"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

 "Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"
  06 Dekabr 2023    Oxunub:674
Elm və Təhsil Nazirliyi ölkədə uşaqlar arasında yayılan qızılca ilə bağlı distant təhsilə keçməyə tələsmir. İndiyədək cəmi 2-3 məktəbin distanta keçdiyi bildirilir. Maraqlıdır ki, hazırda Nazirliyin distantla bağlı imkanları, texnologiyaları və təcrübəsi əvvəlki illərdən daha çoxdur.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gunduz deyib.

"Doğrudur, indiyədək ETN distant təhsil formasını tam qanuni müstəviyə gətirə bilməyib. İndiki halda tətbiq olunan metod ən yaxşı halda "distant texnologiyalardan istifadə edərək tədris prosesinin təşkili" hesab oluna bilər.
Hansı ki, buna qanunvericilikdə nəzərdə tutulan distant təhsil forması demək doğru olmazdı. Təəssüf ki, uzun illər keçməsinə baxmayaraq, qanunda nəzərdə tutulan bu təhsil formasının oturuşması üçün hüquqi əsaslar indiyədək də yaradılmayıb".

O.Gündüz qeyd edib ki, hazırda təhsil müəssisələrində ibtidai siniflərdə qızılcanın çox yayıldığını nəzərə alsaq distant tədirsə keçmək daha təhlükəsiz və faydalı ola bilərdi.

"Bildiyim qədər Nazirliyin "Virtual məktəb" platforması tam işlək vəziyyətdədir, Video.edu.az rəqəmsal platforması xeyli təkmilləşib və müəllimlərin də ötən illərə nisbətən təcrübəsi çoxdur.
Düşünmək olar ki, Nazirlik indiki halda COVID dövrünə nisbətən distanta daha çox hazırdır. Həkimlər də qızılcaya tutulmuş uşaqların digər uşaqlarla yaxın təmasda olmasını məqsədəuyğun hesab etmirlər. Fikrimcə kütləvi yoluxmanı və real, daha ağır nəticələri gözləmək doğru olmazdı.

Belə olan halda, düşünürəm ki, ETN-nin qızılca ilə bağlı daha ağır nəticələrdən sığortalanmaq üçün ibtidai siniflərin distanta keçməsi ilə bağlı qərar verməsi doğru və faydalı olardı".

AzVision.az


Teqlər:





Xəbər lenti