Qəzzanın “qarışqa yuvası”, yaxud “Həmas”ın yeraltı dünyasının sirləri

      Qəzzanın “qarışqa yuvası”,    yaxud “Həmas”ın yeraltı dünyasının sirləri
  17 Noyabr 2023    Oxunub:5222
Son vaxtlar Qəzzanın tunelləri bütün dünyanın diqqət mərkəzindədir. Qısaca “metro” adlandırılan bu yeraltı infrastruktur heç də hazırkı müharibə üçün yaradılmayıb. Dinc dövrdə ondan qaçaqmalçılıq məqsədilə istifadə olunub. Buna baxmayaraq, "metro" əsasən hərbi təyinatlıdır. Əksər hissəsi "mülki" tunellərdən daha möhkəmdir və dərində yerləşir.
2013-cü ildə Misirdə Məhəmməd Mursi prezident postundan uzaqlaşdırılandan, hərbçilər hakimiyyətə gələndən sonra Qahirə Qəzza zolağı ilə Sinayı birləşdirən yeraltı tunelləri suyla doldurmaqla İsrailin müttəfiqinə çevrildi. Əbdül Fəth əs-Sisinin başçılığı ilə Mursini devirən generallar isə keçmiş prezidentin dəstəklədiyi və HƏMAS-ın ən yaxın müttəfiqi olan “Müsəlman Qardaşları”na qarşı çıxdılar. Misirin yeni hakimiyyət orqanları “Müsəlman Qardaşları”nın polis bölmələrinə, ordu kazarmalarına və postlarına hücum zamanı plasdarm kimi istifadə etdikləri Sinay yarımadasını nəzarətə götürmək istəyirdilər. Tunellər iki istiqamətdə işləyirdi: qəzzalılar hər şeyi, o cümlədən ilkin tələbat mallarını Sinaydan alır, yarımadadakı islamçılara isə silahlar göndərirdilər.


Qəzzalıların “həyat tunelləri” adlandırdıqları yeraltı yolların 80%-dən çoxunun Misir ordusu tərəfindən dağıdılması qara bazarı bağladı, HƏMAS-ı qaçaqmalçılardan yığdığı “vergilərdən” məhrum etdi və zolağı iqtisadi böhran həddinə çatdırdı. Qaçaqmalçılardan alınan vergilər “Həmas”ın büdcəsinin təxminən 40%-ni təşkil edirdi. İsrail blokadası altında olan sektorda qıtlıq başladı. Bu, xüsusilə energetika və tikinti sektorunda nəzərə çarpırdı. İsrail Qəzzaya məişət əşyalarının gətirilməsinə mane olmasa da, yanacaq və tikinti materiallarının idxalına icazə vermirdi. Tunellər su ilə doldurulandan sonra yanacaqdoldurma məntəqələrində növbələr yarandı, çünki İsraildən gətirilən yanacaq, qaçaq yolla daşınandan iki dəfə baha və çox az idi. Sektorun tikinti sahələrində çöküş başladı, 20 mindən çox inşaatçı işsiz qaldı.


Fələstinlilərin yeraltı tunelləri “həyat tunelləri” adlandırması əbəs yerə deyildi. Qəzza ilə Misir arasında qaçaq mal ticarətinin qızğın vaxtında mindən çox tunelə 7 min nəfərdən ibarət qaçaqmalçı ordusu xidmət edirdi.

2014-cü ilin yayında HƏMAS-ın İqtisadiyyat naziri Alaa ər-Rafati jurnalistlərə verdiyi açıqlamada bildirdi: "İdxalın dayanması səbəbindən Qəzza iyun ayında yanacaq, sement, çınqıl, polad kimi materialların alverində təxminən 225 milyon dollar itirib”.


Misirdəki çevrilişdən və tunel müharibəsi başlamazdan əvvəl yeraltı yollar Qəzzanın ehtiyaclarının demək olar ki, 60%-ni təmin edirdi. Şəhərə gətirilən unun 65, şəkərin 98, düyünün 52 faizi qaçaqmalçılıq yolu ilə daşınırdı. Misirdən oğurlanmış avtomobillər (təkcə 2011-ci ildə 13 minə qədər avtomobillərin gətirildiyi deyilir), mal-qara da daxil hər şey yeraltı tunellərdən keçirdi. Gəlinləri də Misir-Fələstin toylarına tunellərdən keçərək aparırdılar.

Tunel iqtisadiyyatı əhəmiyyətli idi. Ərəb və Fələstin mediasının yazdığına görə, 10-20 m dərinlikdə 1-2 km uzunluğunda tunelin tikintisi təxminən 70 min dollar başa gəlirdi. Lakin Qəzza üçün böyük sayılan bu məbləğ özünü qısa vaxtda doğruldurdu, çünki bir günlük tunel əməliyyatı onlara nəzarət edən nüfuzlu fələstinli ailələrə 170 min dollar qazandırırdı.


HƏMAS-ın Qəzzadakı lideri və hərbi qanadının qurucularından biri Yəhya Sinvar 2021-ci ilin mayında tunellərin uzunluğunun 500 kilometri keçdiyini bildirib. O həmçinin iki il əvvəl 11 günlük toqquşmalarda israillilərin tunellərin 5%-ə qədərini zədələdiyini və onların bir neçə gün ərzində təmir edildiyini söyləyib. SAXAL, yeri gəlmişkən, Qəzza, Xan Yunus və Rimalda 100 km-dən çox yeraltı tunelin tamamilə məhv edildiyini iddia edib.

Sinvara inansaq, uzunluq baxımından Qəzza “metro”su Şanxay və Pekin metrosundan xeyli, Nyu-York və Moskva metrolarından bir qədər qısa, London metrosundan isə 100 km uzundur.


HƏMAS-ın tunelləri digərlərindən əksər hissəsinin ensiz (1 metrdən çox deyillər, ancaq elələri var ki, motosikletlə də keçmək olur) olması ilə fərqlənir. Lakin hündürlüyü iki metrə çata bilir. Onlar əsasən dardırlar, çünki Həmas tez-tez divarları və tavanı betonla möhkəmləndirir. Təl-Əviv uzun müddətdir ki, HƏMAS-ı İsraildən dinc məqsədlər üçün gətirilən tikinti materiallarından, əsasən betondan yeraltı tunellərin tikintisində istifadə etməkdə ittiham edir. Misirdən gətirilən tikinti materiallarının tədarükünə qadağa qoyulması da bununla bağlıdır. Söhbət minlərlə tondan gedir. Məsələn, Qəzza zolağından İsrailə aparan və israillilərin 10 il əvvəl aşkar etdiyi tuneli götürək. 10 metr dərinlikdə uzunluğu 2,7 kilometr olan tunelin tikintisinə 800 ton beton sərf olunub.


İkinci fərq odur ki, HƏMAS “metro”nu mümkün qədər təhlükəsiz etmək üçün getdikcə daha dərin qazır. İsrail əsgərlərinin 2020-ci ildə Qəzzada tapdığı 70 metr dərinlikdə tunel rekord sayılır. Hərçənd, daha dərin tunellərin varlığı da istisna deyil.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Qəzza   Tunel  





Xəbər lenti