İsrailin keçmiş kəşfiyyatçısı HƏMAS-ın hücumunun detallarını açıqladı

 İsrailin keçmiş kəşfiyyatçısı   HƏMAS-ın hücumunun detallarını açıqladı
  23 Oktyabr 2023    Oxunub:1309
İsrailin kəşfiyyat xidmətində işləmiş Ravid Qor adlı rusiyalı HƏMAS-ın oktyabrın 7-də başlatdığı hücumla bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, bəzi təfərrüatları Lenta.ru-ya danışıb.

HƏMAS niyə bayramda hücum etdi? - İsraillilərin ordu sevgisi, müəmmalı kəşfiyyat uğursuzluğu
Qor hesab edir ki, son illərdə İsrail kəşfiyyat orqanları süni intellektə və qüllələrə quraşdırılmış avtomatik atəş açan pulemyotlara həddən artıq arxalanırdı. HƏMAS yaraqlıları müşahidə kameralarını və avtomatik pulemyotları atəşə tutan anda İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) əsgərləri buna cavab verməli idilər. Lakin məlum olub ki, hərbçilər buna hazır olmayıblar.

"İsrail əsgərləri sadəcə arxayınlaşmış, rahatlamışdılar. Bu, Rusiyadakı aylarla ev görmədən gedə biləcəyiniz sərt hərbi xidmət deyil. ÇAXAL əsgərlərinin 2-3 həftədə bir dəfə çölə çıxmaq hüququ var, komandirlərə yaxın olanlar isə hər həftə evdə olurlar”, – Qor qeyd edib.

Ravid Qor ÇAXAL-da xidmət edərkən
Keçmiş kəşfiyyatçının fikrincə, komandanlıq bu sistemi əsgərlərə qayğı göstərmək kimi izah edir. Yəni bu hərbçilər çətinliklər yaşayırlar, bu da o deməkdir ki, əsgərlər mülki həyatda olub mütəmadi olaraq istirahət etməli və stressdən azad olmalıdırlar: "Onlar məhz bunu edirlər - dincəlir və rahatlıqla kazarmaya qayıdırlar".

“Şahidlərin sözlərinə görə, HƏMAS yaraqlıları sərhəddən sızan zaman ÇAXAL briqadasının qərargahında hərbçilərin yalnız yarısı olub. Qalan döyüşçülər evlərində Simxat Tora bayramını qeyd edirmişlər. Xidmətdə olanlar isə, görünür, rahatlaşıb və ya süni intellektə güvənərək vaxt xeyli itiriblər”, - o, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və 200-dən çox insanı girov götürüb. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələri isə “Dəmir Qılınclar” adlı cavab əməliyyatına başlayıb. Məqsəd HƏMAS-ın tam məhv edilməsidir.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   HƏMAS   İsrail   ÇAXAL  





Xəbər lenti