Hindistan Ermənistana raket ixracına başladı - FOTOLAR

 Hindistan Ermənistana raket ixracına başladı  - FOTOLAR
  11 Oktyabr 2023    Oxunub:1810
Hindistan adı açıqlanmayan müştərisinə təkmilləşdirilmiş "Pinaka Extended Range" reaktiv yaylım atəşi sistemlərinin ilk partiyasını göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası "Udaipur Kiran" a istinadən məlumat yayıb. Ehtimal edilir ki, adı açıqlanmayan sifarişçi raketlərin ilk alıcısı və bir neçə milyon pul ödəmiş Ermənistandır. Çünki İrəvan məlum silahı sifariş edən yeganə müştəri kimi təqim edilir.

Hindistan erməniləri niyə silahlandırır? – Pakistanlı ekspertlər şərh edirlər (Eksklüziv)
“OFAJ (Hindistan şirkəti olan "Ordnance Factory Ambajhari"-red.) dünya silah səhnəsində "Pinaka Rocket" sayəsində məşhurlaşdı. Təkmilləşdirilmiş MK-1ER raketinin ilk partiyası artıq göndərilib”, - məlumatda qeyd edilib.

"Republicworld.com" nəşri də "Ambajari" artileriya zavodunda istehsal olunan "Pinaka"ların artıq Ermənistana ixracına başlandığını yazıb.

OFAJ-ın X hesabında raket sistemlərinin yola salınma mərasimini əks etdirən fotolar paylaşılıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla hərbi sahədə fəal əməkdaşlıq kursu götürüb . Ötən ilin sentyabrında iki ölkə arasında imzalanan hərbi müqavilələrə görə Hindistan Ermənistana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və bir sıra digər hərbi sursat tədarük etdi. Həmçinin Hindistan mediası ölkənin özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaların (ATAGS) tədarükü üçün ilk ixrac sifarişini aldığını xəbər vermişdi.

“Pinaka” - 40 km mənzilə malik yaylım atəşli reaktiv sistemdir (YARS). Artilleriya hissə və bölməri tərəfindən istifadə olunur. Bir atıcı qurğu üzərində mövcud olan 12 ədəd boruşəkilli istiqamətləndiricinin buraxdığı yaylım atəşi 1 kv.km-ə qədər ərazidə yerləşən hədəflərə zərər vura bilər.

YARS - uzaq məsafələrdə, düşmənin açıqda və sığınacaqda yerləşən canlı qüvvəsindən, zirehsiz və zirehli texnikalarından, artilleriya qurğularından, taktiki raketlərindən, zenit-raket sistemlərindən ibarət olan qrup hədəflərini məhv etmək, komanda məntəqələrini, rabitə mərkəzlərini və hərbi-sənaye obyektlərini dağıtmaq, həmçinin dağlıq ərazilərin uzaq məsafədən piyada və tank əleyhinə minalanması üçün nəzərdə tutulur.

Hazırlanması və istehsalı

“Pinaka” sistemi Hindistanın Silah Tədqiqat və İnkişaf Mərkəzi olan DRDO tərəfindən 1986-cı ildə hazırlanıb. 1998-ci ildən bugünə qədər “Tata Group” ilə “Larsen & Toubro” şirkətləri tərəfindən birgə istehsal edilir. Bir batareya dəstinin dəyəri təxminən 54 milyon ABŞ dollarıdır. Batareya dəstinə 6 atıcı qurğu, 6 yükləmə maşını, 3 daşıma maşını, 2 komanda məntəqəsi və 1 radiolokasiya stansiyası daxildir. Böyük ehtimalla Ermənistan bu sistemin 4 batareya dəstini əldə etməklə bir reaktiv artilleriya divizionu formalaşdırmaq niyyətindədir. Yerdə qalan 28 milyon dollara tank əleyhinə vasitələr və təlim trenajorları daxil ola bilər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Hindistan   Ermənistan   Raket  





Xəbər lenti