İsrail Müdafiə Qüvvələrinə niyə ÇAXAL deyirik?

 İsrail Müdafiə Qüvvələrinə  niyə ÇAXAL deyirik?
  07 Noyabr 2023    Oxunub:2045
Bu gün Yaxın Şərqdə yenidən alovlanan İsrail-Fələstin müharibəsinin 1 ayı tamam oldu. Hazırda davam edən ağır döyüşlər hələ də aktiv mərhələdədir.
Dünya mediasında HƏMAS-la yanaşı İsrail Müdafiə Qüvvələri də diqqət mərkəzinə düşür. Yerli xəbərlərdə isə İsrail Müdafiə Qüvvələri adı əvəzinə tez-tez ÇAXAL abbreviaturasını görürük.

Niyə məhz ÇAXAL?

ÇAXAL bir abreviaturadır ki, əslində o "Tsva ha-Hagana le-Yisrael" kimi səslənir. "Tsva ha-Hagana le-Yisrael" ivrit dilindədir və 1948-ci ildə, İsrailin müstəqilliyini elan etməsindən 12 gün sonra yaradılmış İsrail Müdafiə Qüvvələri kimi tərcümə olunur.

İsrailin keçmiş kəşfiyyatçısı HƏMAS-ın hücumunun detallarını açıqladı
Əslində biz ÇAXAL sözünü rus dilindən göütürmüşük. Yəni, üçüncü hərf rusların səsləndirdiyi "x" deyil, yumşaq "h" kimi səslənməlidir. Qısası, Tsa- ÇA, X(H)A- Hagane, L-le-Yisrael.
Hətta ingilis dilində bu söz "Tzahal" kimi də səslənir və "h" hərfi saxlanılır. Amma ingilisdilli qlobal media İsrail Müdafiə Qüvvələrini IDF(The Israel Defence Forces-red.) kimi təqdim edir.

Bir sözlə indiki halda ÇAXAL deyil, "Zahal" yazılması və ya səslənməsi daha doğru olardı.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru Nəsimi Əbilov deyir ki, bu söz ivrit dilində həqiqətən də "Tsva ha-Hagana le-Yisrael" kimi səslənir. Yəni ÇAXAL terminində "x"-nin olması bir qədər doğru görünmür. Çünki rus dilində h yoxdur: "Əslində ivrit dilində danışarkən yəhudilər tələffüzlərində x-nı daha çox işlədirlər. Bildiyiniz kimi İsraildə Müdafiə Qüvvələrindən başqa ŞABAK (İsrail Daxili kəşfiyyat Xidməti), MOSSAD(Xarici kəşfiyyat idarəsi) kimi adı qısaldılmış güc strukturları da var ki, onların səslənməsi və yazılışında dediyiniz məlum problemlər yoxdur. Görünür biz bu termini rus dilindən götürdüyümüz üçün qurumun əsl adını düzgün səsləndirmirik. Onlarda "Ts" dedikləri rus dilində quyruqlu "ç" kimi təqdim olunur ki, biz də məlum səslənmə və hərfləri olduğu kimi saxlamışıq. Hər halda Zahal-ı daha uyğun variant sayıram".

İsrail ordusunun hərbçisi İqor Roytapel da ÇAXAL-ın rus dilində səslənən forma olduğunu qeyd edib: "Əvvəla hazırki durumumuz hər kəsə bəllidir. Mən formal olaraq orduda xidmət edirəm və biz polislə birgə yaşadığım bölgəni qoruyur, mühafizə edirik. O ki qaldı ÇAXAL-ın açmasına, bu söz "Tsva ha-Hagana le-Yisrael"dir. Azərbaycan üçün necə səslənməsini isə dəqiq deyə bilmirəm. Qurumun adı fərqli dillərdə fərqli səslənə bilər və bu normaldır."

Tural Tağıyev
AzVision.az


Teqlər:   ÇAXAL   İsrail  





Xəbər lenti