“Bu müharibə “Həmas”ın planı deyil”
"HƏMAS və İslami Cihad Aralıq dənizində təlimlər həyata keçirəndə niyə heç kim ehtiyat tədbirləri görmədi? Sabah o raketlərin İsrailə doğru uça biləcəyini başa düşmək beləmi çətin idi? Suallar çoxdur, ancaq bir cavab var: ordu və kəşfiyyat orqanları siyasi oyunlara cəlb olunanda bu, sərhədlərdə sayıqlığın itirilməsinə gətirib çıxarır. Güc strukturlarından öz siyasi oyunlarında istifadə etməyə çalışanlar açıq-aşkar cinayətkardırlar”,- Moisey Bekker bildirib.
Onun sözlərinə görə, HƏMAS bu əməliyyatı özü düşünməyib. Arxasında İran kəşfiyyatı və SEPAH-dan olan təcrübəli “kuklaoynadanlar” dayanır. Məqsəd İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaqdır.
- İranın yatmadığını və İsrailin yer üzündən “silinməsini” gözlədiyini bilə-bilə, ölkənin cənub və şimal sərhədlərində baş verə biləcək hadisələrə daha diqqətli yanaşmaq olmazdımı? Hər kəs bilir ki, məhkəmə-hüquq islahatlarına qarşı keçirilən mitinq və nümayişlər ölkənin birliyini zəiflətdi, düşmənləri daha qətiyyətli addımlara sövq etdi. İsrail dünyada Holokost faciəsindən sonra yenidən doğulan yeganə ölkədir. Yəhudi xalqı barışmaz fikir ayrılıqları ucbatından iki dəfə dövlətçiliyini itirib. Düşünürəm ki, HƏMAS-ın bizə verdiyi dərs ölkənin yenidən birləşməsinə kömək edəcək və düşmənlərimizin dəyirmanına su tökənlərin ağıllarını başına gətirəcək,” - M.Bekker bildirib.
“İsrail HƏMAS-ı tamamilə məhv edəcək” – Müsahibə
İnsan Hüquqları Mərkəzinin və “Magen David Group” xeyriyyə cəmiyyətinin direktoru David Seliverstov isə "AzVision"a deyib ki, terrorçular qanun və məhkəmə qarşısında cavab verməli, ən ağır cəzalar almalıdırlar. Heç bir siyasi fikir ayrılığı insan hüquqlarının və beynəlxalq normaların pozulmasına haqq qazandıra bilməz.
Onun sözlərinə görə, terrorçular qanuna uyğun cəzalandırılacaqlar. “Biz Yaxın Şərqdə münaqişənin bütün tərəflərini sülh yolu ilə çözüm tapmaq və zorakılığa son qoymaq üçün əməkdaşlığa çağırırıq. Sülh və sabitlik bu regionda və bütün dünyada səy göstərməli olduğumuz ümumi məqsəddir”, - o qeyd edib.
Tariyel Həsənov
AzVision.az