Qarabağ "Hekken"ə qarşı Bəhlul, Cica və Veşoviçsiz oynayacaq

Qarabağ "Hekken"ə qarşı Bəhlul, Cica və Veşoviçsiz oynayacaq
  03 Oktyabr 2023    Oxunub:1358
"Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. "Hekken"in öz xüsusi oyun üslubları var. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik. Vaxtımız var".
AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin "Hekken" klubu ilə oyun üçün səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, "Hekken"in ilk oyunda "Bayer"ə 0:4 hesabı ilə məğlub olması bu komandanın autsayder olması demək deyil: "Məndə belə bir fikir formalaşmayıb. Səfərdə "Bayer"ə qarşı oynayırdılar. Qrupda dəfələrlə belə hallar olub, ilk oyunda məğlub olan komandalar daha sonra yaxşı nəticələr əldə edir. "Hekken" istənilən rəqiblə görüşdə öz oyun üslubu ilə yaxşı nəticə əldə edə bilir. Qarşıda oyunlarımız çoxdur. "Hekken"lə qarşılaşma bizim üçün vacib matçlardan biridir".

Q.Qurbanov heyətlə bağlı problemlərin olduğunu bildirib: "Bəhlul Mustafazadə, Marko Veşoviç zədəlidir. Redon Cica düzdür komanda ilə məşqlərə başlayıb, amma hələ tam hazır deyil. Bir-iki mikrozədəlilərimiz var. Onlar qarşıdakı günlərdə hazır olmalıdır".

Qeyd edək ki, oktyabrın 5-i oynanılacaq “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti