasa, təxribatlar uzun müddət davam edə bilər, - Ədalət Verdiyev vurğulayıb.

Tariyel Həsənov
AzVision.az



Teqlər:   Ermənistan   Təxribat  





Xəbər lenti