Fransanın nüvə sirləri: Paris nəyi gizlədir | Araşdırma

      Fransanın nüvə sirləri:    Paris nəyi gizlədir    | Araşdırma
  20 Oktyabr 2023    Oxunub:14033
2018-ci ildə Fransa prezidenti Emmanuel Makron 1966-1996-cı illərdə Polineziyada (Sakit Okeanın cənubu) keçirilən nüvə sınaqları ilə bağlı sənədlərin məxfiliyini ləğv etdi. Amma 2020-ci ildə proses dayandı, 2023-cü ilin yazında isə kəşfiyyat xidmətləri və hərbçilər hətta bir çox sənədləri məxfiləşdirməyə müvəffəq oldular.
İndi polineziyalılar Parisdən atom sınaqları nəticəsində sağlamlıqlarına dəyən ziyana görə milyardlarla dollar təzminat tələb edirlər. Amerika və Britaniya alimləri müəyyən ediblər ki, fransızlar sınaqların “zərərsiz” olduğunu iddia edərək ictimaiyyəti aldadıb və radiasiyaya məruz qalma dərəcəsini olduğundan 10 dəfə aşağı qiymətləndiriblər. 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi Polineziya əhalisinin nüvə sınaqlarından əziyyət çəkdiyini rəsmən etiraf etdi və 2010-cu ildə Paris buna görə təzminat ödəməyə başladı: 10.000 nəfərə bədxassəli şişlərin müalicəsi üçün 800 milyon dollar ayrıldı. Amma... onlar əsasən fransızlar idilər! Polineziyada yalnız 63 aborigen təzminat ala bildi. Yerli sakinlər bu yanaşma fərqliliyindən qəzəblənirlər. Çünki orada xərçəngdən ölənlərin sayı xeyli artıb.

PoliÇernobıl

Ümumilikdə Paris Fransız Polineziyasında 200-ə yaxın nüvə sınağı keçirib. Əsasən 120 kilotonluq bombalar partladıblar. Xatırladaq ki, Xirosima və Naqasakiyə atılan bombaların hər biri 15-23 kiloton idi.
Fransa ilk atom sınaqlarını 1959-1966-cı illərdə Əlcəzairin cənubunda, Sahara səhrasında keçirib. Bu ölkə əlindən çıxandan sonra poliqonlarını Polineziyanın mərcan adalarına - sivilizasiyadan uzaq Fanqataufa və Mururoaya köçürməli oldu. Lakin nüvə proqramının inkişafı lap əvvəldən plana uyğun getmədi. Fransızlar yüksək hündürlükdə hava şarlarından və təyyarələrdən atılan bombaların təhlükəli olmayacağına, küləklərin radioaktiv buludları uzaq okeana aparacağına ümid edirdilər. Lakin 1966-cı ilin iyulunda Mururoa üzərində aşağı hündürlüklü nüvə bombası vaxtından əvvəl partladı. Nəticədə meydana gələn partlayış hövzənin bütün suyunu özünə çəkdi, Mərcan adalarına ölü balıqlar və molyusklar yağdı. Külək böyük miqdarda “plutonium-239”u Peru və Yeni Zelandiyaya qədər Sakit Okeanın böyük bir hissəsinin üzərinə səpələdi.


Bənzər hadisələr çox olub. Elə həmin il Fanqataufada da oxşar qəza baş verdi. Hadisə növbəti il yenidən Mururoada təkrarlandı. Nəticədə qonşu Manqareva və Tureya adalarının əhalisi 1968-ci ildə radiasiya səviyyəsinin kəskin artması ilə əlaqədar evakuasiya edildilər.
1970-ci ildə Fanqataufada 914 kilotonluq (Xirosimaya və ya Naqasakiyə atılan bombadan 50 dəfə güclü partlayış) partlayışdan sonra əsgərlər təcili olaraq Mururoadan təxliyə olundular.
1971-ci ildə iki dəfə belə hadisə qeydə alındı və nəticədə Qambiya arxipelaqı ciddi radiasiya çirklənməsinə məruz qaldı.
1974-cü il iyulun 17-də Mururoada, Fransız Polineziyası əhalisinin əsas hissəsinin yaşadığı məşhur Taiti adası atom buludunun altında qaldı.

Bundan başqa, Yeni Zelandiya, Samoa, Fici, Tonqa, Peru və Meksikada radioaktiv yağışlar yağıb və radiasiyanın güclü artımına səbəb olub. Məsələn, 1966-cı ildə Samoada radiasiya 1850 dəfə artıb.

Bu faktlar dünyada böyük hiddət doğurdu. Ona görə də, 1975-ci ildən başlayaraq sınaqlar yalnız yer altında, mərcan adalarının bazalt nüvəsində qazılmış dərin şaxtalarda aparılmağa başladı. Lakin beynəlxalq narazılıq artmaqda davam edirdi. Etirazların ümumi şüarı belə idi: “Əgər nüvə partlayışları fransızların dediyi kimi təhlükəsizdirsə, bunu Parisdə etsinlər!”

