“Muğan Bank”da olan əmək haqqı kartlardakı pullar qaytarılacaq?

   “Muğan Bank”da olan əmək haqqı kartlardakı pullar qaytarılacaq?
  27 Oktyabr 2023    Oxunub:1637
Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Muğan Bank"da olan əmək haqqı və plastik kartlardakı vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir.

"Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir.

Fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir".

Qeyd edək ki, Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Muğan Bank" ASC-nin lisenziyası ləğv edilib. Buna səbəb Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması göstərilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti