Xaçatryan: "Meşəli hadisələrinə görə Azərbaycan xalqından üzr istəyirəm" - YENİLƏNİB

  Xaçatryan:  "Meşəli hadisələrinə görə Azərbaycan xalqından üzr istəyirəm" -  YENİLƏNİB
  24 Oktyabr 2023    Oxunub:3852
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın bu gün keçirilən məhkəməsi davam etdirilib.
AzVision.az xəbər verir ki, prosesdə zərərçəkmişlər dindirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 25-də keçiriləcək.

"Mən Meşəli hadisələrinə görə Azərbaycan xalqından üzr istəyirəm".

AzVision.az xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni əsilli Vaqif Xaçatryan məhkəmədə deyib.

"Mən Meşəli kəndində baş verən hadisələrdə iştirak etməmişəm. Amma həmin kənddə ermənilərin törətdikləri hadisələrə görə bütün Azərbaycan xalqından üzr istəyirəm".

Qeyd edək ki, V.Xaçatryan 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. O, bu ilin iyulunda Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.



***
"Mən yazıq adam olmuşam, əlimdə silah olmayıb. Heç bir silahlı hücumda iştirak etməmişəm".

AzVision.az xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kəndində törədilən soyqırımdan təqsirləndirilən erməni əsilli Vaqif Xaçatryan məhkəmədə ifadəsi zamanı deyib.

"Sən nə qədər həyasız adamsan, Vaqif?" - Zərərçəkmiş+ Video
O bildirib ki, Meşəli hadisələrində iştirak etməyib: "Mən nəinki Meşəli kəndindəki hadisədə, heç bir hadisədə iştirak etməmişəm. Meşəli hadisələri barədə bizim Badara kəndi bilməyib. Bizə sonradan dedilər ki, Meşəlikdə ermənilər iki nəfəri öldürüb. Biz Məlik kəndinin sakinləri ilə ailəvi gediş-gəlişimiz var idi. Toyda xeyir-şərində iştirak etmişik. Ay qardaşlar, xahiş edirəm, mən orda olmamışam. Mənim xəbərim yoxdur".

V. Xaçaturyan məhkəmədə yenidən ağlayıb: "Həmin vaxt mənim 6,8 yaşlı qızlarımın yanında olmuşam. Məni günahlandırmayın".



***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsinin baxış iclası başlayıb.

AzVision.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev tərəfindən V.Xaçaturyanın ittiham aktının elan edilməsi gözlənilir.

Eyni zamanda məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

***
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

AzVision.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər. Xaçatryanın vəkili Radmina Abulovadır.

Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti