“İrandan müdafiə doktrinası qəbul etməliyik” - Mübariz Əhmədoğlunun yazısı

   “İrandan müdafiə doktrinası qəbul etməliyik” -    Mübariz Əhmədoğlunun yazısı
  06 Oktyabr 2023    Oxunub:1965
İran prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının sessiyasından qayıdandan sonra ali dini rəhbərlə görüşüb, hesabat verdi. Sonra İran-İraq müharibəsinin ildönümünə həsr olunmuş hərbi paradda ermənilərlə bağlı ənənəvi mövqeyini bir daha açıqladı. Bu, aşkar şəkildə ali dini liderin təsiri ilə bağlı idi.
İbrahim Rəisi Nyu-Yorka getməzdən öncə də ali dini liderlə görüşmüşdü. O zaman da Ermənistanla Azərbaycan arasında gərginlik mövzusu aktual idi. Rəisinin ali dini liderlə iki görüşünün arasında baş verən əsas dəyişiklik Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsidir.
Görünür, indi İranın Ermənistandakı səfirinə əlavə təlimatlar veriləcək. Çünki səfir ora xüsusi proqramla göndərilib. Ermənistanın tərəfdaşları sırasında İran birincidir.

Yaranmış vəziyyətdə Azərbaycan artıq fərqli mövqe tutmalıdır. Çünki İran Azərbaycanın daxilində aktivləşə bilər. Rəsmi Bakı İranın Azərbaycanın daxilindəki destruktiv fəaliyyətini neytrallaşdırmağın yolunu tapıb, qalır hərbi təxribatların qarşısını almaq. Azərbaycanın bu mövzuda imkanları zəif deyil. Azərbaycan MDB-nin bütün təhlükəsizlik müqavilələrinin iştirakçısıdır. Müdafiə qabiliyyətimizin gücləndirilməsi ilə yanaşı, ayrıca olaraq İrandan müdafiə doktrinası hazırlanılmalıdır. Ora iqtisadiyyat, kommunikasiya və siyasi mövzuları da daxil olmalıdır.

İranı öz hərbi keçmişindən nəticə çıxarmağa vadar etmək olar. İran-İraq müharibəsi dövründə generallar “F-4”, “F-5” təyyarələrinin ehtiyat hissələrinin tükənməsilə bağlı o zamankı müdafiə naziri, indiki ali dini rəhbər S.Ə.Xamneiyə müraciət etmişdilər. Nazir bunu İslam inqilabının lideri və İranın faktiki rəhbəri Xomeyniyə çatdıranda cavab belə olmuşdu ki, “Allaha təvəkkül, edin, düzələcək”. İran vətəndaşlarının Allaha və dövlətə ovaxtkı inamı ilə indiki inamı arasında 180 dərəcə fərq var. İranda əhalinin 60-70 faizi hökumətə müxalif, 20-30 faizi neytraldır; hökumətin reytinqi 10-15 faizdən çox deyil.

İranın düşünülmüş, konseptual siyasəti yoxdur. Türkiyə İranın qonşusudur, Bolqarıstan da Türkiyə ilə həmsərhəddir. İrandan Türkiyəyə dəmir, avtomobil yolu, neft və qaz kəmərləri gedir. Amma İran Bolqarıstanla əlaqə saxlamaq üçün Ermənistan üzərindən yollar çəkmək istəyir. Bu, məntiqdə, ağla qarşı çıxmaqdır. Belə dövlətə qarşı mübarizə aparmaq elə də çətin olmayacaq.

“İrandan müdafiə doktrinası”nın tərkib hissəsindən biri Azərbaycanın Pakistanla əlaqələri ola bilər. Çünki İranın Azərbaycan və Pakistana yanaşmaları oxşardır. Tarixən iki xalqın elmi, mədəni irsini mənimsəyib, farsların ayağına yazıb. İndi Azərbaycan və Pakistan dövlətləri nüvə başlıqları, raket texnologiyası sahəsində əməkdaşlıq edə bilərlər.

Qarabağ olaylarından sonra Paşinyan ilə ABŞ rəsmilərinin arasında hansısa gizli sövdələşmənin mövcudluğunu ehtimal etmək olar. Ermənilərin İrana 40 min kv.km-lik ərazi iddiası var, sadəcə, indi bunu açıq demirlər. Mahmud Əhmədinecadın prezidentliyi dövründə ermənilər bu məsələni Qərb ilə müzakirə ediblər. Bəzi parametrləri Vatikan da qəbul edib. Azərbaycan və Türkiyəyə torpaq iddiaları puç olan Ermənistan, istisna deyil ki, indi də ABŞ-ın köməyilə İrandan torpaq qoparmağa ümid edir.

Bu vəziyyətdə İran əgər ağıllı siyasət yürütsə, Azərbaycanla yeni dialoq yarada bilər. Çünki Azərbaycan İrana qarşı müharibədə maraqlı deyil. Regionda hərbi əməliyyatlar, İranın nüvə obyektlərinin dağıdılması Azərbaycana da dolayı ziyan vura bilər. Ona görə də, İranla Azərbaycanın arasında müəyyən fikir birliyinin yaranması mümkündür. İran mütləq Azərbaycanın etimadını qazanmaq istiqamətində addımlar atmalıdır. Bütün hallarda İran-Azərbaycan münasibətlərində bu, son qarşıdurmadır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
AzVision.az üçün


Teqlər: İran  





Xəbər lenti