Ekoloqların gəmiləri nə baş verdiyini aydınlaşdırmaq üçün sınaq sahələrinə üzəndə Fransa hərbçiləri imkan vermədi. 1985-ci ildə ətraf mühit fəallarının “Rainbow Worrier-1” gəmisi Fransız kəşfiyyatı tərəfindən Yeni Zelandiyanın Oklend limanında batırıldı. Bu, dünyada böyük səs-küyə səbəb oldu və narazılığı artırdı.

1979-cu il iyulun 25-də yeraltı sınaq zamanı Mururoa mədəninə endirilən nüvə başlığı yolda ilişib qaldı və vaxtından əvvəl partlayış baş verdi. Bu, mərcan adasının dibində böyük sualtı sürüşməyə və 40 sm enində, bir neçə kilometr uzunluğunda nəhəng çatın yaranmasına səbəb oldu. Məhv edilmiş şaxtadan böyük miqdarda radionukloid okeana sızdı. Mərcan adaları okeanın dərinliklərindən püskürən sönmüş vulkanların zirvələridir. Onlar bu cür güclü partlayışlara davamlı olmayan “kövrək” qayalardan ibarətdirlər. Nəticədə bir çox adaları, xüsusən də Tuamotu arxipelaqını viran qoyan sunami baş verdi.

1981-ci ilin yazında güclü tayfunlar Mururoadakı "ağır" plutoniumu yuyub okena apardı. Bundan sonra sınaq meydançalarından 400 kilometr aralıda yerləşən Manqareva adasındakı suda, havada, torpaqda, balıqlarda, orada yetişdirilən tərəvəz və meyvələrdə radiasiyanın səviyyəsi 200 dəfədən çox artdı.


Maraqlıdır ki, aparılan sınaqların dəqiq sayı hələ də gizli saxlanılır. Bəzi məlumatlara görə, onların sayı 193, bəzilərinə görə isə 198-dir. Bəlkə də çox olub. Burada tam nüvə reaksiyası olmayan 12 "soyuq" sınaq da keçirilib. Onlardan biri zamanı (1979-cu il iyulun 5-də) radioaktiv maddələr və döyüş sursatları olan konteyner partlayıb.

Kənardan təzyiqlər və polineziyalıların etirazları nəticəsində Paris 1996-cı ildə nüvə sınaqlarını, nəhayət, dayandırdı. Poliqon avadanlıqları söküldü. Polineziyanın “atom” tarixini sanki artıq arxivə atmaq olardı.

Fransa nəyi gizlədir?

Lakin Paris Mururoa və Fangataufa adalarını ciddi şəkildə qorumağa davam edirdi. Bu məqsədlə vertolyotlar, təyyarələr, döyüş gəmiləri və dəniz piyadalarının bütöv bir alayı ayrılmışdı. Onun rəsmi vəzifəsi "Mururoa adasındakı obyektlərə monitorinq və xidmət" idi. Fransızlar əvvəllər olduğu kimi, kənar adamları ora buraxmırdılar. Səbəb sadədir: Amerika və Britaniya alimlərinin fikrincə, sınaq poliqonlarından yüzlərlə kilometr uzaqda belə radiasiya səviyyəsi insanların həyatı və sağlamlığı üçün çox təhlükəli olaraq qalır.
Ancaq bunlar da hələ hamısı deyil. Təkcə 1967-1975-ci illərdə fransızlar 3200 ton radioaktiv tullantını adi çəlləklərdə okeanda batırıblar. Bu çəlləklər artıq deşilməyə başlayıb və tezliklə içindəkilər suya qarışacaq. Ümumilikdə, belə materialların həcmi on minlərlə tondur.

Nüvə "Cənnətində" nə baş verir

Hazırda alimlər çatlamış Mururoa adasının parçalanacağından qorxurlar (oxşar problem Fanqataufada da mövcuddur). Mütəxəssislər sönmüş vulkanların nüvə partlayışları səbəbindən oyanma ehtimalından da narahatdılrlar. Bu, ətraf mühitə böyük miqdarda radionuklidlərin yayılmasına səbəb olacaq. Vulkanoloqlar çoxlu sayda belə əlamətlərin olduğunu iddia edirlər. Ona görə də, poliqonların əlavə monitorinqlərə ehtiyacı var.


Son illər Paris orada cəmi 4 kiçik elmi araşdırma aparılmasına icazə verib. Poliqonların yaxınlığındakı dib çöküntülərinin, suyun və planktonların təhlili zamanı yüksək səviyyədə “ağır” uran və plutonium aşkarlanıb. Zədələnmiş sınaq şaxtalarından tritium, yod-131, stronsium-90, sezium-134 və 137-dən "yüngül" radionuklidlərin güclü şəkildə yuyulması radioaktiv birləşmələri öz hüdudlarından kənara çıxarır. Otuz il ərzində toplanan bütün radioaktiv maddələr okeana axır. Minlərlə kilometr uzanan axınlar onları Peru və Çiliyə doğru aparır. Bu ölkələrin sahillərində tutulan balıqlar beynəlxalq bazarlara göndərilir. Planktonlarda və onlarla qidalanan okean sakinlərində xüsusilə yüksək səviyyəli radionuklidlər müşahidə edilib.
Okean canlılarında tritiumun tapılması burada ən yeni “tritium” nüvə bombasının sınaqdan keçirilməsi ilə izah olunur. Dağıdıcı gücünə baxmayaraq, bu bombanın ölçüsü kiçikdir - təxminən toyuq yumurtası boyda.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssisləri də hər iki mərcan adası hövzəsinin dibində 15 kq plutonium aşkar ediblər, daha 500 kiloqram isə hər iki adanın mədənlərindədir. Hər il oradan 10 qramdan çox zəhərli metal yuyulur. Onun yalnız bir milliqramı insanın böyrəklərində və ağciyərlərində xərçəngə səbəb ola bilər, bir neçə milliqramlıq doza isə öldürücüdür.

Sınaq mədənlərində və sınaq poliqonlarının akvatoriyalarında nə qədər radioaktiv maddənin qaldığı məlum deyil. Tam araşdırma aparmadan adalara dəyən zərərin dərəcəsini müəyyən etmək də olmur.

Siyasi təsir

Nüvə sınaqları nəticəsində Fransız Polineziyasında “Fetia Api” (“Yeni Ulduz”) partiyasından olan separatçılar fəallaşıblar. Onlara Rusiyanın “ağ mühacir” generalı Maksim Leontyevin nəvəsi Boris Leontyev rəhbərlik edir. “Fetia Api” yerli parlamenti ələ keçirməyə və Fransız Polineziyasının müstəqilliyini elan etməyə hazırlaşırdı. Lakin 2002-ci il mayın 23-də Fransa kəşfiyyatı Leontyevin təyyarəsinin qəzaya uğratdı və Polineziya Parisin hakimiyyəti altında qaldı.

Yerli əhali təzminat, sınaq poliqonlarının “tam müstəqil araşdırılmasını” və məxfi arxivlərə girişi tələb edir. Onlar ətraflarında baş verənlərlə bağlı həqiqətləri bilmək istəyirlər və bununla bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsində Fransaya qarşı iddia qaldırıblar.

Qəddar rəqiblər

Maraqlıdır ki, son vaxtlar Amerika və Britaniya alimləri Fransanın nüvə sirlərinin öyrənilməsinə böyük diqqət yetirirlər. ABŞ və Böyük Britaniya özləri də Avstraliyadakı Okeaniyada, Bikini (Marşal adaları) və Milad (Kiribati) adalarında azı 85 nüvə sınağı keçiriblər. Təkcə 15 meqaton gücündə “Castle Bravo” hidrogen bombasının partladılması, demək olar ki, Fransanın bütün sınaqlarını üstələyir. Buna görə də, daha bir böyük sual Okeaniyanı kimin daha çox radioaktiv çirkləndirməsidir.

Ancaq hələ ki Fransa Polineziyadan möhkəm yapışıb. Hətta fransızlar bölgədən sıxışdırılsa belə, təlim poliqonları Parisin əlində qalacaq. Polineziyanın qalan hissəsindən fərqli olaraq, Mururoa və Fangataufa adaları tam şəkildə Fransa Respublikasına məxsusdur: 2012-ci ildə Fransa Hökuməti onları Fransız Polineziyasının özünüidarəsinə verdi.
Parisin Fransız Polineziyasını tərk etmək istəməməsi (onun saxlanması illik beş milyard avroya başa gəlir) onun bu ərazilərlə bağlı böyük planları ilə bağlıdır. Yerli infrastruktura güvənən Fransa rəsmiləri və siyasətçiləri gələcəkdə Antarktidanın təbii ehtiyatlarını istismar etməyi düşünürlər.

Mutantların hücumu

Radioaktiv çirklənmənin nəticələrindən biri də canlı orqanizmlərin mutasiyalarıdır. Sual olunur: gələcəkdə bu, bəşəriyyət üçün bəzi təhlükəli dəyişikliklərə səbəb ola bilərmi?
Xatırladaq ki, Mururoa adası “Qodzilla”nın doğulduğu yerlərdən biridir. Orada bu cür mutasiyalar üçün əlverişli tropik iqlimin, çox sayda heyvan və bitki nümunələrinin varlığını nəzərə alsaq, daha qorxunc şeylərin yaranacağını istisna etmək olmaz. Hərçənd, Fransa İmperializmi onların hamısından daha bədheybətdir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Fransa   Nüvə  





Xəbər lenti